Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev: Bu gün tarixi gündür və bu layihə, ilk növbədə, Türkiyə-Azərbaycan birliyinin layihəsidir

Prezident İlham Əliyev: Bu gün tarixi gündür və bu layihə, ilk növbədə, Türkiyə-Azərbaycan birliyinin layihəsidir

18.03.2015 [10:00]

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının Qars şəhərinə işgüzar səfərə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda Heydər Əliyev adına parkda Ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlıqdan və “Şahdəniz” qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edilib. Ötən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin, eləcə də bu gün (yəni dünən - red.) Qarsda TANAP layihəsinin təməlinin qoyulmasının önəmi vurğulanıb, “Cənub” qaz dəhlizi layihəsi üzrə işlərin uğurla davam etməsinin əhəmiyyəti qeyd olunub. “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi kimi TANAP-ın önəmi vurğulanıb, bu layihələrdə bütün işlərin plan üzrə həyata keçirildiyi bildirilib.
Söhbət zamanı 2018-ci ildə “Şahdəniz-2” layihəsindən Türkiyəyə 6 milyard kubmetr əlavə qazın verilməsinin əhəmiyyəti qeyd edilib. TAP layihəsi üzrə də işlərin uğurla davam etdiyi vurğulanıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirilib.
Görüşdə bp-nin TANAP layihəsinin səhmdarlarından biri olmasından məmnunluq ifadə edilib, digər layihələr üzrə də işlərin uğurla davam etdirildiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Martın 17-də Qarsda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Görüşdə strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vurğulanıb, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin rolu qeyd edilib. Azərbaycanın və Türkiyənin iştirak etdikləri mühüm strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdiyi bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dünən Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı da olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılış mərasimində iştirak ediblər.
Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Sonra Türkiyənin milli təhsil naziri Nəbi Avcı çıxış edib. Nazir bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz arasında qardaşlıq və dostluq münasibətlərinin gözəl nümunəsi adlandıraraq deyib: “Bu məktəb ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz əlaqələrin güclü nişanəsidir”.
Nəbi Avcı məktəbin qurulmasındakı xidmətlərinə görə azərbaycanlı qardaşlarına minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qardaş Türkiyədə yenidən olmağından, qədim türk torpağı Qarsa gəlməkdən qürur duyduğunu deyib. Ulu öndər Heydər Əliyevin adının bu məktəbə verilməsinə, həmçinin Qarsda Ümummilli liderin xatirəsinin əziz tutulduğuna görə minnətdarlığını bildirib. Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında müstəsna rol oynadığını deyən Prezident İlham Əliyev Ulu öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini diqqətə çatdırıb. Bu gün Türkiyənin dünyada güc mərkəzinə çevrildiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb, təhsil sektorunda da əməkdaşlığın gücləndiyini deyib, son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən islahatlardan, görülən işlərdən danışıb. Türkiyə və Azərbaycanın bu gün dünyada baş verən hadisələrə mətanətlə sinə gərdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin tarixi keçmişə də sadiq qaldığını diqqətə çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan liseyin açılışı münasibətilə təbriklərini çatdırıb. Yüksək standartlara uyğun inşa edilən bu məktəbin tikintisində əməyi olan hər kəsə, xüsusilə də Prezident İlham Əliyevə təşəkkürünü bildirib. “Heydər Əliyevin adını ölkəmizin hər yerində yaşatmağa çalışacağıq”, - deyən Türkiyə dövlətinin başçısı bütün bunların xalqlarımız və ölkələrimiz arasındakı dostluq və qardaşlığın nümunəsi olduğunu vurğulayıb.
Min illik mədəniyyətlərin qovuşduğu məkan kimi Qarsın türk tarixində böyük əhəmiyyətinin olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən, fədakarlıq, qalibiyyət kimi ümummilli məfhumların Qarsın timsalında daha dolğun əks olunduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili liseyin rəmzi açılışını bildirən lenti kəsiblər.
Azərbaycan və Türkiyə prezidentləri liseyin xatirə kitabına ürək sözlərini yazıblar.
Dövlət başçıları liseyin binasında yaradılan şəraitlə tanış olublar.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində ağac əkiblər.
Martın 17-də Qars valisi Günay Özdemirin adından dövlət başçılarının şərəfinə nahar verilib.
Dünən Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.
