Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

16.03.2016 [09:58]

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Türkiyə Respublikasına işgüzar səfərə gəlib.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
* * *
Martın 15-də Ankarada Türkiyə Respublikası Prezidentinin Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.
Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident İlham Əliyev əsgərləri salamlayıb.
Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.
* * *
Ankarada rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının əlaqələrimizin daha da dərinləşməsi işinə xidmət etdiyi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
* * *
Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda çıxış edərək deyib: “Əziz qardaşım, cənab Prezident Əliyev.
Nümayəndə heyətinin dəyərli üzvləri.
Sizi ən səmimi hisslərimlə, məhəbbətlə, hörmətlə salamlayıram. Sizi ikinci vətəniniz olan Türkiyədə qonaq qəbul etməkdən böyük məmnuniyyət hissi keçirdiyimi xüsusilə vurğulamaq istəyirəm. Millətimizin və ölkəmizin bu çətin günündə - Ankaranın mərkəzində, Kızılayda tamamilə mülki əhaliyə qarşı həqiqətən çox ciddi terror aktı - terrorçu-intiharçının törətdiyi hücumla bağlı göstərdiyiniz həmrəyliyə görə öz adımdan və millətimiz adından təşəkkür edirəm. Bu gün Siz mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını yaşayaraq bunu açıq-aşkar nümayiş etdirdiniz. Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm.
Builki iclasımızın Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ilində keçirilməsi xüsusi bir məna daşıyır. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, ötən 25 ildə keçdiyiniz inkişaf yolu və əldə etdiyiniz müvəffəqiyyətlərlə bağlı biz də ən azı sizin qədər qurur duyuruq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasına dəyərli qardaşım, hörmətli Əliyev ilə birlikdə sədrlik etməkdən böyük məmnuniyyət duyuram. Bu gün apardığımız və aparacağımız müzakirələrin ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm.
Sizinlə təkbətək görüşümüzdə ətraflı fikir mübadiləsi apardıq. Eyni zamanda, heyətlərimizin üzvləri də həmkarları ilə görüşlər keçirdilər. Hörmətli nazirlərimiz bu görüşlərin nəticələrini bir azdan sonra Şuraya təqdim edəcəklər. Dünya iqtisadiyyatındakı böhranların hələ də davam etdiyini, maliyyə sabitliyinin hələ də təmin olunmadığını hamımız görürük. Bu mənzərə qarşısında bugünkü iclasımız çox böyük önəm və dəyər daşıyır.
Türkiyə bütün sahələrdə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Şükürlər olsun ki, ikitərəfli əlaqələrimiz bir çox ölkənin qibtə etdiyi və nümunə götürdüyü səviyyədə davam edir. Bu iclasımız, inşallah, mövcud əməkdaşlığımızı daha da inkişaf etdirəcək və möhkəmləndirəcək. İclasımızın əsas mövzuları enerji, nəqliyyat, iqtisadiyyat və hərbi təhlükəsizlik, yəni, müdafiə sahəsində əməkdaşlıq olaraq müəyyənləşdirilib. Dünyadakı hazırkı iqtisadi və siyasi vəziyyəti nəzərə aldıqda mən bu məsələlərin çox dəqiq seçildiyini vurğulamaq istəyirəm.
Əziz qardaşım, son illərdə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Ötən il ilk Avropa Oyunlarının açılışını möhtəşəm təşkil etdiniz. Açılışda ən az sizin qədər biz də qürur duyduq, iftixar hissi keçirdik. İnşallah, bu il də BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfər edəcəyik. Həmçinin Sizin 2016-cı ili “Multikulturalizm ili” elan etdiyinizi bilirəm. Məlumdur ki, diskriminasiya, ksenofobiya və İslamafobiya kimi irqçi meyillər dünyada yenidən fəallaşıb. Bu baxımdan ev sahibliyi edəcəyiniz BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun çox mühüm əhəmiyyət daşıdığını düşünürəm. Forumun uğur qazanması üçün Sizinlə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində çalışacağıq. Bilirsiniz ki, biz də ilk dəfə təşkil ediləcək Dünya Humanitar Zirvə Toplantısına mayın 23-24-də İstanbulda ev sahibliyi edəcəyik. İnşallah, Sizi orada qəbul edəcəyimə ümidvaram. Aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı İstanbulda keçiriləcək. Sizi həmin Zirvə Toplantısında da görməkdən böyük məmnunluq duyacağam. Çünki builki Zirvə Toplantısında müzakirə olunacaq məsələlər mühüm əhəmiyyət kəsb edir.
