Azərbaycanın qlobal iqlim fəaliyyətində liderliyi
11.09.2026 [10:53]
Bakıdan yeni çağırış: İqlim maliyyəsini 1 trilyon ABŞ dollarını ötən miqyasda səfərbər etmək mümkündür
Uğurlu siyasət nəticəsində orta güc dövləti səviyyəsinə yüksələn Azərbaycan özünün geniş imkanlarını təqdim etməklə qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsinə davamlı töhfələr verir. O cümlədən respublikamız hazırda dünyada əsas çağırışlardan biri sayılan iqlim fəaliyyətləri sahəsində qlobal liderliyini davam etdirir. Böyük uğurla keçən və bir sıra mühüm substantiv nəticələr əldə olunan GOP29-dan sonra ölkəmizin bu sahədə daha bir neçə beynəlxalq tədbirə, son olaraq isə bu günlərdə Dördüncü Bakı İqlim Fəaliyyəti Həftəsinə (BCAW) ev sahibliyi etməsi bunun əyani təsdiqidir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət və özəl sektor nümayəndələrini, investorları, beynəlxalq təşkilatları, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, şəhərləri və digər tərəfləri bir araya gətirərək konkret iqlim həllərinin təşviqi, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının genişləndirilməsinə xidmət edir. Xarici işlər naziri Ceyhun Bayramov Dördüncü Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış tədbirindəki çıxışında, həmçinin jurnalistlərə açıqlamasında ölkəmizin gündəliyinin aktual məsələlərinə diqqət çəkib, eyni zamanda iqlim fəaliyyətləri ilə bağlı beynəlxalq birliyə bir sıra mühüm çağırışlar edib.
Qlobal iqlim dəyişmələrindən bütün dünya təsirlənir
Hazırda dünya üzrə iqlim dəyişmələri ilə bağlı çağırışların aktuallığının artması heç də təsadüfi deyil. Ekspertlər kədərli müqayisələr aparırlar. Bildirilir ki, əgər bir vaxtlar qlobal səviyyədə əhali artımına, insanların həyat tərzinə, sosial vəziyyətinə daha çox müharibələr mənfi təsir göstərirdisə, indi burada iqlim dəyişmələri önə çıxmaqdadır. Dünyanı təhdid edən iqlim dəyişmələrinin qlobal istiləşmə və sürətli sənaye inkişafının nəticəsi olaraq yarandığı bildirilir. Uzun illərdir ki, dünyada artan əhali neft, qaz, kömür yandırır. Eyni zamanda, avtomobillərin sayı sürətlə artır. Bütün bu kimi fəaliyyətlər atmosferə daha çox həcmlərdə tullantıların, karbon qazının buraxılması ilə nəticələnir. Eyni zamanda, qlobal istiləşmənin sürətlənməsi həyəcan təbili çalmağa əsas verir. 2011-2020-ci illər arasında buzlaqların əriməsi əvvəlki 10 illərlə müqayisədə 75 faiz artıb. Təbii fəlakətlərin - isti küləklərin, qasırğaların, yağıntıların, sel və daşqınların sayı əhəmiyyətli dərəcədə artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq bu göstərici 2000 metr dərinliyə qədər çatır.
Fəsadlar da çox ağırdır. Ekstremal hava şəraiti, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə öz mənfi təsirlərini göstərir. Təəssüf ki, biz belə mənfi təsirlərin statistikasında sürətli artım dinamikasını izləyirik. Ətraf mühitin çirklənməsi, müxtəlif təbiət hadisələri hər il təxminən 13 milyon insanın həyatına son qoyur. Bu gün iqlim dəyişmələri insanları yoxsulluğa sövq edən və həyat tərzinin yaxşılaşmasına mane olan əsas problemlərdən biri qismində çıxış edir. XXI əsrin ikinci onilliyində (2010-2019) ekologiya ilə bağlı hadisələr hər il orta hesabla 23,1 milyon insanı öz daimi yaşayış yerindən köçmək məcburiyyəti ilə üz-üzə qoyub. Xüsusilə də son dövrlər iqlim dəyişmələrinin fəsadları qlobal iqlim böhranında təhlükəli hadisələrin artması və onların daha da şiddətlənməsi ilə müşahidə edilir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Panelinin sonuncu hesabatında bildirilib ki, aşağı və ortagəlirli ölkələrdə, xüsusilə şəhər ərazilərində iqlim risklərinə həssaslıq daha da yüksəlir. Avropada anomal istilər, Nepalda dağıdıcı sellər vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir.