Əvvəlcə TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirilib. Filmdə qeyd olunur ki, TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzasıdır. Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Mərasimdə Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət himnləri səslənib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev TANAP-ın həyata vəsiqə qazanmasının Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində mümkün olduğunu bildirib, bu layihənin ölkələrimizin inkişafına və xalqlarımızın rifahına xidmət edəcəyini diqqətə çatdırıb.
“Bu gün burada ABŞ Prezidenti Barak Obamanı və dövlət katibi Con Kerrini təmsil etmək mənim üçün şərəfdir”, - deyən Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn bildirib ki, ABŞ “Cənub” qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür. TANAP layihəsinin həyata keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən A.Hoxstayn “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı Birləşmiş Ştatların dəstəyini ifadə edib.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç 2014-cü ildə Bakıda “Cənub” qaz dəhlizinin, 6 ay sonra isə Qarsda TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi dəyərləndirib. “Cənub” qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşmasına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən M.Şefçoviç deyib ki, layihəyə böyük əhəmiyyət verən Avropa İttifaqı işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcək.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Avropa İttifaqı ölkələrinin təbii qaza ehtiyacının ödənilməsi istiqamətində mühüm layihə olan TANAP-ı “Cənub” qaz dəhlizinin əsas hissəsi adlandırıb. O, böyük siyasi əhəmiyyətə malik bu layihənin ölkələrimizdəki iqtisadi inkişafın təminatçısı olacağını deyib.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili “Cənub” qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu qeyd edərək, bu layihənin regionun inkişafında mühüm rol oynayacağını bildirib. Gürcüstan dövlətinin başçısı TANAP layihəsinin Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm və digər layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha Türkiyədə olmaqdan məmnunluğunu bildirib, gələn ay Çanaqqala zəfərinin 100 illik yubileyində qardaş ölkəyə yenidən səfər edəcəyini söyləyib. “Bu gün tarixi gündür və bu layihə, ilk növbədə, Türkiyə-Azərbaycan birliyinin layihəsidir”, - deyən dövlətimizin başçısı ölkələrimizin bir-birinin uğurlarına hər zaman sevindiyini diqqətə çatdırıb. Bildirib ki, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və cəsarəti sayəsində reallaşan “Əsrin müqaviləsi” ilə başlanan enerji siyasəti nəticəsində ilk dəfə Xəzər dənizinə xarici neft şirkətləri gəlib. Xəzər neftinin ixrac olunması üçün inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi bölgənin və qitənin enerji təhlükəsizliyində əvəzsiz rol oynayıb. TANAP qaz kəmərinin də bu enerji dəhlizi üzrə inşa edildiyini deyən Prezident İlham Əliyev dünya miqyasında böyük qaz yataqlarından olan “Şahdəniz”in “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu vurğulayıb. Qısa vaxtda dünyada böyük dəstək qazanan TANAP, 2013-cü ildə “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə gedəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı “Cənub” qaz dəhlizini Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirib. Bildirib ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları “Cənub” qaz dəhlizini təmin edəcək, bu layihə ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq.
Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata keçirilən layihələrin hər zaman uğur qazandığını vurğulayan, bu layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən Prezident İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolunu vurğulayıb, TANAP layihəsinin təməlinin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbə günündə qoyulmasının rəmzi məna daşıdığını deyib və layihəyə uğurlar arzulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihənin sülhə və rifaha xidmət etməsini arzulayıb. Dövlət başçısı “Şahdəniz” qazını Avropaya çatdıracaq bu kəmərin əhəmiyyətindən danışıb, onun ilk növbədə, ölkələrimizin və bölgə xalqlarının rifahına xidmət edəcəyini bildirib. Nəzərdə tutduğu hədəflərin özəlliyi baxımından TANAP-ın alternativinin olmadığını deyən Rəcəb Tayyib Ərdoğan onun Avropa ilə Xəzər bölgəsi arasında güclü əlaqə yaradacağını, layihənin nəzərdə tutulduğu vaxtda istismara veriləcəyinə əmin olduğunu deyib.
Sonra TANAP boru kəmərinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin Qars şəhərinə işgüzar səfəri martın 17-də başa çatıb.
Qars şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısı İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.
Dövlətimizin başçısı İlaxır çərşənbə münasibətilə Türkiyə Prezidentini təyyarəyə çay süfrəsinə dəvət edib.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət ediblər.

Paylaş:
Baxılıb: 788 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31