Əhəmiyyət verdiyim digər məqam isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin və təsir dairəsinin daha da artırılmasıdır. Asiya iqtisadi və ticari baxımdan XXI əsrin mərkəzinə çevrilir. Qafqaz bölgəsi isə Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat, ticarət və enerji marşrutlarından biri kimi get-gedə daha çox diqqət mərkəzinə çevrilir. Bu baxımdan tarixi “İpək yolu”nun bərpası və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlər qətiyyətlə davam etdirilməlidir. Azərbaycanın həmin layihələr üzrə qovşaq və yolların kəsişməsində yerləşməsi baxımından mühüm rolu var. Başda Bakı və Ələt limanlarında aparılan işlər olmaqla, logistik dəhlizi əhatə edən bütün layihələrdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində işləmək istəyirik.
Digər mühüm məsələ isə Azərbaycanın enerji resurslarının təhlükəsiz şəkildə Avropaya çatdırılmasıdır. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün TANAP layihəsi üzrə səmərəli əməkdaşlığımız var. Hazırkı dövrdə “Cənub” qaz dəhlizinin əhəmiyyəti daha da artıb. Bu dəhlizin onurğa sütununu isə TANAP təşkil edir. Bu baxımdan layihə mümkün qədər qısa vaxtda həyata keçirilməlidir.
Biz vətəndaşlarımızın təhlükəsizliyinə qəsd edən, ölkəmizi təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Bu məsələdə Azərbaycanın bizi dəstəklədiyini bilirik. Bu gün buraya gələrək bunu sübut etdiniz. Həm də əsl dostluğun və qardaşlığın nə demək olduğunu bizə göstərdiniz. Millətimiz bunu heç vaxt unutmayacaq. Bu düşüncələrlə Sizi və nümayəndə heyətinizin üzvlərini bir daha salamlayıram və sözü Prezident, əziz qardaşım İlham Əliyevə verirəm”.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Hörmətli cənab Prezident, əziz qardaşım.
Mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
İlk növbədə iki gün əvvəl Ankarada törədilmiş dəhşətli terror aktı nəticəsində həlak olanlara Allahdan rəhmət diləmək istəyirəm. Həlak olanların yaxınlarına Allahdan səbir diləyirəm. Bu dəhşətli terror aktı bizi də sarsıtdı. Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də türk xalqı ilə birlikdədir. Biz həmrəyik, dostuq, qardaşıq. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığı dayanır. Yaxşı günlərdə də, ağır günlərdə də biz hər zaman bir-birimizin yanındayıq.
Siz də qeyd etdiyiniz kimi, bu il Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcək. Bizim müstəqilliyimizi tanıyan ilk ölkə Türkiyə olmuşdur. O gündən bu günə qədər bizim əməkdaşlığımız dərinləşir, inkişaf edir və bu gün strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir.
Biz bir çox sahələr üzrə ciddi fəaliyyət göstəririk. Siz qeyd etdiyiniz kimi, təhlükəsizlik, terrora qarşı mübarizə sahələrində, enerji, nəqliyyat, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığımızın çox gözəl tarixi var və əminəm ki, bu əməkdaşlıq getdikcə daha da dərinləşəcək.
Türkiyənin son illər ərzində sürətli inkişafı da bizi sevindirir. Türkiyə bu gün dünya miqyasında güclü ölkələr sırasındadır. Türkiyənin bütün dostları buna sevinirlər, ilk növbədə Azərbaycan xalqı buna sevinir.
Keçən ilin noyabr ayında Sizin rəhbərliyinizlə G20 toplantısı keçirilmişdir. Bu da ölkənizin növbəti böyük zəfəri idi. Biz fəxr edirik ki, Azərbaycan bu toplantıya dəvət olunmuşdur. Siz bir daha öz qardaşlığınızı göstərdiniz. Çünki Siz bir ölkəni dəvət edə bilərdiniz, o ölkə də Azərbaycan oldu. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.
