Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana rəsmi səfər edib
08.03.2016 [10:10]
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə təkbətək görüşü olub.
Macarıstanın Baş naziri Viktor Orbanı və xanımı Aniko Levaini Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.
Azərbaycan Prezidenti, Macarıstanın Baş naziri və xanımları birgə foto çəkdiriblər.
Sonra Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın respublikamıza rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz münasibətləri bütün istiqamətlərdə daha da genişləndirmək niyyətindədirlər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətləri dinamiklik və qarşılıqlı anlaşma fərqləndirir, Baş nazir Viktor Orbanın respublikamıza rəsmi səfəri ölkələrimiz arasında siyasi əlaqələri daha da möhkəmləndirəcək. Dövlətimizin başçısı ölkələrimizin işgüzar dairələrinin daha fəal çalışacaqlarına ümidvar olduğunu bildirib. Səfər zamanı Azərbaycan ilə Macarıstan arasında bir neçə konkret razılaşmanın imzalandığını deyən Prezident İlham Əliyev qeyd edib ki, düşünürəm, bu cür razılaşmalar daha çox olacaq: “Bizim üçün Macarıstan yaxın, dost dövlətdir və biz istərdik ki, iqtisadi əlaqələr münasibətlərimizin siyasi səviyyəsinə uyğun olsun. Eləcə də kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar sahələrində də yaxşı perspektivlər var”.
Dövlətimizin başçısı bildirib ki, biz ölkəmizə Macarıstandan investisiyaların yatırılmasında da maraqlıyıq. İstərdik ki, Azərbaycanın özünün maliyyələşdirdiyi layihələrdə daha çox macar şirkətləri iştirak etsinlər. Son bir ildə Macarıstan məhsullarının Azərbaycana ixracının artdığını deyən Prezident İlham Əliyev bu ölkənin şirkətlərinin respublikamızda müxtəlif infrastruktur, tikinti və kənd təsərrüfatı layihələrində iştirak etdiklərini vurğulayıb.
Dövlətimizin başçısı əminliyini bildirib ki, səfərin yekunlarına görə iqtisadiyyat və biznesdə əməkdaşlıq potensialını daha da artırmaq məqsədilə müvafiq qurumlara yeni tapşırıqlar veriləcək. İqtisadi sahədə bütün səyləri əlaqələndirən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini qeyd edən Prezident İlham Əliyev Baş nazir Viktor Orbanın rəsmi səfərinin ölkələrimizi daha da yaxınlaşdıracağına və çox yaxşı nəticələrə təkan verəcəyinə əminliyini vurğulayıb.
Ölkəmizə rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirən Baş nazir Viktor Orban qeyd edib ki, biz hər il şəxsən görüşürük, Sizə Macarıstana son səfərinizə görə təşəkkür edirik: “Düşünürəm ki, ortaq işlərimizin sayı artığına görə ildə bir dəfə yüksək səviyyədə görüşlər keçirmək yaxşı olardı. Çünki mən görürəm ki, bizim istənilən görüşümüz həm mədəni, həm də iqtisadi sahələrdəki fəaliyyətimizə təkan verir”.
“İnsan sözə əsaslanaraq dərk edir” macar atalar sözünə istinad edən Baş nazir Viktor Orban xüsusi vurğulayıb ki, biz görüşəndə hamı anlayır ki, bu, mühüm görüşdür. Biz çox intensiv və əhəmiyyətli inkişafı qeyd edə bilərik. Bu, xüsusilə kənd təsərrüfatı sahəsində daha çox bilinir. Mən Sizə, cənab Prezident, bu sahədə təcrübəmizi təklif etmək istəyirəm. Bu məqsədlə Azərbaycandan ekspertlərin, peşəkarların gəlişini gözlədiklərini deyən Baş nazir Viktor Orban təcrübələrini böyük məmnuniyyətlə Azərbaycan ilə bölüşməyə hazır olduqlarını bir daha vurğulayıb.
Görüşdə, həmçinin nəqliyyat, energetika, kənd təsərrüfatı, su təchizatı, informasiya-kommunikasiya texnologiyaları, şəhər təsərrüfatı və infrastruktur sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunması mərasimi keçirilib.
