Regionlarda pambıq yığımı davam edir
11.10.2016 [10:01]
Cari mövsümdə bölgələrdə pambıq becərilən 50 min hektardan artıq sahədən təxminən 100 min ton məhsul tədarükü proqnozlaşdırılır
Azərbaycanın iqtisadi potensialının böyük hissəsi regionlarda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur regionlarda ənənələri dirçəltməklə istehsal imkanlarının genişləndirilməsinə münbit şərait yaradıb. Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, regionlarda aqrar sektorun perspektivli sahələrinin inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm daşıyır. Təsadüfi deyil ki, cari ilin əvvəlindən başlayaraq respublikanın regionlarında əmək tutumu kifayət qədər geniş olan texniki bitkilərin becərilməsinin diqqət mərkəzində saxlanılması bölgələrdə böyük canlanma yaradıb və iqtisadi fəallığı nəzərəçarpacaq dərəcədə artırıb.
Regionlarda pambıqçılığın keçmiş şöhrəti geri qaytarılır
Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Pambıqçılığa diqqət çəkən başqa bir amil isə satış bazarları ilə bağlıdır. Məlumdur ki, hazırda qlobal miqyasda satış bazarları uğrunda sərt rəqabət gedir. Pambıq isə elə bir strateji məhsuldur ki, onun satışı ilə bağlı hər hansı problem yoxdur, dünya birjalarında bu məhsula həmişə böyük tələbat var. Qeyd edək ki, cari ildən etibarən 24 rayonda pambıqçılıq inkişaf etdirilir. 2015-ci ildə 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. 2016-cı ilin əvvəlindən bəri görülmüş tədbirlər nəticəsində isə 50 min hektardan çox sahədə pambıq əkini təmin edilib. Cari ildə pambıqçılıqda 100 min ton məhsul yığılması gözlənilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkədə haqqında bəhs olunan sahənin inkişafından məmnunluğunu ifadə edərək bildirib ki, pambıqçılıqla bağlı işlər uğurla gedir.
Respublikanın ayrı-ayrı rayonlarında isə pambıq əkini və becərilməsi daha intensiv şəkildə həyata keçirilir. Respublikamızda pambıq əsasən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu, Neftçala rayonlarında becərilib. Cari ildə Sabirabad rayonunda 6113 hektar sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilib. Mütəxəssislərin keçirdiyi baxışın nəticələrinə görə, cari ildə hər hektardan 20 sentner olmaqla, rayon üzrə 12 min ton məhsul istehsalı gözlənilir.
Cari ilin əvvəlindən Ağcabədi rayonunda pambıq əkini dövriyyəsinin artırılması məqsədilə bütün qüvvələr səfərbər olunub, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, keçmiş qabaqcıl təsərrüfat işçiləri, bu işə cəlb edilmiş pambıq əkini ilə məşğul olan şirkətlərlə əlaqəli iş qurulub. Nəticədə bu il rayon üzrə ötən illə müqayisədə 2,5 dəfə çox, yəni 3661 hektar sahədə pambıq əkilib.
Pambıqçılığın inkişafında qabaqcıl təcrübənin tətbiqi mühüm rol oynayır
Respublikamızda pambıqçılığın inkişafında qabaqcıl təcrübənin tətbiqinə geniş meydan verən müasir təsərrüfat subyektlərinin fəaliyyətinin önəmini xüsusi vurğulamaq lazımdır. “MKT İstehsalat Kommersiya” MMC respublikanın müxtəlif regionlarında pambıq əkilən sahələrin genişləndirilməsinə, bu sahədə qabaqcıl təcrübənin və innovativ metodların tətbiqinə öz töhfəsini verir. “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz Camalovun məlumatına əsasən, MKT tərəfindən 24 rayon üzrə 31474 hektar sahədə pambıq əkini aparılıb. Bunun 5000 hektarı MKT-nin innovasiya təsərrüfatlarında, qalan 26474 hektarı isə 2949 fermerlə bağlanan müqavilələr əsasında əkilib. Ümumilikdə şirkət üzrə 30713 hektar sahədə çıxış alınıb. Pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilən texnikaların güzəştli şərtlərlə satılması fermerlərin daha çox qazanc əldə etməsinə zəmin yaradıb. Hazırda MKT şirkəti 2817 ədəd texnika ilə fermerlərə xidmət göstərməkdədir. Şirkət tərəfindən dəyəri 2 094 425 ABŞ dolları olan 690,475 ton yüksək reproduksiyalı, məhsuldar pambıq toxumu idxal edilib və mövsüm üçün toxum tələbatı tam ödənilib.
Cari mövsümdə MKT tərəfindən sahələrdən 65000 tondan artıq pambığın toplanması gözlənilir ki, bu da respublika üzrə tədarük ediləcək məhsulun 65 faizi deməkdir. Xam pambıq 13 qəbul məntəqəsində tədarük, 10 pambıqtəmizləmə zavodunda isə emal ediləcək.
“CTS AGRO” MMC tərəfindən isə 2016-cı il mövsümündə respublikanın 18 rayonunda fəaliyyət göstərən 1254 fermerlə bağlanmış müqavilələr əsasında 17 min 352 hektarda, o cümlədən 2796 hektarı MMC torpaqları olmaqla, pambıq əkilib. Görülmüş tədbirlər nəticəsində 2015-ci illə müqayisədə pambıq əkini sahələri təxminən iki dəfə artıb.