Bir sözlə, bizim əlaqələrimizin gələcək inkişafı üçün bütün imkanlar vardır. Bu gün birgə icra etdiyimiz layihələr bizi daha da möhkəmləndirir. Enerji sahəsində, qeyd etdiyiniz kimi, TANAP layihəsinin icrası artıq reallaşıb və əminəm ki, vaxtında icra ediləcək. Biz TANAP layihəsinə Sizinlə bərabər 2012-ci ildə İstanbulda start verdik. Ondan sonra TANAP layihəsi əsasında “Cənub Qaz Dəhlizi” layihəsi də yaranmışdır?”.
* * *
İclasda ölkələrimiz arasında həyata keçirilən enerji, nəqliyyat layihələrinin icrası, qarşılıqlı investisiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
* * *
AZƏRTAC xəbər verir ki, martın 15-də Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”nu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu imzalayıblar.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyə Respublikası Baş nazirinin müavini Yalçın Akdoğan imzalayıblar.
* * *
Martın 15-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı: “Hörmətli Prezident, əziz qardaşım İlham Əliyev.
Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri.
Hörmətli nazirlər, mətbuat nümayəndələri.
Sizi ən səmimi hisslərimlə, sevgi və ehtiramla salamlayıram.
Əziz qardaşım İlham Əliyevə və çox hörmətli nümayəndə heyətinin üzvlərinə şəxsən öz adımdan və millətim adından ölkəmizə, paytaxtımıza “Xoş gəldiniz!” deyirəm.
Çıxışımın əvvəlində azərbaycanlı qardaşlarımıza terror hücumundan sonra Ankaraya gələrək göstərdikləri güclü həmrəyliyə görə təşəkkürümü çatdırıram. Biz bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını əslində Bakıda keçirməli idik. Ancaq sağ olsun qardaşım Əliyev bu hadisə ilə əlaqədar dedi ki, biz gələk və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını Bakıda deyil, təkrar olsa da Ankarada keçirək.
Mən bu səfəri, bu gün burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını həm bu hadisə ilə bağlı birlikdə gücümüzü, həmrəyliyimizi, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirirəm. Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu iclasının Ankaramızda keçirilməsini çox təqdirəlayiq hesab edirəm və mərhum Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” anlayışının daha bir təzahürü olduğunu bildirirəm. Qardaşım İlham Əliyev Azərbaycanın millətimizin dar günündə dostu olduğunu bir daha göstərdi. Buna görə Ona dərindən təşəkkürümü bildirirəm.
Mən burada verilən mesajın əslində hamı tərəfindən diqqətlə oxunmasını arzu edirəm. Terrora dəstək verməyi, terrorçuya pərdə olmağı azadlıq deyə təqdim edənlər, cənazələrimiz dəfn olunmamış siyasi maraq güdənlər bu qardaşlıq mesajından lazımi dərs çıxarmalıdırlar. Belə hadisələr və bildirilən etirazlar məsələnin əsl mahiyyətinin məkan birliyi deyil, bir ruh və könül birliyi olduğunu açıq-aşkar ortaya qoyur. Burada bir məqamı bir daha xüsusi qeyd etmək istəyirəm. Bazar günü törədilən terror aktı bütün Türkiyəyə, 79 milyon insana qarşı törədilmiş bir hücumdur.
Bu hücumla terror təşkilatı cani və mənfur üzünü bir daha göstərdi. Hücumun hədəfi millətimizin arasına qorxu toxumu səpmək, Türkiyəni hədəfindən, müqəddəs addımlarından, məqsədlərindən çəkindirməkdir. Amma bunu əsla bacara bilməyəcəklər, bu, mümkün deyil.
Terrordan alət kimi istifadə edənlər, məsum insanların qanını axıdanlar Türkiyəni əsla diz çökdürə bilməyəcəklər. Tam əksinə, özləri diz çökəcəklər. İnşallah, millət olaraq dost və qardaş ölkələrin dəstəyi ilə bu sıxıntıları da geridə qoyacağıq. Yeni Türkiyəni hamımız birlikdə inşa edirik və edəcəyik.
Mən başda əziz qardaşım Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarıma millətimiz adından təşəkkür edirəm. Biz də Türkiyə olaraq işğal altında saxlanılan Dağlıq Qarabağ başda olmaqla bütün sahələrdə azərbaycanlı qardaşlarımızın yanında olmağı qətiyyətlə davam etdiririk və etdirəcəyik.
