Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Zaqatala rayonuna və Şəki şəhərinə səfər edib

Prezident İlham Əliyev Zaqatala rayonuna və Şəki şəhərinə səfər edib

05.11.2015 [10:16]

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Zaqatala şəhərindəki Heydər Əliyev Parkında xalqımızın Ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verib. İndi bu park Zaqatala sakinlərinin, rayona gələn qonaqların ən sevimli istirahət mərkəzinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verilib.
Burada dövlətimizin başçısına, həmçinin Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verilib.
İcra olunan layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Zaqatala - Danaçı - Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Əvvəlcə dövlətimizin başçısı Mərkəzin binasının ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzin binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı mərasimdə çıxış edib: “Sabahınız xeyir olsun.
Mən sizi səmimiyyətlə salamlayıram. Zaqatalada yenidən olmağımdan çox məmnunam. Bu, mənim Prezident kimi Zaqatalaya yeddinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, Zaqatala rayonunun inkişafına, burada gedən işlərə çox böyük diqqət və dəstək verilir.
Bu gün Zaqatala üçün çox əlamətdar bir gündür. Gözəl bina - Heydər Əliyev Mərkəzi açılır. Yadımdadır ki, iki il bundan əvvəl elə bu yerdə bu binanın təməl daşını qoyduq və indi biz bunun açılışına toplaşmışıq. Doğrudan da həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl binadır. Ulu öndərin adına yaraşan bir binadır.
Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallar, fotoşəkillər nümayiş etdirilir. Eyni zamanda, burada bir çox dərnəklər və studiyalar da var. Yəni, bu Mərkəzin çox böyük mənası var, funksional tərəfi çox gözəldir, müasirdir. Əminəm ki, Zaqatala sakinləri bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər.
Zaqatalanın inkişafı ilə bağlı xüsusi tədbirlər görülür. Rayonda infrastruktur layihələrinin icrası uğurla gedir. Sənaye potensialı möhkəmlənir, güclənir. Bir sözlə, bu gün Zaqatala müasir şəhərdir. Əminəm ki, şəhərin və rayonun gələcək inkişafı da müsbət olacaqdır. Çünki biz çalışırıq ki, ilk növbədə əsas infrastruktur layihələrini icra edək. İki il bundan əvvəl Zaqatalanın içməli su problemi həllini tapmışdır. Bu gün bu layihələr ölkəmizdə geniş vüsət almışdır. Ancaq Zaqatala ilk rayonlardandır ki, içməli su problemi şəhərdə və bir neçə kənddə öz həllini tapmışdır. İndi şəhərə fasiləsiz içməli su verilir və bu, əlbəttə ki, insanların normal yaşaması üçün çox önəmli bir hadisədir.
Qazlaşdırma ilə bağlı işlər gedir. Şəhər demək olar ki, tam qazlaşdırılıbdır. Kəndlərdə hələ ki, görüləcək işlər var. Ancaq Zaqatalanın relyefini nəzərə alsaq görərik ki, burada hər bir kəndə qaz çəkmək o qədər də asan məsələ deyil. Buna baxmayaraq, Dövlət Neft Şirkətinə göstəriş verilmişdir ki, kəndləri maksimum dərəcədə, mümkün qədər qazlaşdırsın və bu problem də öz həllini tapsın.
Kənd yollarının tikintisi aparılır. Bu gün bir kənd yolunun rəsmi açılışı oldu. Eyni zamanda, digər layihələr var. Bilirəm ki, hələ kənd yollarının tikintisinə böyük ehtiyac var. Gələcək illərdə bu məsələlər də imkan daxilində öz həllini tapacaq.
Belə gözəl memarlıq abidələri yaradılır. Bu gün biz Müəllimlər İnstitutunun filialının açılışını qeyd edəcəyik. Məktəblər, uşaq bağçaları tikilir. Əlbəttə, mən istərdim ki, işlər daha da sürətlə getsin. Ancaq bildiyiniz kimi, imkan daxilində bütün bu işləri görürük, özü də hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda.
Zaqatala aeroportunun yenidən qurulması və zolağın uzadılması prosesi başa çatandan sonra bu aeroport beynəlxalq status alacaqdır. Ümumiyyətlə, Zaqatala aeroportunun inşa edilməsi mənim təşəbbüsüm idi və aeroport tikildi. İndi isə qarşıya vəzifə qoyulubdur ki, zolaq daha da uzadılsın, bütün növ təyyarələr buraya enə bilsin. Belə olan halda həm beynəlxalq uçuşlar həyata keçiriləcək, həm də turistlərin axını daha da artacaq.
