Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülhün müəllifi, quruculuğun memarı: Azərbaycanın postmüharibə strategiyası

Sülhün müəllifi, quruculuğun memarı: Azərbaycanın postmüharibə strategiyası

05.08.2026 [11:50]

Yeni geosiyasi nizamda Bakının əməkdaşlıq və quruculuq modeli Prezident İlham Əliyevin bu ilin 6 ayında səsləndirdiyi prioritetlər...

2026-cı ilin ilk yarısında Cənubi Qafqazda müşahidə olunan siyasi proseslər bir daha göstərdi ki, regionun gələcək inkişafı qarşıdurma deyil, əməkdaşlıq modelindən keçir. Bu yeni reallığın əsas müəllifi isə məhz Azərbaycandır. Vətən müharibəsindən sonra yaranmış geosiyasi vəziyyəti düzgün qiymətləndirən rəsmi Bakı hərbi qələbəni siyasi və diplomatik üstünlüyə çevirməyi bacardı. Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan əldə etdiyi qələbədən revanşizm və ya təzyiq vasitəsi kimi istifadə etmədi. Əksinə, regionda davamlı sülhün, qarşılıqlı etimadın və iqtisadi inteqrasiyanın formalaşdırılmasını dövlət siyasətinin əsas prioriteti elan etdi.

Azərbaycanın irəli sürdüyü sülh gündəliyi təkcə ikitərəfli münasibətlərin normallaşdırılmasına xidmət etmir. Bu təşəbbüs bütövlükdə Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının qurulmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə və regionun qlobal layihələr üçün etibarlı geostrateji məkana çevrilməsinə hesablanıb. Məhz buna görə də Azərbaycanın təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və dəstəklənir.

Bu gün Bakı həm siyasi dialoqun, həm enerji və nəqliyyat əməkdaşlığının, həm də regional sabitliyin əsas mərkəzi kimi çıxış edir. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, beynəlxalq hüquqa söykənən mövqeyi və konstruktiv təşəbbüsləri Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasına ciddi təkan verib. Artıq regionun gələcəyi münaqişə ritorikası ilə deyil, əməkdaşlıq, qarşılıqlı fayda və ortaq inkişaf prinsipləri ilə müəyyənləşir. Bu isə Azərbaycanın postmüharibə dövründə nümayiş etdirdiyi məsuliyyətli dövlətçilik modelinin və uzaqgörən siyasi strategiyasının ən mühüm nəticələrindən biri kimi qiymətləndirilir.

Azərbaycanın yaratdığı yeni reallıqlar regionda sülh üçün tarixi fürsətdir

Sülh prosesi ötən il baş tutan Vaşinqton görüşünün ardından daha dinamik status qazanıb. 2026-cı ilin ilk altı ayı bir daha göstərdi ki, Azərbaycan postmünaqişə dövründə formalaşdırdığı yeni geosiyasi reallıqları qarşıdurmanın deyil, əməkdaşlığın əsasına çevirmək niyyətindədir. Rəsmi Bakı əldə etdiyi hərbi-siyasi üstünlükdən revanşizm siyasəti üçün istifadə etmədi, əksinə, regionda uzunmüddətli sülhün və iqtisadi inteqrasiyanın təmin olunmasına xidmət edən addımlar atdı. Vaşinqton görüşünün ardından irəliləyən dövrdə sülhün bütün ştrixləri açıq şəkildə ortaya qoyulur. Paralel olaraq bu yanaşma həm beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır, həm də Cənubi Qafqazın gələcək inkişafı üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyev bu ilin mayında İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bildirdi ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı: “Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər”.

Göründüyü kimi, bu addımlar, bu fürsətlər, Azərbaycanın Ermənistana münasibətdə nümayiş etdirdiyi konstruktiv mövqe gələcək sülh üçün olduqca möhkəm təməl yaradır. Enerji məhsullarının ixracına şərait yaradılması, eləcə də Azərbaycan ərazisindən Ermənistana yük daşımalarının həyata keçirilməsi üçün tranzit imkanlarının təqdim edilməsi göstərir ki, Bakı münasibətləri qarşılıqlı fayda və regional əməkdaşlıq prinsipləri üzərində qurmağa çalışır. Bu addımlar təkcə iqtisadi deyil, həm də siyasi etimadın formalaşmasına xidmət edən mühüm qərarlar kimi qiymətləndirilə bilər.

Azərbaycan dəfələrlə bəyan edib ki, Cənubi Qafqazın təhlükəsizliyi yalnız sülh, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan münasibətlər sistemi ilə təmin oluna bilər. Bu baxımdan Ermənistan üçün yaranmış yeni reallıqları düzgün qiymətləndirmək və əməkdaşlıq imkanlarından faydalanmaq regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Davamlı sülh yalnız imzalanacaq sənədlərlə deyil, həm də etimadı möhkəmləndirən praktik addımlarla mümkün ola bilər.

