Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın yeni inkişaf mərhələsi: dayanıqlı iqtisadiyyat, investisiya imkanları və qlobal bağlantılar

Azərbaycanın yeni inkişaf mərhələsi: dayanıqlı iqtisadiyyat, investisiya imkanları və qlobal bağlantılar

28.09.2026 [16:40]

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi model ölkənin qarşıdakı dövr üçün müəyyən etdiyi inkişaf istiqamətlərinin etibarlı əsasını təşkil edir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirdiyi fikirlər də göstərir ki, yeni mərhələdə əsas hədəf mövcud iqtisadi sabitliyi qorumaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, investisiya imkanlarını genişləndirmək və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə rolunu daha da gücləndirməkdir.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, indiyədək həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycanda sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem formalaşıb. Məhz bu baza gələcək inkişaf haqqında daha böyük hədəflərlə danışmağa imkan verir. Əlverişli investisiya mühiti sayəsində son 20 ildə ölkəyə 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun təxminən yarısını birbaşa xarici investisiyalar təşkil edib. Azərbaycanın beynəlxalq şirkətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi də uzunmüddətli iqtisadi siyasətin mühüm nəticələrindəndir.

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri iqtisadiyyatın neft-qaz sektorundan kənar sahələrinin potensialından daha geniş istifadə edilməsidir. Uzunmüddətli və dayanıqlı artımın təmin olunması üçün iqtisadiyyatın şaxələndirilməsi strateji əhəmiyyət daşıyır. Bu baxımdan bərpaolunan enerji Azərbaycan üçün ən perspektivli istiqamətlərdən biri kimi müəyyən olunur. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olması, quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyəti ölkənin bu sahədə geniş imkanlara malik olduğunu göstərir. Qarşıdakı beş ildə bərpaolunan enerji mənbələrinin ölkənin müxtəlif ərazilərində genişləndirilməsi nəzərdə tutulur.

Enerji siyasətində əsas məqsədlərdən biri elektrik enerjisi istehsalında təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatlardan ixrac məqsədilə istifadə etməkdir. Bununla yanaşı, Azərbaycan elektrik enerjisinin mühüm təchizatçılarından birinə çevrilməyi hədəfləyir. Bərpaolunan enerjinin inkişafı yalnız istehsalla məhdudlaşmır, ötürücülük və enerjisaxlama imkanlarının genişləndirilməsi də bu siyasətin mühüm hissəsidir. Elektrik enerjisinin, xüsusilə Avropanın enerji bazarlarına ixracı Azərbaycanın enerji təhlükəsizliyindəki rolunun və beynəlxalq iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edə bilər.

Azərbaycanın gələcək inkişafının digər mühüm istiqaməti nəqliyyat, logistika və bağlantı imkanlarının genişləndirilməsidir. Ölkənin coğrafi mövqeyindən maksimum səmərəli istifadə edilməsi məqsədilə uzun illər ərzində dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalarına və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırılıb. Bununla yanaşı, qonşu ölkələrlə qarşılıqlı əməkdaşlıq və proqnozlaşdırıla bilən münasibətlər Azərbaycanın tranzit imkanlarının genişlənməsində mühüm rol oynayır.

Bu gün Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçılarından biridir. Ölkə ərazisindən keçən tranzit yüklərin həcminin sürətlə artması Azərbaycanın regional və beynəlxalq nəqliyyat sistemində əhəmiyyətinin yüksəldiyini göstərir. Prezident İlham Əliyevin açıqladığı hədəfə əsasən, 2030-cu ilədək hər iki istiqamətdə daşımaların həcminin 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatdırılması nəzərdə tutulur.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi də bu baxımdan yeni imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan coğrafi baxımdan Qafqazda yerləşsə də, siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsidir. Nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşma və gömrük idarəçiliyinin inkişafı Azərbaycanın tranzit və investisiya potensialını daha da artıran amillərdir.

İnvestisiya cəlbediciliyini müəyyən edən əsas amillər sırasında siyasi və iqtisadi sabitlik xüsusi yer tutur. Azərbaycanın güclü maliyyə sistemi, aşağı dövlət borcu və böyük valyuta ehtiyatları ölkənin iqtisadi dayanıqlığını təmin edən mühüm göstəricilərdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın valyuta ehtiyatları xarici borcunu təxminən 20 dəfə üstələyir. Eyni zamanda, manatın ABŞ dollarına münasibətdə məzənnəsi 2017-ci ilin aprelindən dəyişməz olaraq qalır.