Zaqatalanın çox gözəl təbiəti var, görməli yerləri, tarixi və qədim memarlıq abidələri çoxdur. Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları bunu görsünlər və ilk növbədə, daxili turizm inkişaf etsin. Eyni zamanda, xarici turistlər də gəlsinlər, görsünlər ki, Azərbaycanda nə qədər gözəl işlər gedir və necə səfalı, gözəl yerlər vardır.
Ölkəmizdə bütövlükdə işlər uğurla gedir. Biz 2015-ci ili uğurla başa vuracağıq, bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Baxmayaraq ki, bu gün dünyada hələ də böhran davam edir. Əslində, dünyada maliyyə və iqtisadi sahədə yaşanan böhran bir neçə ildir ki, davam edir. İndi bu böhrana siyasi və hərbi böhran əlavə olunubdur. İndi dünyada gedən prosesləri siz də izləyirsiniz. Görürsünüz ki, dünyanın müxtəlif yerlərində, bizim qonşuluğumuzda çox narahatedici proseslər gedir. Həm Avropada, həm MDB məkanında, Yaxın Şərqdə qanlı toqquşmalar, qarşıdurmalar baş verir, qan tökülür. Belə olan halda hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında daha da ciddi düşünməlidir. Əslində, biz bu barədə həmişə düşünmüşük. Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması bizim üçün ən birinci prioritet məsələ idi. Çünki əgər biz buna nail ola bilməsə idik, heç bir inkişafdan söhbət gedə bilməzdi. Sabitlik olmayan yerdə inkişaf mümkün deyil.
Ancaq indiki şəraitdə buna daha da böyük diqqət göstərilir. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Sabitlik möhkəmlənir, xalq ilə iqtidar arasındakı birlik daha da güclənir. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi. İlk növbədə, qeyd etməliyəm ki, parlament seçkiləri yüksək fəallıqla müşahidə olunurdu. Eyni zamanda, bütün demokratik normalar təmin edilmişdir. Ədalətli, şəffaf keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Beş yüzdən çox xarici, on minlərlə yerli müşahidəçi dediyim bu sözləri təsdiqlədilər. Bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Onu da qeyd etdilər ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edib.
Bu, doğrudan da böyük nailiyyətdir, böyük uğurumuzdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ölkədə aparılan siyasəti bəyənir, dəstəkləyir və seçkilər vasitəsilə öz fikrini ifadə edir. Biz də çalışmalıyıq ki, bundan sonra da xalqın etimadını doğruldaq, ölkəmizdə aparılan prosesləri sürətləndirək ki, bir dənə də olsun sosial və iqtisadi problem qalmasın.
Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülmüşdür. Bütün beynəlxalq qurumlar bunu təsdiqləyir. Ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 40-cı yerdədir, bir çox inkişaf etmiş ölkələri də qabaqlayır. Eyni zamanda, yoxsulluğa, işsizliyə qarşı mübarizəmiz beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Bu yaxınlarda - sentyabr ayında BMT Azərbaycanı bu nailiyyətlərə görə yüksək mükafatla təltif etmişdir.
Cəmi on il ərzində Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə düşüb. Mən, ümumiyyətlə, qarşıya vəzifə qoymuşam ki, Azərbaycanda yoxsulluq olmamalıdır. Azərbaycanda bir nəfər də olsun yoxsul şəraitdə yaşayan insan olmamalıdır və biz bu hədəfə yaxınlaşırıq.
Son vaxtlar işsizliklə bağlı böyük addımlar atılmışdır. İşsizlik çox aşağı səviyyədədir. Ancaq dünyada gedən maliyyə böhranı nəticəsində işsizlik bir qədər arta bilər. Yəni, bəzi iş yerləri bağlanır. Ancaq açılan iş yerləri bağlanan yerlərdən daha da çoxdur və müsbət dinamika burada da özünü göstərmişdir. Əgər 30 min iş yeri bağlanıbsa, 67 min iş yeri açılıbdır.