Macarıstanın Baş naziri Viktor Orban mərasimdə çıxış edərək deyib: “Hörmətli cənab Prezident, hörmətli birinci xanım.
Hörmətli xanımlar və cənablar.
Biz birinci xanıma “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeninin təqdim edilməsi üçün buraya toplaşmışıq. Sizin göstərdiyiniz xidmətlər burada orden ilə qiymətləndirilir. Bu orden macar xalqını özündə təcəssüm etdirir və Macarıstan Prezidentinin qərarı ilə təqdim olunur. Bu münasibətlə biz bütün macar xalqının Sizə olan hörmət və ehtiramını ifadə edirik. Biz bu ordeni cənab Prezidentin həyat yoldaşına yox, məhz ən tanınan Azərbaycan xanımına təqdim edirik. Mənə elə gəlir ki, ümumiyyətlə, Azərbaycan və macar xanımları arasında oxşarlıqlar çoxdur. Adət-ənənələrimizdən irəli gələrək bizim cəmiyyətimizdə qadınlar mühüm mövqelər tutur. Onlar nəinki evdə xanım rolunu oynayırlar, həmçinin ictimai xadim kimi mühüm fəaliyyət göstərirlər.
Xanım Mehriban Əliyevanın apardığı fəaliyyət bütün dünyada tanınır. Öz təmənnasız yardımını göstərdiyinə görə məhz Macarıstandakı həmin uşaq evində yaşayan uşaqlar bu gün Mehriban xanım Əliyevaya böyük sevgi və məhəbbətlə yanaşırlar.
Hörmətli birinci xanım, Sizin həyata keçirdiyiniz bu xeyriyyəçilik fəaliyyəti, Sizin göstərdiyiniz bu yaradıcı səylər nəinki həmin uşaqlara yardımçı olur, o cümlədən ölkələrimiz arasında təşəkkül tapmış münasibətlərin inkişafına töhfə verir. Burada söhbət sırf uşaqlara yardımdan getmir. Bu, həmçinin onu göstərir ki, müsəlman ölkəsinin Fondu xristian ölkəsinin uşaqlarına yardım edir. İki mədəniyyət və dinlər arasında belə bir halda çox gözəl, ahəngdar bir ittifaq yaranır. Bugünkü dünyada artıq dini münaqişələr haqqında çox danışılır. Məhz belə bir şəraitdə bu cür fəaliyyətin göstərilməsi, səylər xüsusi diqqətə layiqdir.
Biz Macarıstanda Mehriban xanıma böyük hörmətlə yanaşırıq və olduqca minnətdarıq. Bunu xüsusilə qeyd edirik ki, o, bu cür yardımları bizə göstərir. Macarıstanın ali ordenini Sizə böyük hörmət və böyük məmnuniyyətlə təqdim edirik”.
Baş nazir Viktor Orban Macarıstanın ali ordenini Mehriban Əliyevaya təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: “Hörmətli cənab Baş nazir.
Hörmətli xanım Levai.
Əziz qonaqlar.
Məni Macarıstan dövlətinin yüksək mükafatı ilə təltif etdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Mənim üçün böyük şərəfdir ki, fəaliyyətim bizə dost olan ölkədə - Macarıstanda belə yüksək qiymətləndirilib.
Azərbaycan ilə Macarıstanı qarşılıqlı dəstək, hörmətə əsaslanan dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq bağlayır. Ölkələrimiz bir çox sahələrdə sıx əlaqələr qurub. Mən əminəm ki, Sizin ölkəmizə səfəriniz bu əlaqələrin möhkəmlənməsində öz mühüm rolunu oynayacaq.
Mən çox xoşbəxtəm ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə öz töhfəsini verir. Fond təhsil, sosial, səhiyyə sahələrində layihələr həyata keçirir. Humanitar sahədə həyata keçirilən layihələr, əminəm ki, insanları, xalqları bir-birinə daha dərindən tanıdır və daha yaxşı anladır.
Siz, cənab Baş nazir, dinlərarası münasibətlərlə bağlı tamamilə düz söylədiniz, bizim fəlsəfəmiz ondan ibarətdir ki, hər bir xalq, hər bir insan öz dininə, tarixinə, mədəniyyətinə hörmətlə yanaşırsa, bütün dünyanın dini və mədəni müxtəlifliyini həmin şəkildə qəbul etməlidir.