Həmçinin bütün dünya kimi, Azərbaycan da iqlim dəyişmələrindən ciddi şəkildə təsirlənir. Ölkəmizdə avqust ayının son günündə bir sutka ərzində 5 aylıq normada yağıntı düşüb. Ceyhun Bayramov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış tədbirindəki çıxışında diqqəti Xəzər dənizində müşahidə edilən dəyişmələrə çəkib. XİN rəhbərinin vurğuladığı kimi iqlim dəyişmələrinin bir nümunəsi Xəzər dənizidir. “Son bir neçə il ərzində Xəzər dənizinin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu gün Xəzərin sahilində, gözəl Bakı bulvarı boyunca gördüyünüz sahil xətti cəmi bir neçə onillik əvvəl tanıdığımız sahil xətti deyil. İqlim dəyişikliyinin artan təsirləri milli iqtisadiyyatlar və dövlət maliyyəsi üzərində maliyyə təzyiqi yaradır. Qlobal qeyri-sabitlik, münaqişələr və bazarlardakı dəyişiklik bu təzyiqləri daha da artırır. Bu proseslər iqtisadi şaxələndirməni və enerji dayanıqlığını milli təhlükəsizlik, iqtisadi sabitlik və uzunmüddətli dayanıqlılıq baxımından getdikcə daha mühüm edir”, - deyə nazir vurğulayıb.
COP29-un son dərəcə uğurlu nəticələri
Azərbaycanın 2024-cü ilin noyabr ayında böyük uğurla ev sahibliyi etdiyi COP29 artıq tarix olsa da, onunla bağlı müzakirələr beynəlxalq platformalarda hələ də davam etdirilir. Bu, bir tərəfdən son vaxtlarda iqlim çağırışlarının aktuallığının artması ilə, digər tərəfdən isə Bakıda çox mühüm nəticələrin əldə olunması ilə bağlıdır. Azərbaycan qısa müddətdə COP29-a məsuliyyətli hazırlıqlar görərək tədbiri yüksək səviyyədə keçirməyə, beynəlxalq birliyin diqqətini həssas məqamlara yönəltməyə, maliyyələşmə ilə bağlı konsensusa gəlinməsinə nail olmağı bacardı.
COP29-un mirası çox doğru olaraq Azərbaycanın qlobal liderliyinin əyani təsdiqi kimi dəyərləndirilir. Məhz ölkəmizin, şəxsən Prezident İlham Əliyevin böyük səyləri sayəsində Bakıda baş tutan iqlim konfransında uğurlu nəticələr əldə olundu. Bu sırada aşağıdakıları xüsusi olaraq qeyd etmək mümkündür:
- Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Xatırladaq ki, bu göstərici əvvəllər 100 milyard dollar olub.
- 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.
- 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
- Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması.
- COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi.
Dördüncü Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan tədbirlərdə iştirakçılar Azərbaycanın COP29 konfransı ilə qlobal iqlim fəaliyyətlərinə verdiyi böyük töhfələri yüksək dəyərləndiriblər. Ceyhun Bayramov çıxışında bildirib ki, COP29 zamanı Bakıda iqlim maliyyələşdirilməsi, karbon bazarları və Paris Sazişinin digər istiqamətləri üzrə tarixi qərarlar qəbul edildi. Bu qərarlar iqlim fəaliyyətinin sürətləndirilməsinə, öhdəliklərini həyata keçirməyə hazır olan, lakin bunun üçün kifayət qədər resursu olmayan ölkələrə dəstək göstərilməsinə xidmət edir.
Nazir qeyd edib ki, Bakı Maliyyə Məqsədi tərəflər arasında etimadın təməli kimi layiqincə yerinə yetirilməli və həyata keçirilməlidir: “Onun ambisiyası 300 milyard ABŞ dollarını aşmalıdır. Bakıdan Beləmə Yol Xəritəsinin də göstərdiyi kimi, iqlim maliyyəsini 1 trilyon ABŞ dollarını ötən miqyasda səfərbər etmək mümkündür”.
Azərbaycan fəal rolunu davam etdirməyə hazırdır
Məsuliyyətli dövlət olan Azərbaycan digər istiqamətlərdə olduğu kimi, iqlim fəaliyyətlərində də ardıcıllıq nümayiş etdirir. Respublikamız 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.