Əlbəttə ki, gələcəkdə iqtisadi islahatların aparılması da prioritet olaraq qalacaq - sahibkarlığın, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi. Bu sahələrdə Zaqatala rayonunun çox böyük potensialı var. Biz indi çalışmalıyıq ki, öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edək. Biz sahibkarlara daha da yaxşı şərait yaratmağa çalışmalıyıq ki, onlar daha da çox məhsul yetişdirsinlər və məhsulu daxili və xarici bazarlarda sata bilsinlər. Bu məqsədlə çox ciddi addımlar atılmışdır, mənim tərəfimdən Sərəncam imzalanmışdır, qanun qəbul edilmişdir ki, biznes mühitini biz daha da yaxşılaşdıraq, sahibkarlara heç kim mane olmasın, onların işinə heç kim müdaxilə etməsin.
Mən əminəm ki, görülən işlər nəticəsində Azərbaycan gələcəkdə də müsbət iqtisadi inkişaf dinamikasını saxlaya biləcək. Bunu etmək indiki şəraitdə o qədər də asan deyil. Bir çox ölkələrdə, həm qonşuluqda, həm dünyada iqtisadi tənəzzül, Azərbaycanda isə iqtisadi inkişaf yaşanır. Bu ilin doqquz ayında iqtisadiyyat təxminən 4 faiz, qeyri-neft iqtisadiyyatı 6 faizdən çox artmışdır. Əlbəttə ki, bu, görülən işlər nəticəsində mümkün olub. Ancaq əldə edilmiş nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Bizim hər birimiz daha da fəal olmalıyıq, çalışmalıyıq ki, doğma Vətənimizi daha da irəliyə aparaq, Azərbaycanda bu gözəl ictimai-siyasi mühit daimi olsun. Əminəm ki, belə də olacaq.
Bir çox beynəlxalq təşkilatlar, siyasətçilər, politoloqlar, alimlər Azərbaycanda dinlərarası, millətlərarası münasibətləri nümunə kimi göstərirlər. Bu, həqiqətən də belədir və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi dəyərli vətəndaşdır, eyni hüquqlara malikdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma olmamışdır və biz bu siyasətə sadiqik. Harada ki, bu məsələlər müsbət istiqamətdə getmir, o ölkələr fəlakətlə üzləşir. Azərbaycanda isə bu sahədə mövcud olan vəziyyət, ilk növbədə, ölkəmizi gücləndirir, digər tərəfdən başqa ölkələrə də yol göstərir ki, bu, mümkündür - birgə yaşamaq, bir-birinə dəstək olmaq, bir-birinin dininə, adət-ənənələrinə, milli dəyərlərinə hörmət etmək mümkündür.
Baxın, bu gün Avropada mənəvi böhran yaşanır. Avropa bəyan etdiyi dəyərlərə sadiq çıxa bilmir, miqrantlara - müsəlman qaçqınlarına nə qədər böyük əzab-əziyyət verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı çox dözülməz, qəbuledilməz addımlar atılır. Mən dəfələrlə demişəm, o insanların heç bir günahı yoxdur. Xarici müdaxilə nəticəsində onların ölkələri darmadağın edildi, onlar on minlərlə, yüz minlərlə yaxınlarını itirdilər, milyonlarla insan qaçqın vəziyyətinə düşdü və indi onlar Avropaya pənah aparırlar. Orada isə onların qarşısında sədlər tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə hücum edilir, onlar qəfəsə salınır. Sonra isə insana yaraşmayan o qəfəsin üstündən onlara yemək atılır. XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir. Bu, bir sınaq dövrüdür. Avropa indi bu sınaqdan çıxmalıdır, bəyan etdiyi dəyərlərə sadiq qalmalıdır. Yoxsa, əgər bu vəziyyət davam edərsə heç bir başqa ölkə qarşısında heç bir tələb qoyula bilməz. İlk növbədə, sən özün daxildə bu prosesləri normal məcraya salmalısan, özün daxildə bəyan etdiyin dəyərlərə sadiq çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb edə bilərsən.
Bu proseslər bizi çox narahat edir, incidir, ürəyimizi ağrıdır. O yazıq insanları bu vəziyyətdə görəndə əminəm ki, hər bir normal insan çox ağır hisslər yaşayır. Digər tərəfdən, bu, dini qarşıdurmadır, - mən bunu belə adlandırardım, - bu, miqrant böhranı deyil, bu, dini qarşıdurmadır, bu, islamafobiyanın əlamətidir. Bu, son illər ərzində anti-müsəlman təbliğatının nəticəsidir və bu, daha da böyük problemlərə və dünyada sivilizasiyalararası toqquşmaya gətirib çıxara bilər.