Bu gün mənə verdiyiniz mükafatı mən, eyni zamanda, bu əməkdaşlığa verilən yüksək qiymət kimi qəbul edirəm. Ümidvaram ki, cənab Baş nazir, Sizin və cənab Prezident, Sizin köməyinizlə bu əməkdaşlıq gələcəkdə davam edəcək. Mənim üçün xüsusi şərəfdir ki, bu mükafatı mənə şəxsən Siz təqdim edirsiniz.
Siz ölkənizdə öz prinsipial siyasətinizlə, xalqınızın maraqlarını hər şeydən üstün tutmaqla böyük dəstək və hörmət qazanmısınız. Azərbaycanda isə Sizi ölkəmizin yaxşı və böyük dostu kimi tanıyırlar.
Mənim fəaliyyətimi belə yüksək qiymətləndirdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm, Sizə gələcək uğurlar arzulayıram. Macarıstan xalqına dərin hörmətimi və məhəbbətimi bildirir, ona sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm”.
Sonda xatirə şəkli çəkdirilib.
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar.
Sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Macarıstan bizim üçün çox yaxın və dost ölkədir. Mən şadam ki, səfər çox uğurla keçir və səfərin nəticələri Macarıstan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır.
Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. 2014-cü ilin sonunda mən Macarıstana səfər edərkən biz Sizinlə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışıq. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bizim görüşlərimiz də müntəzəm olaraq keçirilir. Siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstəririk. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində çox müsbət və fəal rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və əminəm ki, gələcəkdə Macarıstan bu əlaqələrin inkişafını daim dəstəkləyəcəkdir.
Bu gün biz bir çox məsələlər haqqında fikir mübadiləsi apardıq - siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq. Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bir çox məsələlər Komissiya çərçivəsində öz həllini tapır. Biz gözəl siyasi əlaqələrimizin əsasında güclü iqtisadi əməkdaşlıq da qurmalıyıq. Mən şadam ki, keçən il Macarıstanın Azərbaycana ixracı artıb. Bu, gözəl göstəricidir. Bu gün biz bir çox konkret layihələr ətrafında fikir mübadiləsi apardıq. Energetika sahəsində çox gözəl əməkdaşlıq var. SOCAR ilə MOL şirkəti arasında əməkdaşlığın artıq yaxşı tarixi var və bu əməkdaşlıq yeni pilləyə qalxmalıdır. Biz bu gün bu barədə danışmışıq. Azərbaycanın enerji siyasəti bu gün Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Keçən ayın sonunda Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısı keçirilmişdir. Həmin toplantı nəticəsində qəbul edilmiş Bəyannamə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və “Cənub” qaz dəhlizinin icrasında aparıcı rolunu qeyd edir. Bizim zəngin neft-qaz yataqlarımız var. Bu gün “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir. 3500 kilometr uzunluğunda tikiləcək bu kəmər gələcəkdə Avropanı Azərbaycan ilə daha da sıx birləşdirəcəkdir.
Bu gün biz digər istiqamətlər üzrə də geniş danışdıq. Dünən də Komissiyanın üzvləri fikir mübadiləsi aparmışlar. Kənd təsərrüfatı sahəsində çox gözəl imkanlar var. Konkret tapşırıqlar verilmişdir ki, bu sahədə əməkdaşlıq daha da fəal olsun. Macarıstanın təcrübəsi bizim üçün çox maraqlıdır. Macarıstanda kənd təsərrüfatı çox inkişaf edibdir. Bizim üçün də bu sahə bu gün əsas prioritetlərdən biridir və hesab edirəm ki, burada əməkdaşlıq üçün çox gözəl imkanlar var.
Nəqliyyat sahəsində. Mən cənab Baş nazirə məlumat verdim ki, Azərbaycan hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir. Artıq Çindən Azərbaycan ərazisindən Avropaya birinci sınaq konteyner qatarı keçmişdir. Bu dəhlizin gələcək fəaliyyəti həm ölkələrimizi birləşdirəcək, həm də nəqliyyat təhlükəsizliyini təmin edəcəkdir. Turizmdə gözəl imkanlar var. Biz təhsil sahəsində uğurla əməkdaşlıq edirik və minnətdarıq ki, Macarıstan hökuməti bizim tələbələrə xüsusi təqaüd də təsis edib. Təhsil sahəsində əməkdaşlıq o deməkdir ki, gələcəkdə bizim insanlar da bir-biri ilə sıx əlaqədə olacaqlar.