“CTS AGRO” MMC-nin tabeliyində 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, Biləsuvar rayonunda təcrübə-sınaq təsərrüfatı və Şirvan pambıq emalı zavodunda yağ emalı sexi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, Biləsuvar rayonundakı təcrübə-sınaq təsərrüfatında 2227 hektar sahə müasir tələblərə cavab verən pivod qurğularından ibarət suvarma sistemi ilə təmin olunub ki, bu da yüksək məhsuldarlıq əldə etməyə imkan yaradır. MMC-nin mülkiyyətində 650 ədəd kənd təsərrüfatı texnikası var. Lakin pambıq əkini sahələrinin artırılması ilə əlaqədar “Aqrolizinq” xətti ilə əlavə olaraq 245 ədəd yeni, müasir, müxtəlif kənd təsərrüfatı texnikaları da alınaraq fermerlərin istifadəsinə verilib.
2016-cı il mövsümü üzrə “CTS AGRO” MMC-nin zavod və məntəqələrində aparılmış bioloji məhsuldarlıq göstəricisinə əsasən, təxminən 35 min ton xam pambığın tədarük edilməsi və nəticədə pambıq emalından əldə olunan mahlıc və digər məhsulların satışından ölkəyə təxminən 23 milyon ABŞ dolları həcmində valyuta daxil olması gözlənilir.
Fermerlər əldə olunan nəticələrdən razıdırlar
Hazırda regionlarda pambıq yığımının qızğın çağıdır. Digər rayonlarda olduğu kimi, İmişlidə də pambıq yığımı sürətlə davam edir. Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il rayonda 5 min 51 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 2 min 551 hektar olub. Mütəxəssislər builki hava şəraitini həm çiyidin vegetasiyası, həm də yığım üçün əlverişli hesab edirlər. Eyni zamanda, İmişlidə pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada lazımi qulluq göstərildiyindən tarlalarda bol məhsul yetişib. Artıq bir neçə həftədir ki, fermerlər məhsul yığımı ilə məşğuldurlar. Təcrübəli fermer Rauf Vəliyev bildirib ki, dövlətimizin başçısının qeyri-neft sektoruna verdiyi dəstək kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də marağı qat-qat artırıb. Pambığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən edilən güzəştlər, verilən əlavə subsidiyalar öz bəhrəsini verir. İndi sahələrdə ötən ildəkindən çox məhsul var və orta hesabla hər hektardan 25-30 sentner məhsul götürmək mümkün olacaq.
Kürdəmir rayonunda da pambıq yığımı uğurla aparılır. Artıq sahələrə Amerikanın “Lohn Deere” şirkətinin istehsalı olan pambıqyığan maşınlar da çıxarılıb. Texnikalar ilkin olaraq Karrar qəsəbəsi ərazisindəki sahələrə cəlb edilib. Ümumən, rayonda maşınla yığılacaq ərazilər 1000 hektardan çoxdur. Pambıqyığan maşınlar məhsulun daha tez yığılmasında fermerlərə böyük kömək olacaq.
Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumatda bildirilir ki, builki mövsümdə 1911 hektarda pambıq yetişdirilib və hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, 400 tondan çox məhsul yığılıb. “Ağ qızıl”ın yığılmasında hazırda 500-dən çox işçi qüvvəsi çalışır.
Zərdab rayonunda bu il 832 hektar sahədə pambıq yetişdirilib. Plantasiyaların 50 hektarı fermer Mirnamiq Aslanova məxsusdur. “Ağ qızıl”ın toplanmasında fermer təsərrüfatı ciddi səy göstərir. Təsərrüfatda indiyədək 20 ton məhsul yığılıb. Fermer bu göstəricini 100 tona çatdırmaq əzmindədir.
Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Ağsu rayonunun ucqar yaşayış məntəqələrindən olan Ərəbmehdibəy kəndində fermer Şəfa Şirazovun da bu ənənəvi təsərrüfat sahəsinə marağını artırıb. Ağsulu fermer cari mövsümdə 120 hektarda “ağ qızıl” yetişdirib. Hazırda təsərrüfatda məhsul yığımının qızğın çağıdır. Hər gün sahələrə 50 nəfərədək işçi çıxır. Hələlik 20 ton məhsul toplanıb. Yığılan pambıq MKT İKF-nin Ucar filialı tərəfindən qəbul edilir.
Respublikamızda pambıqçılığı daha geniş inkişaf perspektivləri gözləyir
Respublikamızda pambıqçılığın inkişaf perspektivləri isə daha genişdir. Ölkədə pambıqçılığın inkişaf perspektivlərindən söhbət açan Prezident İlham Əliyev deyib: “Biz çalışmalıyıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, iş yerləri deməkdir. Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq, bu sahədə 100 mindən çox, bəlkə də, 150 min insan işlə təmin ediləcək”.
Pambıqçılığın inkişafı məqsədilə görülən tədbirlər sırasında pambığın alış qiymətinin artırılmasını xüsusi qeyd etmək lazımdır. İndi fermerlər pambıqçılığa gəlirli sahə kimi yanaşırlar və gələcəkdə pambıq əkilən sahələri daha da genişləndirmək niyyətindədirlər. Subsidiyaların verilməsində də ciddi addımların atıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, bu yaxınlarda əlavə vəsait ayrıldı. Ondan əvvəl pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırıldı: “Yəni biz bunu ona görə edirik ki, o ağır sahədə işləyənlər daha yaxşı pul alsınlar. On qəpik artım artıq orada işləyənlərin gəlirini iki dəfə artıracaq. Eyni zamanda, biz indi elə bir mexanizm işləmişik ki, bu, kəndliləri, fermerləri stimullaşdıracaq və onlar özləri buna daha böyük maraq göstərəcəklər”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 Noyabr 22:30
Elm
27 Noyabr 22:19
Maraqlı
27 Noyabr 21:53
Dünya
27 Noyabr 21:25
Elm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38