Biz Azərbaycanda multikulturalizm dəyərlərini təbliğ edirik. Biz müxtəlif forumlar, konfranslar, beynəlxalq tədbirlər keçiririk və sübut edirik ki, bir yerdə yaşamaq mümkündür. Azərbaycanın timsalında bunu hər kəs görə bilər.
Ancaq bu gün biz görürük ki, dini zəmində qarşıdurma daha da böyük problemlərə gətirib çıxara bilər. Biz də bunu bilməliyik. Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur. Biz hansı formada inteqrasiya edə bilərik. Bizi orada qəbul edə bilərlərmi? Yox. Bu, artıq reallıqdır, ancaq acı reallıqdır. Ona görə biz bundan sonra da ancaq daxili resurslar hesabına yaşamalıyıq.
Onsuz da heç kim bizə heç vaxt kömək etməmişdir. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Biz heç kimdən heç bir yardım gözləmirik, buna ehtiyac yoxdur. Sadəcə olaraq, bizim işimizə də heç kim qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin. Onsuz da bu səylər əbəsdir.
Hesab edirəm ki, Azərbaycan xalqı bu gün öz milli ləyaqətini qoruya bilir, bunu sübut edib. Bizim gücümüz xalqla iqtidar arasındakı birliyimizdədir. Ona görə də dünyada gedən acınacaqlı proseslərə baxmayaraq, biz Azərbaycanda inkişaf görürük. Yeni binalar, yeni sənaye müəssisələri tikilir, insanlar rahat yaşayır, seçkilər gözəl şəraitdə keçirilir. Bax, budur Azərbaycanın uğurlu inkişaf modeli. Mən əminəm ki, biz gələcəkdə də bu uğurlu yolla gedəcəyik.
Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm”.
Sonra rayon ictimaiyyəti adından çıxış edən Tahir Məmmədov Zaqatalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Yevlax-Balakən magistral yolu üzərində yerləşən, Yuxarı və Aşağı Tala kəndlərinin, həmçinin Zaqatala şəhərinin ərazisindən keçən hissəsinin genişləndirilməsi və abadlaşdırılması işləri ilə tanış olub.
Dövlətimizin başçısı işlərin yüksək səviyyədə görülməsi üçün tapşırıq və tövsiyələrini verib.
* * *
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərini başa çatdıraraq Şəkiyə gəlib.
Dövlətimizin başçısı Şəki şəhərinin mərkəzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidentinə məlumat verib ki, Ulu öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb.
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev inşaatçılarla xatirə şəkli çəkdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə nitq söyləyib: “Bu gün biz Şəki Məhkəmə Kompleksinin açılışını qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Çox gözəl binadır. Həm memarlıq, həm funksionallıq baxımından ən yüksək standartlara cavab verir. Bütün lazımi şərait yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Bir sözlə, bu Məhkəmə Kompleksi ən yüksək standartlara cavab verir.
Son illər ərzində Azərbaycanda məhkəmə binalarının tikintisi uğurla davam etdirilir. Biz bu yaxınlarda Bakıda Sabunçu Məhkəmə Kompleksinin açılışını qeyd etmişik. Verilən məlumata görə, on rayonda yeni məhkəmə binaları inşa edilir. Beləliklə, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi işində çox ciddi addımlar atılır. Bu binalar həm dövlət vəsaiti hesabına, eyni zamanda, Dünya Bankının köməyi ilə tikilir. Bu da bizim beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlığımızın nəticəsidir.
Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır.
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı Ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır.
Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır.
Hesab edirəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol oynayır. Xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcəkdir.
Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.
Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişaf üçün çox önəmli bir şərtdir.