Hörmətli mətbuat nümayəndələri, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu gün beşinci iclasını keçirdik. Bu iclasımızda enerji, nəqliyyat məsələlərini birlikdə müzakirə etdik. Bununla yanaşı, müdafiə, hərbi və bütün bu istiqamətlərdə əməkdaşlığı müzakirə etdik. Bir az əvvəl də gördüyünüz kimi, altı müqaviləni imzaladıq. Bunlardan biri “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”dur. İkincisi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”, üçüncüsü isə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş” idi. Dördüncüsü, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”, beşincisi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”, altıncısı da “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu” idi.
Bütün bu fəaliyyətlə bərabər, 25 il ərzində Azərbaycanın çatdığı səviyyəni, nail olduğu uğurları türkiyəli qardaşları olaraq daim təqdir etdik və təqdir edirik. Burada Azərbaycanın müstəqilliyinin həqiqi memarı mərhum Heydər Əliyevi bir daha rəhmətlə yad edirəm. Onun qoyub getdiyi mirasa əziz qardaşım İlham Əliyev böyük müvəffəqiyyətlə sahib çıxdı və sahib çıxır. Bugünkü iclasımızın, keçirdiyimiz görüşlərin, qəbul etdiyimiz qərarların Azərbaycanın bu sürətli inkişafına dəstək olacağına inanıram.
Bir az əvvəl əziz qardaşımla təkbətək görüşdə ətraflı müzakirələr apardıq. Ondan sonra nümayəndə heyətləri arasında görüş keçirdik. Nazirlərimiz öz aralarında gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr apardılar. Bildiyiniz kimi, ilboyu nazirlərimizin görüşləri keçirilir və prezidentlərin də iştirakı ilə bir il Azərbaycanda, bir il Türkiyədə olmaqla bu iclaslar davam edir.
İclasımızda təbii ki, terrorla mübarizə istiqamətində nə iş görə biləcəyimizi də müzakirə etmək imkanımız oldu. Dünya iqtisadiyyatında və bölgəmizdə geosiyasi proseslər, əlbəttə ki, hamımıza təsir edir. Buna qarşı ortaq tədbirlərimiz nələr olar bilər - bunu da müzakirə etmək imkanımız oldu.
Qarşıdakı günlərdə cənab Əliyev ilə mühüm tədbirlərlə əlaqədar yenidən görüşlərimiz olacaq. Bilirsiniz ki, qarşıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı keçiriləcək. Bu Zirvə Toplantısında Onu yenə İstanbulda, inşallah, qəbul edəcəyik. Bildiyiniz kimi, bizim cənab Zapatero ilə başlatdığımız mədəniyyətlərarası dialoq məsələsi var. Bunun üçün də aprelin 25-26-da, inşallah, Bakıda olacağam. Orada həmin tədbirlərdə birlikdə olacağıq. Ondan sonra digər beynəlxalq tədbirlərdə, o cümlədən bu ayın sonunda Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində birlikdə iştirak edəcəyik və orada baxışlarımızı beynəlxalq ictimaiyyətlə bölüşəcəyik.
İslamafobiyanın, ksenofobiyanın və irqçiliyin gücləndiyi bir dövrdə inanıram ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dünyaya mühüm mesajı Bakıdan verəcəkdir. Prezident İlham Əliyevi 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar təbrik edirəm. Bununla yanaşı, qardaşım Əliyevi may ayında İstanbulda ev sahibliyi edəcəyimiz, ilk dəfə keçiriləcək Dünya Humanitar Zirvə toplantısına də dəvət etdim. Ümid edirəm ki, proqramı imkan versə, orada birlikdə olarıq.
Hörmətli mətbuat nümayəndələri, Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz ən mühüm layihə, bildiyiniz kimi, TANAP-dır. TANAP-da işlər əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq sürətlə irəliləyir. Hətta layihənin nəzərdə tutulan müddətdən əvvəl tamamlanması üçün çalışırıq. TANAP-ın onurğa sütununu təşkil edən “Cənub” qaz dəhlizi məsələsində də bütün tərəfdaşlarla sıx əlaqədə çalışırıq. Bu münasibətlə fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısını keçirdiyi üçün Azərbaycanı təbrik edirəm.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də nəqliyyat sahəsindəki mühüm layihəmizdir. Londondan Pekinə qədər dəmir yolu nəqliyyatını mümkün edəcək layihənin, inşallah, dekabrda birlikdə açılışını edəcəyik. Beləliklə də, bu nəhəng layihə açılışı ilə dünyaya önəmli bir mesaj olacaqdır.
