Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanla İordaniya arasında güclü siyasi təmaslar mövcuddur

Azərbaycanla İordaniya arasında güclü siyasi təmaslar mövcuddur

19.05.2010 [10:17]

Rəsmi Əmman ölkəmizlə hərbi sahədə sıx əməkdaşlıq qurmaq niyyətini bəyan edir
İordaniya hökuməti Azərbaycanla ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatması üçün səylərini gücləndirmək niyyətindədir. ölkəmizdə səfərdə olan İordaniya Kralı II Abdullah bildirib ki, dost və qardaş ölkə hesab etdikləri Azərbaycanla sıx təmasların daha da möhkəmləndirilməsi onlar üçün əsas prioritetlərdəndir. Respublikamızın ən yaxın strateji müttəfiqlərindən birinə çevrilən İordaniya həm ikitərəfli, həm də regional əməkdaşlığın yeni komponetlərinin yaradılmasını təklif edir. İordaniya Kralı II Abdullah bildirib ki, hər iki tərəf güclü siyasi iradəyə malikdir və bölgədə geniş əməkdaşlıq dəhlizlərinin yaradılmasında təşəbbüskar kimi çıxış edirlər. Eyni zamanda, tərəflər bütün prinsipial məsələlərdə ən yüksək səviyyədə bir-birini dəstəkləyirlər.
Kral II Abdullahın ölkəmizə səfəri zamanı müzakirə olunan məsələlər və imzalanan sənədlər əməkdaşlığın miqyasının daha da böyüməsinə, eyni zamanda, perspektiv münasibətlərin pozitiv dinamikasına əlavə impuls vermiş olacaq. Azərbaycan Prezidenti İlham Əliyev isə İordaniyanın ölkəmiz üçün ən yaxın dost və qardaş dövlətlərdən biri olduğunu deyib və tərəflər arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, hər iki ölkə arasında güclü siyasi təmaslar mövcuddur, siyasi dialoq isə çox fəaldır və yüksək dinamika üzrə inkişaf edir. Prezident İlham Əliyev Kral II Abdullahın səfərinin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın enerji resurslarının nəqlində yürütdüyü diversifikasiya siyasətini dəstəkləyən İordaniya Qərb-Şərq marşrutlarının genişləndirilməsinin tərəfdarı olduğunu bəyan edib. ümumiyyətlə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və enerji-nəqliyyat məkanına çevrilməsi İordaniyanın marağını artırıb. Rəsmi Əmman ikitərəfli əlaqələri möhkəmləndirmək məqsədilə qarşılıqlı layihələr həyata keçirmək və biznes-forumların təşkilini təklif edir. Yaxın vaxtlarda hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi nəzərdə tutulur. İordaniya hökuməti hesab edir ki, əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmaq üçün birgə layihələr gerçəkləşdirilməlidir. Hazırkı situasiya imkan verir ki, ticarət münasibətlərini bir neçə dəfə artırmaq mümkün olsun, çünki bu əlaqələrin inkişafı üçün əlverişli zəmin yaranıb.
Qeyd edək ki, müxtəlif dövlətlərdə İordaniyanın tikinti, kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq sahələrində yüksək inkişaf etmiş 200-dən çox şirkəti fəaliyyət göstərir ki, onların təqdim etdikləri layihələrin Azərbaycanda reallaşması mümkündür.
Azərbaycan və İordaniya mövcud iqtisadi potensialdan faydalanmaq və imkanları səfərbər edərək birgə layihələr həyata keçirmək niyyətindədirlər. Yaxın Şərqin ən inkişaf etmiş ölkələrindən biri kimi İordaniya artıq 4 ildir ki, dünya iqtisadiyyatına və Avropa bazarlarına sıx inteqrasiya oluna bilib. 2002-ci ildə ümumdünya Ticarət Təşkilatının (üTT) sıralarına daxil olan bu ölkə artıq ərəb dövlətləri ilə deyil, həm də Asiya və Avropanın inkişaf tempinə görə, nəhəng ölkələri ilə əlverişli ticarət münasibətlərinə malikdir. Azərbaycan üTT-yə üzv olmaq istiqamətində aparılan danışıqlarda İordaniyanın da köməyindən bəhrələnəcəyini istisna etmir. Yaxın Şərq regionunda və ümumilikdə ərəb ölkələri içərisində azad iqtisadi zonaların (AİZ) yaradılmasında üstünlüyünə görə seçilən İordaniyanın təcrübəsi respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda, İordaniyanın Qırmızı dəniz sahilində yerləşən Akraba şəhərindəki AİZ-lərin təcrübəsi təhlil edilir və respublikamızın cənub zonasında, eləcə də, Sumqayıt yaxınlığında belə bir zonaların təşkili diqqət mərkəzində dayanır. Yeri gəlmişkən, Azərbaycan təklif edir ki, Dövlət İnvestisiya Şirkətinin hazırladığı iqtisadi layihələrdə iordaniyalıların iştirakı təmin olunsun.
Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ölkəmizin prinsipial mövqeyini müdafiə edən İordaniya Dağlıq Qarabağ münaqişəsinin birmənalı şəkildə ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bəyan edib. Rəsmi Əmman Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını və ölkəmizin müstəqilliyinə, suverenliyinə qarşı yönələn addımların yolverilməzliyini xatırladır. İordaniya BMT-nin işğal olunmuş Azərbaycan ərazilərinə dair qəbul etdiyi qətnamədə ölkəmizin lehinə səs verib, münaqişənin həlli ilə bağlı digər beynəlxalq tədbirlərdə respublikamızı dəstəkləyib.
Onu da qeyd edək ki, İordaniya hazırda hərbi sahədə əməkdaşlıq etdiyi dövlətlər sırasında Azərbaycana xüsusi önəm verir. Bu günlərdə Əmmanda keçirilən və Yaxın Şərqin ən böyük hərbi sərgilərindən olan “SOFEX-2010” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanın nümayiş etdirdiyi hərbi məhsullar bütün dövlətlərin nümayəndələrində, o cümlədən, İordaniya hökumətinin üzvlərində dərin maraq oyadıb. Bunun nəticəsidir ki, Kral II Abdullah da ölkəmizə səfəri çərçivəsində elektron hesablayıcı maşınlar zavoduna gedib və burada istehsal olunan hərbi təyinatlı məhsullarla tanış olub. Azərbaycanın istehsal etdiyi zirehli maşınlar, “İstiqlal” snayperi, iriçaplı snayper tüfəngləri, “Zəfər” və “Zəfər K” tapançaları, ikili təyinatlı minaatanlar, “Motodor” maşınları və digər müxtəlif növ zirehli texnikalar İordaniya Kralında böyük maraq doğurub. İordaniyanın dövlət başçısı hərbi sahədə ölkəmizlə sıx əməkdaşlıq qurmaq niyyətini bəyan edib.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31