Əlbəttə, hər bir ölkədə problemlər də, qüsurlar da, mənfi hallar da var. Bəzi hallarda biz Azərbaycanda, Avropada mövcud olan vəziyyətlə, qüsurlarla bağlı fikirlərimizi ifadə edirik. Yəni, biz də tənqidə açığıq və hər bir ölkə tənqidə açıq olmalıdır. Heç bir ölkə kamil deyil. Hər bir ölkədə qüsurlar, nöqsanlar var. Son vaxtlar Avropa qitəsində siyasi sahədə, beynəlxalq məsələlərin həllində çox ciddi səhvlər buraxılıbdır. Ancaq hesab edirəm ki, Avropa ölkələrində məhkəmə sistemi nümunə ola bilər. Burada biz bunu açıq deməliyik. Bu müsbət təcrübəni biz Azərbaycanda tətbiq etməliyik. Yəni, bu praktika göz qabağındadır. Burada heç bir şey icad etməyə ehtiyac yoxdur. Sadəcə olaraq işin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar, atılan addımlar düzgün istiqamətdə olmalıdır. Eyni zamanda, bunu qanunvericilik də, Prezident tərəfindən imzalanan sərəncamlar da tənzimləyir. Əsas odur ki, bu, həyatda öz əksini tapsın. Bu qərarların düzgün icrası Azərbaycanda məhkəmə sisteminin şəffaflığını artıracaq və xoşagəlməz hallara qarşı bizim siyasətimizi daha da təsirli edəcək.
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilmişdir. Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək.
Çünki əfsuslar olsun ki, buna hələ ehtiyac var. Ancaq bununla bərabər, əlbəttə ki, sistem xarakterli, institusional islahatların aparılmasına böyük ehtiyac var. Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün.
Hesab edirəm ki, son illər ərzində şəffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya, rüşvətxorluq üçün meydanı böyük dərəcədə daraldıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur və məhkəmə-hüquq sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir. İlk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var. Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər.
Azərbaycanda yüzlərlə mətbu orqan, azad internet mövcuddur. Əhalinin 75 faizi internet istifadəçisidir. Sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. O, başqa məsələdir ki, bəzi siyasi qrupların mitinqlərinə 200-300 adam yığışır. Ancaq fakt budur ki, heç bir məhdudiyyət yoxdur.
Son parlament seçkiləri bir daha onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə inamla, uğurla gedir. Son parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edibdir. Yüzlərlə xarici müşahidəçi seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər. Bu, dövlətimizin, xalqımızın növbəti böyük qələbəsidir və bir daha onu göstərir ki, Azərbaycanda demokratik inkişaf sürətlə gedir.
Bu gün Azərbaycan o ölkələrdəndir ki, burada gedən proseslər xalq tərəfindən müəyyən edilir. Xalq da öz sözünü seçkilər vasitəsilə ifadə edir. Xalq-iqtidar birliyi, gözəl ictimai iqlim və demokratik proseslər ölkəmizi gücləndirir. Məhz buna görə Azərbaycanda sabitlik maksimum dərəcədə təmin edilir, ölkəmizin inkişafı ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Çünki bizim apardığımız siyasət xalqın maraqlarını tam ehtiva edir. Bizim siyasətimiz xalqın maraqları üzərində qurulubdur. Təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf, sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasət - bizim əsas prinsiplərimiz bunlardan ibarətdir və hər istiqamət üzrə biz çox uğurlu mənzərənin uğurlu nəticələrini görürük.
Bu gün Azərbaycan dünya miqyasında iqtisadi və sosial inkişafla bağlı seçilən ölkələrdəndir. Heç bir böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz. Amma müəyyən dərəcədə təsir edə bilər. Bütövlükdə builki iqtisadi-sosial göstəricilərimiz göz qabağındadır. İqtisadiyyat artır, sosial layihələr, infrastruktur layihələri icra edilir, o cümlədən bu bölgədə. Bu gün Zaqatalada infrastruktur layihələrinin açılışını qeyd etmişik, Şəkidə, bütün bölgələrdə, bütün şəhər və rayonlarımızda tikinti-quruculuq işləri aparılır.
Bununla bərabər, beynəlxalq nüfuzumuz artır, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi öz rolunu oynayır. Bizim siyasətimizə çox böyük maraqla və rəğbətlə yanaşırlar. İlk növbədə ona görə ki, biz müstəqil xarici siyasət aparırıq və bizim siyasətimizin təməlində, bir daha demək istəyirəm, Azərbaycan xalqının iradəsi dayanır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var, düzdür azalır. Ancaq buna baxmayaraq, biz öz yolumuzla gedirik və nəticə də göz qabağındadır.