Ticari əlaqələrimizə gəldikdə, qlobal iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi 2015-ci ildə inkişaf tempinə təsir etdi. Buna baxmayaraq, 2023-cü il üçün 15 milyard dollarlıq hədəfimizi qüvvədə saxlayırıq və bunu həyata keçirmək üçün, inşallah, lazım olan tədbirləri görəcəyik.
Qarşılıqlı sərmayə qoyuluşu hazırda 13 milyard dollar səviyyəsindədir. Bunu da artıraraq, inşallah, beş ildə 20 milyard dollar səviyyəsinə çatdırmağı planlaşdırırıq. İclasımızda xüsusilə Naxçıvanın artan ixracat potensialını dəyərləndirərək müştərək fəaliyyətə qərar verdik. İstər Naxçıvanın məhsullarını ölkəmizdə görmək, istərsə də onun turizm imkanlarından yararlanmaq mühüm istiqamətdir. Bilirsiniz ki, Naxçıvanda turizm baxımından çox önəmli məkanlar var. Vətəndaşlarımıza Naxçıvanı bu baxımdan öz səfər proqramlarına daxil edərək gəzmələrini, xüsusilə duz mağaralarında müalicə olunmaları ilə bağlı təklifimi də buradan xüsusi xatırladıram. Əziz qardaşımla həmin duz mağaralarını birlikdə gəzdim, gördüm. Ona görə də eşidərək deyil, görərək söyləyirəm. Bu baxımdan müəyyən bir təcrübə vardır.
Görüşlərimizdə hərbi sənaye və təhlükəsizlik məsələlərini bir daha müzakirə etdik. Müdafiə sənayesi sahəsində bəzi konkret addımların atılmasını qərarlaşdırdıq. Qarşıdakı aylarda keçiriləcək üçüncü Türkiyə-Azərbaycan Müdafiə Sənayesi Əməkdaşlığı Toplantısının bu baxımdan mühüm fürsət olacağına inanıram.
Bu düşüncələrlə çıxışımı yekunlaşdıraraq əziz qardaşım, cənab Prezident Əliyevə göstərdikləri alicənablığa və qədirbilənliyə görə şəxsən öz adımdan, millətim adından bir daha təşəkkürümü ifadə edirəm və sözü Ona verirəm”.
* * *
Prezident İlham Əliyevin bəyanatı: “Əziz qardaşım, hörmətli Cümhurbaşqanı.
Əziz dostlar.
İlk növbədə, iki gün bundan öncə Ankarada törədilmiş amansız terror aktı ilə əlaqədar Azərbaycan xalqı və dövləti adından qardaş türk xalqına başsağlığı vermək istəyirəm. Allah ölənlərə rəhmət eləsin, yaralananlara şəfa versin. Qurbanların yaxınlarına, qohum-əqrəbalarına Allah səbir versin.
Bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda, türk xalqının iradəsinə təsir edə və Türkiyəni haqq yolundan döndərə bilməz.
İyirmi beş ildir ki, Türkiyə və Azərbaycan birlik, həmrəylik göstərir. İyirmi beş il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və bizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bu, əslində, başqa ölkələrə də bir tövsiyə idi və ondan sonra Azərbaycanı müstəqil dövlət kimi tanıma prosesi sürətlə getməyə başlamışdır. Bu illər ərzində biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik.
Əziz qardaşım qeyd etdiyi kimi, biz bütün sahələrdə uğurla əməkdaşlıq edirik. Bu gün burada imzalanan sənədlər, apardığımız danışıqlar bir daha bizim birliyimizi nümayiş etdirir. Biz beynəlxalq müstəvidə bir-birimizi daim dəstəkləyirik. Biz çox şadıq ki, Türkiyə dünya çapında güc mərkəzinə çevrilibdir. Əziz qardaşımın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə son illər ərzində böyük zirvələrə qalxa bilmişdir. Türkiyənin dünyadakı rolu artır, mövqeləri möhkəmlənir. Türkiyəyə dünya birliyi tərəfindən bəslənilən inam və rəğbət bizi sevindirir.
