Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycana rəsmi səfər edib
10.03.2016 [09:36]
Azərbaycanda rəsmi səfərdə olan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qətər Dövlətinin Əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qətər Dövlətinin Əmirinə raport verib.
Qətər Dövlətinin və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Əmir Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qətər Dövlətinin Əmiri Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əmir Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan Prezidenti və Qətər Dövlətinin Əmiri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək deyib: “Əmir həzrətləri, əziz qonaqlar.
Sizi Azərbaycanda salamlamaq istəyirəm. Sizi ölkəmizdə qəbul etməkdən çox məmnunam. Nümayəndə heyətinizin səfərinə böyük önəm verilir. Əminəm ki, səfəriniz ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirəcək.
Bu gün biz, nümayəndə heyətimizin üzvləri ölkələrimiz arasında sıx əməkdaşlıq üçün yaxşı hüquqi bazanı yaradacaq bir çox sənədləri imzalayacağıq. Mükəmməl siyasi münasibətlərimiz mövcuddur. Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlarda tərəfimizdən irəli sürülmüş təşəbbüslərə dəstək göstərdiyiniz üçün Sizə minnətdarıq.
İqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq və hesab edirəm ki, bu sahədə çoxlu imkanlar mövcuddur. Bu gün imzalanacaq sənədlərdən biri xüsusilə bunun üçün yaxşı baza yaradacaq. Əminəm ki, birgə komissiyanın yaradılması ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlığı artıracaq. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Düşünürəm ki, bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir.
Ölkəniz dünyada çox dinamik, iqtisadi cəhətdən sabit və çiçəklənən bir ölkə kimi tanınır. Biz xalqlarımız arasında bu iqtisadi körpünü yaratmalıyıq. Hesab edirəm ki, yaxın gələcək üçün ən vacib hədəflərdən biri qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsinin artırılması olmalıdır və bunun üçün yaxşı imkanlar mövcuddur. Eyni zamanda, daha da çox sayda Qətər vətəndaşlarının Azərbaycana səfər etməsi bizi məmnun edir. Bildiyiniz kimi, indi sizin vətəndaşlarınız üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və ziyarətçilərin sayı artmaqdadır. Bu da əlbəttə ki, xalqlar arasında əlaqələr üçün xüsusi fürsət yaradacaq. Birbaşa uçuşlarımız var, indi Azərbaycana çıxışınız daha da asanlaşıb. Bu da əlbəttə ki, turizmin inkişafına stimul verəcək və öz növbəsində xalqlarımız arasında daha da sıx münasibətlərin formalaşmasına gətirib çıxaracaq. Biz ölkələrimiz arasında bundan da sıx münasibətlərin formalaşmasını istəyirik.
Əmir həzrətləri, mənim dəvətimi qəbul etdiyiniz və Azərbaycana səfərə gəldiyiniz üçün Sizə çox minnətdaram. Səfəriniz qarşılıqlı hörmət, inam, dostluq və qardaşlıq əsasında qurulmuş münasibətlərin daha da inkişaf etdirilməsinə əlavə imkan verəcək. Bir daha Azərbaycana xoş gəlmisiniz”.
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani çıxış edərək deyib: “Zati-aliləri, qardaşım cənab Prezident İlham Heydər oğlu Əliyev, bu dəvətə görə çox sağ olun.
Azərbaycanda, bu gözəl ölkədə olmaq mənim üçün böyük şərəfdir. Sizi, nazirlərinizi və Azərbaycan xalqını bu ölkədə göstərdiyiniz səylərə görə təbrik etmək istəyirəm.
Maşallah, hər dəfə buraya səfər etdikdə böyük dəyişiklikləri müşahidə edirik. Nümayəndə heyətimizin adından Azərbaycanda bizi yüksək səviyyədə qarşıladığınız üçün Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Zati-aliləri, Bakıda və Azərbaycanda olduqda özümüzü həmişə öz evimizdəki kimi hiss edirik.
Zati-aliləri, Sizin də qeyd etdiyiniz kimi, bizim siyasi münasibətlərimiz çox güclüdür, iki ölkə arasında yüksək səviyyədə anlaşma var. Biz beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və bir çox digər qurumlarda əməkdaşlıq edirik. Aramızda olan anlaşma və inamın, Allaha şükürlər olsun, bu səviyyəyə çatması vacibdir.
Biz münasibətlərimizi, Zati-aliləri, Sizin də qeyd etdiyiniz kimi, xüsusilə iqtisadiyyat və ticarət sahəsində daha da genişləndirməliyik. Ümid edirik ki, bu razılaşmalardan sonra işlər daha da sürətlə irəliləyəcək. Öz tərəfimizdən biz bu münasibətlərə çox sadiqik. Zati-aliləri, bu münasibətləri daha da gücləndirmək üçün tərəfimizdən bütün səylərin göstərilməsini təmin edəcəyəm.
Sizin də qeyd etdiyiniz kimi, turizm sahəsi də hər iki ölkə üçün vacibdir. Daha çox Qətər vətəndaşlarının Sizin gözəl ölkənizə gəlməsi bizi məmnun edir və ümidvarıq ki, eyni halı Qətərdə də müşahidə edəcəyik. Həmçinin mədəniyyət sahəsində də əməkdaşlıq etməliyik. Mədəniyyət sahəsındə bir çox ortaq dəyərlərimiz var. Zati-aliləri, beləliklə, xalqlarımızın bir-birini daha yaxından anlaması vacibdir.
Siz energetika sektorunu qeyd etdiniz. Hər iki ölkədə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq, bu məsələnin üzərində işləməliyik. Bu dəvətə görə Sizə “Çox sağ olun” demək istəyirəm. Zati-aliləri, burada olmaqdan çox şadam”.
Görüşdə energetika, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Söhbət zamanı üçüncü ölkələrdə birgə investisiya qoyuluşu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.
Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti imzalayıblar.
“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti imzalayıblar.
“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Qətərin maliyyə naziri Əli Şərif Al Emadi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Qətərin maliyyə naziri Əli Şərif Al Emadi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli imzalayıblar.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşlar üçün viza tələblərinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzalayıblar.
* * *
Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin şərəfinə rəsmi ziyafət verilib.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