Beləliklə, son altı ay ərzində həyata keçirilən siyasi və diplomatik fəaliyyət bir daha sübut etdi ki, Azərbaycan regionda sabitliyin və inkişafın əsas təşəbbüskarlarından biridir. Bakının sülhə sadiqliyi, revanşizmdən uzaq siyasəti və əməkdaşlığa üstünlük verməsi həm regional təhlükəsizliyin möhkəmlənməsinə, həm də Cənubi Qafqazın yeni inkişaf mərhələsinə keçidinə mühüm töhfə verir. Bu siyasət Azərbaycanın sülh gündəliyinə sadiqliyinin və məsuliyyətli regional lider kimi mövqeyinin növbəti təsdiqidir. Amma Ermənistan da ona yaradılan bu şəraiti anlamalı, sülhün vacibliyini dərk etməlidir. Rəsmi İrəvan başa düşməlidir ki, ortada bir sülh varsa, onun müəllifi Azərbaycandır və sülh Azərbaycanın iradəsidir. Prezident İlham Əliyev bu ilin mayında Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdə  bildirib ki, “bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər”.

Böyük Qayıdış və Qarabağın dirçəlişi: quruculuq siyasəti yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi postmüharibə dövrünün ən əlamətdar hadisələrindəndir. Müharibəni şanlı Zəfərlə başa vuran, öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qalib Azərbaycan quruculuq sahəsində də dünyaya nümunə göstərir. Bu proses son 6 ayda da uğurla davam etdirilir. Belə ki, “Böyük Qayıdış” I Dövlət Proqramı çərçivəsində son 6 ayda Qarabağ və Şərqi Zəngəzura köç karvanları sürətlə davam edib, minlərlə sakinin doğma yurduna qayıdışı və məşğulluğu təmin olunub. 2026-cı ilin ilk yarısını əhatə edən bu dövrdə Xankəndi şəhəri, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı (o cümlədən Badara kəndi) və Ağdərə rayonlarına növbəti köç karvanları yola salınıb. Beləliklə, 2026-cı ilin sonuna qədər ümumilikdə 140 min məcburi köçkünün (34 500 ailə) azad edilmiş ərazilərə qaytarılması hədəfi uğurla icra olunmaqdadır. Doğma yurdlarına qayıdan və iqtisadi fəal olan sakinlərdən 10 623 nəfərinin məşğulluğu təmin edilib. Sakinlərin 7 915 nəfəri birbaşa vakansiyalar üzrə işə yerləşdirilib, 1 828 nəfəri isə özünüməşğulluq proqramlarına cəlb olunub. İyun-iyul aylarında köçürülən əhalinin ehtiyaclarını öyrənmək üçün genişmiqyaslı sorğu layihəsi və xüsusi təlimlər keçirilib. Prezident İlham Əliyev bu ilin mayında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdə bildirdi ki, biz qurub-yaradırıq: “İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.

Əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir. Burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq göstərişlər verildi - həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan başqa, Cəbrayıl rayonunda sənaye zonası - “Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə tutmuşuq, 200 hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20 rezident var, artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək, o da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq - biri Ağdamda, biri də Cəbrayılda. Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq”.

Analoji fikirlər Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdə də səsləndirildi - Prezident İlham Əliyev mayın 10-da baş tutan görüşdə bildirdi ki, bu, şəhərdə birinci yaşayış məhəlləsidir, hələ ikinci, üçüncü olacaq: “Bu layihələrin bəziləri təsdiqləndi, bəziləri indi təsdiqlənəcək, inşaat gedəcək. Zəngilanda ermənilər tərəfindən dağıdılmış dediyim o məscidin yanında gözəl, bəlkə də ölkəmizin ən gözəl məscidlərindən biri olan Zəngilan məscidini inşa etdik. Zəngilanda, əslində, birinci yaşayış məntəqəsi qurulmuşdur, Ağalı kəndində. Bu da demək olar ki, Zəngilana xüsusi münasibətin əlaməti idi. İndi onun yanında Məmmədbəyli kəndi salınıbdır. Şəhər genişlənəcək.

Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir. Yenə də azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi - “Dost Aqropark” məhz Zəngilanda yaradılmışdır və mənə verilən məlumata görə, artıq o, öz hədəfinə çatır. Çünki hədəfi 10 min baş cins mal-qara idi, bu hədəfə artıq yaxındır, 6 min hektara yaxın torpaqda da işlər gedir.

Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik”.

Yaşıl enerji zonası: Qarabağ və Şərqi Zəngəzur dayanıqlı inkişafın yeni ünvanıdır

Dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji potensialını da hər zaman ön plana çəkir. Bu istiqamətdə görülən işlər ötən 6 ayda da uğurla davam edib. Prezident  İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdə bildirdi ki, Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək”.

Eləcə də, Zəngilana köçən sakinlər qarşısındakı çıxışında da analoji mövzuya toxundu: “Zəngilan rayonunda görün, beş il ərzində 42 meqavatlıq su elektrik stansiyaları tikilmişdi. Sovet vaxtında bu yox idi. İndi bu, Zəngilanı belə müstəqil şəkildə tam enerji ilə təmin edə biləcək, lap burada 200 min əhali yaşasa belə. Amma biz bütövlükdə artıq sudan 300 meqavatdan çox enerji götürürük. Bir-iki il ərzində Günəşdən də götürəcəyik, ondan da çox”.

Bəli, bütün bu işlər planlı şəkildə davam edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Yaşıl enerji zonası” elan edilmiş azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri göz oxşayır. Bunun nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl texnologiyalar və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi modelə çevrilib və keçirilən monitorinqlərin müsbət dinamikası da bunu bir daha sübut edir. Ölkə Prezidentinin Cəbrayıla səfəri çərçivəsində rayonun Şükürbəyli kəndinin, eləcə də Soltanlı kəndində “Azərenerji” ASC-nin 330 kilovoltluq “Şəfəq” yarımstansiyasının və Laçında su elektrik stansiyalarının açılış mərasimləri keçirilib. Yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Kəlbəcər və Laçın rayonlarında özəl sektor hesabına 4 kiçik su elektrik stansiyasının inşasının, eləcə də Kəlbəcərdə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədilə ölçmə-müşahidə işləri aparılıb. azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat nəinki tamamilə yaşıl enerji hesabına ödənilir, hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülür. Azad edilmiş ərazilərdə indiyədək 2 min 500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8 min kilovatdan çox olan günəş panelləri və 8 mindən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Həmin qurğuların 43 faizi, yəni təqribən, 3 min 500-ü günəş enerjisi ilə işləyən hibrid sistemlərdir.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpaolunan enerji mənbələri ilə zənginliyi artıq beynəlxalq səviyyədə də öz təsdiqini tapıb. Aparılmış son qiymətləndirmələrə əsasən, burada, təxminən, 7 min 200 meqavat külək, 2 min meqavat günəş və 500 meqavata yaxın hidroenerji potensialı mövcuddur. Son illər işğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialının hərəkətə gətirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir. Ötən müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 40-a yaxın kiçik su elektrik stansiyası istismara verilib. Həmin stansiyaların ümumi gücü, təxminən, 307 meqavat təşkil edir. Eyni zamanda, bölgədə 6 yeni hidroelektrik stansiyanın tikintisi planlaşdırılır.  Bu il iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılış mərasimi keçirilib. Ümumilikdə isə, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilib. Bunun da nəticəsində Laçın rayonunun 8-10 meqavatlıq elektrik enerjisi tələbatı tam olaraq yaşıl enerji hesabına qarşılanır.

Azərbaycanın müəyyən etdiyi inkişaf kursu regionun gələcəyini formalaşdırır

2026-cı ilin ilk altı ayında həyata keçirilən addımlar göstərir ki, Azərbaycan postmüharibə dövrünün əsas hədəflərini ardıcıl şəkildə həyata keçirməyə davam edir. Bir tərəfdən sülh gündəliyinin irəli aparılması, regional əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində atılan addımlar, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz bərpa-quruculuq işləri ölkənin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Böyük Qayıdış proqramının uğurla icrası, müasir yaşayış məntəqələrinin salınması, nəqliyyat və enerji infrastrukturunun yaradılması, yaşıl enerji layihələrinin genişləndirilməsi Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialını sürətlə artırır. Bütün bunlar Azərbaycanın yalnız hərbi-siyasi qələbə qazanan dövlət deyil, həm də sülhü, inkişafı və dayanıqlı əməkdaşlığı təşviq edən məsuliyyətli regional aktor olduğunu nümayiş etdirir. Formalaşan yeni reallıqlar göstərir ki, Cənubi Qafqazın gələcək sabitliyi qarşıdurmadan deyil, qarşılıqlı fayda, iqtisadi inteqrasiya və konstruktiv əməkdaşlıqdan keçir. Azərbaycanın həyata keçirdiyi siyasət isə bu yeni inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirən aparıcı amil kimi çıxış edir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31