Azərbaycanın investorlarla münasibətlərində etibarlılıq prinsipi də mühüm yer tutur. Neft və qaz sektorunda onilliklər əvvəl imzalanmış müqavilələrə münasibətdə öhdəliklərə sadiqlik ölkənin uzunmüddətli tərəfdaş kimi nüfuzunu formalaşdırıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu təcrübə investorların Azərbaycanla əməkdaşlıq qərarına təsir edən mühüm amillərdən biridir.

Neft və qaz sektoru yaxın gələcəkdə də Azərbaycan iqtisadiyyatında mühüm rolunu qoruyacaq. Bununla yanaşı, bu sahədən əldə olunan gəlirlərin yenidən iqtisadiyyata yönəldilməsi və digər istiqamətlərin inkişafının maliyyələşdirilməsi ölkənin şaxələndirmə siyasətinin mühüm elementidir. Mədənçilik də böyük potensiala malik sahələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə qəbul edilmiş dövlət proqramı yeni fəaliyyət imkanlarının yaradılmasına xidmət edir.

Yeni iqtisadi mərhələnin mühüm istiqamətlərindən biri rəqəmsal transformasiyadır. Azərbaycanın regionda rəqəmsal fəaliyyət mərkəzinə çevrilməsi üçün kadr potensialının gücləndirilməsi, kibertəhlükəsizlik sahəsinin inkişaf etdirilməsi və müasir rəqəmsal infrastrukturun formalaşdırılması prioritet hesab olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil.

Bu baxımdan insan kapitalına qoyulan investisiyalar xüsusi əhəmiyyət daşıyır. Xaricdə təhsil proqramları, qabaqcıl beynəlxalq təcrübənin ölkəyə gətirilməsi və yerli mütəxəssislərin hazırlanması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas elementlərindəndir. Neft-qaz sənayesində əldə olunan təcrübə göstərir ki, xarici bilik və texnologiyanın yerli kadr potensialının inkişafı ilə birləşdirilməsi davamlı nəticələr yarada bilir.

Hazırda Azərbaycan ÜDM-nin 70 faizindən çoxunun qeyri-neft sektorunun payına düşməsi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan nəticəni göstərir. Bununla belə, ixrac strukturunda neft və qazın payının hələ də 90 faizdən çox olması qarşıdakı mərhələdə qeyri-neft ixracının artırılmasının vacibliyini ortaya qoyur. Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi istiqamətlər də məhz bu balansın dəyişdirilməsinə, yeni istehsal, ixrac və investisiya imkanlarının yaradılmasına hesablanıb.

Mövcud infrastruktur imkanları da Azərbaycanın yeni investisiyaları qəbul etmək potensialını artırır. Ölkənin 96 faizinin qazlaşdırılması, elektrik enerjisi və genişzolaqlı internetlə tam əhatə olunması, doqquz beynəlxalq hava limanının mövcudluğu və dəniz limanının genişləndirilməsi iqtisadi fəaliyyət üçün mühüm baza yaradır. Növbəti mərhələdə isə çoxmilli maraqlara xidmət edən nəqliyyat, logistika, rəqəmsal və enerji infrastrukturu layihələri daha böyük əhəmiyyət kəsb edir.

Bütün bunlar göstərir ki, Azərbaycanın iqtisadi inkişaf strategiyası yalnız ayrı-ayrı sektorların böyüməsini deyil, enerji, nəqliyyat, rəqəmsallaşma, insan kapitalı və investisiya mühitinin bir-birini tamamladığı kompleks inkişaf modelini nəzərdə tutur. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ifadə etdiyi mövqelər Azərbaycanın növbəti inkişaf mərhələsinin əsas konturlarını aydın şəkildə ortaya qoyur: iqtisadi sabitliyin qorunması, şaxələndirmənin dərinləşdirilməsi, beynəlxalq bağlantıların genişləndirilməsi və ölkənin etibarlı investisiya tərəfdaşı kimi mövqeyinin daha da möhkəmləndirilməsi.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30