Bu gün dünyada gedən proseslər, qanlı toqquşmalar, müharibələr artıq dünya gündəmini zəbt edir. Yəni, bu, adi hala çevrilib. Ona görə Azərbaycanda sabitliyi, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək doğrudan da çox təqdirəlayiq bir haldır. Bu şəraitdə müstəqil siyasət yürütmək, iqtisadi-sosial inkişafa nail olmaq onu göstərir ki, düzgün siyasət aparılır, xalq da bunu görür, bəyənir və seçkilərdə öz sözünü deyir.
Ona görə Azərbaycanda aparılan işlər və gələcəkdə bizim planlarımızın reallaşması ölkəmizi daha da gücləndirəcəkdir. Mən gələcəkdə sosial və iqtisadi inkişafla bağlı heç bir ciddi problem görmürəm. Bizim maliyyə vəziyyətimiz, manatın məzənnəsi sabitdir, kifayət qədər valyuta ehtiyatlarımız var, bütün sosial layihələr - infrastruktur layihələri, tikinti-quruculuq işləri icra edilir.
Enerji sektorunda Azərbaycanın dünyadakı rolu getdikcə artmaqdadır və bu gün biz “Cənub” qaz dəhlizi kimi nəhəng layihəni - Avropanın bir nömrəli enerji layihəsini icra edirik və həm də liderlik göstəririk. Yəni, bütün bu işlər davam etdiriləcək. Bu işləri sürətləndirmək və daha da böyük nəticələr əldə etmək üçün cəmiyyətdə hələ ki, mövcud olan, bizi - iqtidarı və xalqı narahat edən problemlər aradan qaldırılmalıdır. Bunların içində korrupsiya, rüşvətxorluq birinci yerdədir. Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada çox böyük rolu vardır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir.
İslahatlar arasında onu da qeyd etməliyəm ki, hakimlərin maddi təminatı da son illər ərzində böyük dərəcədə yaxşılaşıbdır. Nəyə görə? Ona görə ki, normal yaşasınlar. Yəni, dövlət tərəfindən təminat yüksək səviyyədədir, imkan daxilində daha da artırılacaqdır. Məhkəmə sistemi elə olmalıdır ki, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli, səmərəli olsun və inkişafımıza mane olan bu əngəllər aradan götürülsün.
Buna nail olmaq üçün çox güclü siyasi iradə var - dövlət tərəfindən göstərilən iradə. Eyni zamanda, çox böyük ictimai dəstək var - xalq tərəfindən göstərilən dəstək. O ki qaldı dövlət məmurlarına - vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaqdır.
Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir.
Heç bir cəmiyyət kamil deyil. Hər bir ölkədə pozuntular var. Misal üçün inkişaf etmiş ölkələrdə gizli həbsxanalar yaradılmışdır. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdir. İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bax, bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar. Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır.
Yəni, bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu istəyir.
Ona görə də məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır. Yenə də demək istəyirəm, son vaxtlar bu sahədə aparılan islahatlar və verilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir. Ancaq hələ görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq. Nə vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik.
Mən sizi bu gözəl hadisə - Şəki Məhkəmə Kompleksinin açılışı münasibətilə bir daha təbrik edirəm, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram”.
Sonra ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış ediblər.
Görüşə yekun vuran Prezident İlham Əliyev deyib: “Bir daha qeyd etmək istəyirəm ki, bu kompleks doğrudan da göz oxşayır. Həm memarlıq, həm funksionallıq baxımından ən yüksək standartlara cavab verir. Onu da qeyd etməliyəm ki, Bakıdan sonra birinci belə böyük kompleks Şəki şəhərində yaradılıbdır.
İndi burada məruzədə deyildi ki, artıq bir çox komplekslərin tikintisi nəzərdə tutulur. Ancaq birinci böyük kompleks Şəki şəhərində istifadəyə verilib. Bu da təsadüfi deyil. Çünki Şəki qədim Azərbaycan diyarıdır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Bir çox şəhərlər memarlıq, yaxud da şəhərsalma baxımından bir-birinə oxşayır. Şəki elə şəhərdir ki, heç bir şəhərə oxşamır. Buranın gözəl təbiəti gözəl memarlığı və şəhərsalma prinsipləri ilə tamamlanır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki bizim böyük sərvətimizdir. Ona görə təsadüfi deyil ki, birinci kompleks məhz Şəki şəhərində istifadəyə verilir. Bu kompleks şəhərə əlavə yaraşıq verəcəkdir.