Təsadüfi deyil ki, keçən ilin noyabr ayında Türkiyə “Böyük 20”liyə ev sahibliyi etmişdir. Bizi fərəhləndirən məsələ ondan ibarətdir ki, Türkiyə bu mötəbər tədbirə Azərbaycanı dəvət etmişdir. Türkiyə bir ölkəni dəvət edə bilərdi, o ölkə də Azərbaycan oldu. Bu qardaşlığa görə, əziz qardaşım, şəxsən Sizə və bütün türk xalqına bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Nə qədər Türkiyə güclü olarsa, bir o qədər biz güclü olacağıq. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olmuşdur və bu dəstək bu gün də göstərilir. Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilməlidir. Biz bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin göstərdiyi dəstək bizim üçün çox önəmlidir.
Bizi hərbi əməkdaşlıq birləşdirir. Bizim hərbçilərimiz bu yaxınlarda birgə təlimlər keçirmişlər. Bu da gözəl ənənəyə çevrilmişdir. Hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Biz artıq Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir.
Əziz qardaşım qeyd etdiyi kimi, enerji layihələri bizi birləşdirir. 2012-ci ildə məhz Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdi. Əgər o vaxt biz TANAP layihəsinə start verməsəydik, bu gün “Cənub Qaz Dəhlizi” layihəsi reallaşa bilməzdi. Bu gün bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, bu transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək. Əminəm ki, 2 ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Zatən, bu layihənin təməl daşını da Qars şəhərində bərabər qoymuşuq.
Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir. Bu gün bu məsələ geniş şəkildə müzakirə olundu və artıq nəqliyyat sahəsində yeni imkanlar mövcuddur. Bu imkanlar araşdırılır. Biz çox istərdik ki, Türkiyədən gələn yüklərin sayı artsın və Azərbaycan ərazisindən müxtəlif istiqamətlərə yönəlsin. Buna nail olmaq üçün artıq praktiki addımlar atılmaqdadır.
Mədəniyyətlərarası dialoqun dərinləşməsi işində Türkiyənin xüsusi rolu vardır. Hörmətli Prezident qeyd etdiyi kimi, gələn ay Bakıda Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu Forumun təşəbbüskarı da hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandır. Türkiyənin, Azərbaycanın dünya mədəniyyətinə verdikləri töhfə beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Biz İslamafobiyaya qarşı bərabər, birgə səylərlə mübarizə aparırıq. Bu gün İslamafobiya bəzi ölkələrdə dövlət siyasətinə çevrilibdir. Əfsuslar olsun ki, bir çox media qurumları İslama, İslam mədəniyyətinə, bizim adət-ənənələrimizə qarşı məqsədyönlü şəkildə kampaniya aparır. İslamı ləkələmək, qaralamaq, terrorla eyniləşdirmək cəhdləri gözümüzün önündədir. Bu, dözülməzdir. Bu, dünyada sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır. Biz bu gün qaçqınlar böhranını görürük. Yenə də burada əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə artıq aylardır ki, milyonlarla köçkünü-qaçqını təmənnasız olaraq öz ərazisində yerləşdirir, böyük vəsait xərcləyir. Biz də humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi, bilirik ki, bu, nə qədər ağır məsələdir. Azərbaycan 1990-cı illərin əvvəllərində erməni işğalı nəticəsində yaranmış humanitar fəlakətlə üz-üzə qalmışdı.
Bu gün bu köçkünlər nicat tapmaq, canlarını qurtarmaq üçün Avropaya üz tutduqda görün onları orada nələr gözləyir. Onların ləyaqəti alçaldılır, onlar təhqir edilir, qəfəslərə salınır. Onlar haqqında olmazın yalanları yayılır. Bəs ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət haradadır?! Biz bunu görmürük. Ona görə Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz bu insanların acı taleyinə biganə qala bilmərik. Mən bir daha Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, ağır yükü öz üzərinə götürüb. Türkiyə bir daha bütün dünyaya nümayiş etdirib ki, qaçqın böhranından necə şərəflə çıxmaq olar.
Bir sözlə, bizim aramızdakı əlaqələr demək olar ki, bütün sahələri əhatə edir. Bir daha qeyd etmək istəyirəm, - mən hesab edirəm və əminəm ki, həm Türkiyədə, həm Azərbaycanda bu fikirlə hər kəs razı olar, - bu gün dünya çapında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq, qoruyacağıq. Əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik.
Mən bir daha mənə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş türk xalqına səadət, sülh, əmin-amanlıq, yeni qələbələr arzulayıram.
Sağ olun”.
* * *
Martın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə ziyafət verilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 15-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət ediblər.

Paylaş:
Baxılıb: 1062 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31