Bu gün bir çox konkret layihələr müzakirə edildi. Ümumi yekun ondan ibarətdir ki, Macarıstan və Azərbaycan öz strateji tərəfdaşlığını bu gün bir daha təsdiqləyir. Dünən hökumətlərarası əlaqələrə dair imzalanan sənədlər, bu gün biznes forum çərçivəsində imzalanmış konkret layihələr bizi bir-birimizə daha da yaxın edəcəkdir. Biz bunu istəyirik. Macarıstan bizim üçün yaxın, dost ölkədir. Bizim cənab Baş nazirlə şəxsi münasibətlərimiz də dostluq münasibətləridir. Cənab Baş nazirin fəaliyyəti Azərbaycanda böyük hörmət və rəğbətlə qarşılanır.
Macarıstan o ölkələrdəndir ki, öz müstəqil siyasətini aparır. Xarici və daxili siyasət ancaq Macarıstan xalqının maraqlarına əsaslanır və ona görə bizim aramızda bu sahədə də oxşarlıq var. Məhz buna görə Macarıstan bütün dünyada və Avropada hökm sürən böhranlardan çox şərəflə çıxmışdır. Məhz buna görə macar xalqı cənab Baş nazirin fəaliyyətini yüksək qiymətləndirir. Əgər hökumət xalqın maraqlarını müdafiə edirsə və öz ölkəsinin inkişafına çalışırsa xalq o hökuməti həmişə dəstəkləyəcək.
Ona görə, cənab Baş nazir, Sizin kimi dost bizim üçün çox əzizdir. Mən çox şadam ki, bu gün siyasi rəhbərliyin iradəsi ilə bizim əlaqələrimiz ən yüksək səviyyədədir. Əminəm ki, bu səfər də bu əlaqələrin inkişafına yeni təkan verəcəkdir.
Hörmətli cənab Baş nazir, Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha salamlayıram, bir daha “Xoş gəlmisiniz!” deyirəm”.
Macarıstanın Baş naziri Viktor Orbanın bəyanatı: “Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Macarıstanda belə bir atalar sözü var: “Bəzən insan öz arxasında böyük bir meşəni görmür”. Bu, bir daha onu göstərir ki, insanlar bəzən təfərrüatları itirir və qlobal şəkildə düşünmürlər. Mən xoşbəxt insanam. Mən 1990-cı ildən bəri Macarıstan parlamentinin üzvüyəm. Mənim belə bir şansım var idi ki, öz arxamdakı meşəni görüm. Mən 1990-1991-ci illərdə, sonrakı illərdə Azərbaycandakı vəziyyəti bilirdim. Mən yenidən Sizin ölkənizə səfər edərkən gördüm ki, hərtərəfli inkişaf təmin edilir. Tarixi kitablarda bu haqda nə vaxtsa yazsalar, bu dövrü məhz xüsusi inkişaf dövrü kimi təsvir edəcəklər. Çünki Azərbaycan demək olar ki, çıxılmaz bir vəziyyətdən inkişaf etməyə başladı. Hətta deyərdim ki, bütün dünyada hamı buna qısqanclıqla yanaşırdı. Buna görə sizinlə təmasları qurduğumuz zaman Sizə hörmət və ehtiramımızı bildirdik ki, son 20 ildən artıq müddət ərzində bu cür nəticələr əldə edilibdir.