Şəkiyə mənim səfərlərim müntəzəm olaraq həyata keçirilir. Bu, Prezident kimi Şəkiyə yeddinci səfərimdir. Ondan əvvəl də dəfələrlə Şəkidə olmuşam. Burada gedən işlərə daim diqqət göstərirəm. İstəyirəm ki, bütün infrastruktur, sosial-iqtisadi layihələr daha da sürətlə getsin. Həm də yol infrastrukturu. Bu gün Şəki-Qax avtomobil yolunun açılışını qeyd etdik. Siz yaxşı bilirsiniz ki, əvvəllər buradan Qaxa getmək üçün təxminən 80 kilometr yolu qət etmək lazim idi. Bu gün isə 35 kilometrlik yeni yol istifadəyə verildi. Tapşırıq verildi ki, yolun davamı da olmalıdır - Zaqatalaya, ondan sonra Balakənə qədər. Artıq Şəki-Bakı yolu da ən yüksək standartlara cavab verir.
İnfrastruktur layihələri icra edilir. Qazlaşdırma prosesi gedir, ilin sonuna qədər daha da sürətlə gedəcək. Ümumi qazlaşdırma ilin sonuna qədər təxminən 80-85 faizə çatmalıdır. Bir məsələ məni bir qədər narahat edir. O da içməli su layihəsinin hələ də həll olunmamasıdır. Bizdən asılı olmayan səbəblərə görə belə vəziyyət yaranıb.
Bildiyiniz kimi, içməli su, kanalizasiya layihələri bütün şəhər və rayonlarımızda icra edilir. Onların bir çoxu dövlət büdcəsi vəsaiti hesabına icra edilir və bu halda heç bir yubanmaya da yol verilmir. Ancaq bəzi layihələr beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilir və bizdən asılı olmayan səbəblərə görə bəzi hallarda yubanmalar da olur. Əfsuslar olsun, hələ ki, Şəkinin içməli su problemi öz həllini tapmayıb. Mənə verilən məlumata görə, bu layihənin başa çatması 2017-ci ildə gözlənilir. Hesab edirəm ki, biz gələn il bu layihəni icra etməliyik. Çünki Şəki kimi şəhərdə əhali 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Hazırda bu, belə deyil və Şəki sakinləri bundan əziyyət çəkirlər. Bu, dözülməz haldır. Artıq göstərişlər verildi ki, müvafiq qurumlar bu işi sürətlə icra etsinlər və tezliklə bu məsələ öz həllini tapsın.
Digər infrastruktur layihələri ilə bağlı Şəki şəhərində və ətraf kəndlərdə lazımi tədbirlər görüləcək. Kənd yolları, elektrik enerjisi ilə təchizat, qeyd etdiyim kimi, qazlaşdırma layihələri və əlbəttə ki, iş yerlərinin yaradılması. Şəkinin çox böyük kənd təsərrüfatı, sənaye potensialı var. Əlbəttə ki, turizm potensialı da çox böyükdür. Şəkiyə gələn turistlərin axını dayanmır. Çox istərdim ki, daha da çox qonaq gəlsin, görsün ki, Azərbaycanda belə gözəl şəhər var. Şəki şəhəri tarixi, mədəni abidədir.
Gələcəkdə də Şəki şəhərinin və rayonun inkişafı ilə bağlı lazımi göstərişlər veriləcək. Bir daha demək istəyirəm ki, ölkəmizin maliyyə vəziyyəti sabitdir, müsbətdir. Maddi problemlərimiz yoxdur. Əlbəttə, neftin qiymətinin iki dəfə aşağı düşməsi bizim bəzi planlarımıza maneçilik törədib. Ancaq əsas sosial və infrastruktur layihələri icra edilir. Bizim kifayət qədər böyük maddi maliyyə bazamız vardır. Heç bir maliyyə problemimiz yoxdur və əminəm ki, Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də inkişaf edəcək, bütün rayonlar, şəhərlər, o cümlədən Şəki şəhəri daha da gözəlləşəcək, abadlaşacaq.
Mən şəkililəri bir daha bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm, onlara yeni uğurlar arzulayıram. Sağ olun”.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəkidə “Marxal” müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısı kompleksdə hazır nümunəvi otaqlara baxıb.
Prezident İlham Əliyev hazır kotteclərdə yaradılan şəraitlə də tanış olub.
Dövlətimizin başçısı inşaat işlərinin gedişi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31