Təbii ki, bu nailiyyətlər üçün çox vaxt tələb olunur. Bu uğurlarda xalqın dəstəyi və digər amillər mühüm rol oynayır. Lakin bu halda təbii ki, liderlərə böyük ehtiyac duyulur. Həmin liderlər ölkəni xüsusi bir yolla irəliyə doğru aparırlar. Biz bunu gizlətmirik və cənab Prezident Əliyevin səylərini, fəaliyyətini çox yüksək dəyərləndiririk. Çünki biz görürük ki, nəhəng inkişaf templəri var və bu, Azərbaycanın, ümumiyyətlə, Azərbaycanda rəhbər şəxslərin, xalqın böyük səyləri nəticəsində baş verir. Lakin dünyada uğurları hər zaman belə asancasına etiraf etmirlər. Burada bir çox səbəblər ola bilər. Yorulmaz fəaliyyət və uğur özünü gec və ya tez büruzə verir. Mən bunu Azərbaycanda görürəm. Son 2-3 il ərzində Azərbaycanın mövqeləri, çəkisi gözəçarpan dərəcədə artmışdır. Bu gün Avropa İttifaqına gəldikdə, biz həmin perspektivdən Azərbaycana baxdıqda sabit, uğurlu inkişafını təmin etmiş ölkəni görürük. Bu da Şərq ilə Qərb arasında uzunmüddətli əməkdaşlığa verdiyiniz töhfənizlə bağlıdır. Biz elə bir ölkə görürük ki, onun çox zəngin milli mənəvi ənənələri var. Bununla belə, bu ölkə, eyni zamanda, Avropa dəyərlərinin xüsusi elementlərini də nəzərdən keçirir. Bu, əvəzedilməz bir zənginlikdir. Məhz bu səbəblərə görə son 2-3 il ərzində ölkənizin nüfuzu artıb.
Biz bu gün neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bəzi iqtisadi çətinlikləri də müşahidə edirik. Lakin Siz bu yeni sistemə çox yaxşı reaksiya verərək uyğunlaşırsınız və bu dövr, həmçinin digər yeni imkanları da açır. Buna görə bizim əməkdaşlığımız üçün yeni imkanlar yaranır. Çünki iqtisadi siyasətə gəldikdə, bu siyasəti artıq əvvəlki kimi həyata keçirmək mümkün deyil. Əvvəlcə neftin qiyməti fərqli idi. Ona görə biz bu yeni vəziyyətə uyğunlaşmalıyıq və bunu birgə edə bilərik. Həmçinin bizim elə təcrübəmiz vardır ki, biz ondan öz əməkdaşlığımızda istifadə edə bilərik.
Cənab Prezident, Siz kənd təsərrüfatı, informasiya texnologiyaları, xidmətlər sahələrini və enerji sahəsini artıq vurğuladınız. Zənnimcə, Azərbaycan elə bir ölkədir ki, bu dövrdən hətta daha güclü mövqe ilə çıxacaq. Yəni, daha şaxələndirilmiş iqtisadiyyat qurulacaq və biz macarlar da bu prosesdə iştirak edə biləcəyik. Həmçinin biznes sahəsində də belə olacaq. Tələbələriniz ölkəmizdə təhsil almaqla biz bu münasibətləri daha da gücləndirəcəyik. Mən buraya bu fikirlərimi bildirmək üçün gəlmişəm.
Qeyd etmək istəyirəm ki, bizim sonuncu görüşümüzdən sonra ölkələrimiz arasında əməkdaşlıq daha da fəallaşıb. Bu, bir daha onu göstərir ki, biz gərək hər il yüksək səviyyədə görüşləri təşkil edək və bununla həm humanitar, həm iqtisadi sahələrin inkişafına təkan verək. Biz Macarıstana - öz ölkəmizə xalqlarımız arasında dostluğun gücləndirilməsi, iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlərin daha da möhkəmləndirilməsi ümidi ilə qayıdacağıq. Biz istərdik ki, Macarıstan ilə Azərbaycan arasında olan münasibətlər xalqlarımızın mənafelərinə xidmət etsin.
Cənab Prezident, bu səfərə dəvətə görə minnətdaram. Çox şadam ki, ölkənizə səfər edirəm. Sağ olun”.
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Macarıstanın Baş naziri Viktor Orbanın və xanımı Aniko Levainin şərəfinə nahar verilib.
* * *
Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban martın 6-da Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn Macarıstanın Baş naziri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazir Viktor Orbana Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
* * *
Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 6-da başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Viktor Orbanı hava limanında Azərbaycanın Baş nazirinin müavini İsmət Abasov və digər rəsmi şəxslər yola salıblar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