Ceyhun Bayramov bildirib ki, biz iqlim gündəliyində və ondan kənarda tərəqqinin təmin olunmasında fəal rolumuzu davam etdirməyə hazırıq. “COP Sədrliyimizin başa çatmasından sonra da bu dinamikanı davam etdiririk. Rəsmi platformalarla yanaşı, qeyri-rəsmi diplomatiyanın mühüm rolunu da qəbul edirik. 2024-cü ildən etibarən Şamaxı Görüşləri vasitəsilə baş danışıqları bir araya gətirərək etimad yaratmağa, fikir ayrılıqlarını aradan qaldırmağa və mürəkkəb iqlim məsələləri üzrə konsensusa nail olmağa çalışırıq. Ekspertlər və siyasətçilər iqlim dəyişikliyini və onun genişmiqyaslı təsirlərini müzakirə etmək üçün yenidən Bakıda bir araya gəliblər. Bakı İqlim Həftəsini rəsmi olaraq açarkən əsas diqqətimiz COP31-ə Antalyada keçiriləcək növbəti COP-a doğru dinamikanın qorunmasına, eyni zamanda regional və çoxtərəfli tərəfdaşlıqların gücləndirilməsinə yönəlib. Bu ortaq məsuliyyət ruhunda Azərbaycan Türkiyəyə, növbəti COP-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, sarsılmaz və qardaş dəstəyini bir daha təsdiqləyir. COP29 və COP31 Sədrilikləri arasında əməkdaşlıq regional həmrəyliyin nümunəsidir. Bu əməkdaşlıq iqlim fəaliyyətində davamlılığı, ambisiyalı iqlim maliyyələşdirmə mexanizmlərini və qlobal səviyyədə ardıcıl fəaliyyətin təmin edilməsinə xidmət edir”, - deyə nazir vurğulayıb.
Ölkənin ambisiyalı yaşıl gündəliyi
Ceyhun Bayramov bildirib ki, bu çərçivədə beynəlxalq səviyyədə nümayiş etdirdiyimiz liderliyi ölkə daxilində qətiyyətli addımlarla tamamlayırıq. Azərbaycan üçüncü Milli Müəyyənləşdirilmiş Töhfəsini (NDC) təqdim edib. Biz iri həcmli günəş və külək layihələrini istifadəyə verməklə, hidroenerji imkanlarını genişləndirməklə və beynəlxalq tərəfdaşlarla təmiz enerji layihələri həyata keçirməklə bərpaolunan enerji gücümüzü artırırıq.
XİN rəhbərinin bu kimi fikirləri ölkəmizin reallıqlarına və geniş potensialına əsaslanır. Ölkəmizin kifayət qədər ambisiyalı yaşıl enerji gündəliyi var. Azərbaycan yeni qlobal çağırışa ilk qoşulan ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və “yaşıl enerji” məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Müəyyənləşdirilən zaman çərçivəsində bu hədəfə çatılması tam realdır. Xəzərin Abşeron sahillərində, işğaldan azad olunmuş ərazilərimizdə, Naxçıvanda bərpa olunan mənbələrdən enerji istehsalı üçün geniş imkanlar mövcuddur. Hesablamalara görə, ölkənin bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt təşkil edir.
Azərbaycan dünyadakı qabaqcıl təcrübəyə istinad etməklə özünün zəngin bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə etmək niyyətindədir. Bu sahəyə məşhur şirkətlərin investisiyalarının cəlb olunması böyük perspektiv vəd edir. İndiyədək bir neçə stansiya fəaliyyətə başlayıb və yenilərinin də inşası davam etdirilir. “Artıq imzalanmış sazişlər təxminən 6 QVt əlavə günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutur. Bu planlarla Azərbaycan ilk Qlobal Baxışın müəyyən etdiyi ambisiyanı daha da irəli aparmağa hazırdır. Həmin ambisiya 2030-cu ilə qədər qlobal bərpa olunan enerji gücünün üç dəfə artırılmasını nəzərdə tutur. Biz ənənəvi enerji istehsalçılarının yaşıl və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirmək əzmindəyik. Bütün bu elementlər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır”, - deyə Ceyhun Bayramov vurğulayıb.
Azərbaycanın sülh prosesinə yanaşması dəyişməzdir
İndiki mərhələdə Azərbaycanın gündəliyinin ən vacib məsələlərindən biri sülh prosesi ilə bağlıdır. Məhz ölkəmizin, şəxsən Prezident İlham Əliyevin böyük səyləri sayəsində Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesi ötən ilin avqust ayında Vaşinqtonda yekun sülh sazişinin paraflanmasınadək irəliləyib. Hazırda regionda real sülh var və etimad quruculuğu istiqamətində ardıcıl addımlar atılır. Ceyhun Bayramov jurnalistlərə müsahibəsində bildirib ki, tarixi Vaşinqton sammitində çox mühüm və tarixi sənədlər qəbul edildi, vacib bəyanatlar səsləndirildi. Prezident İlham Əliyev Vaşinqton sammitindəki çıxışı zamanı Azərbaycan üçün artıq sülh dövrünün başladığını bəyan etdi. Sonrakı proseslər və Azərbaycan tərəfinin atdığı addımlar da bunu əyani şəkildə sübut etdi.
Nazir ötən il qəbul edilmiş birgə bəyanatda əksini tapan məsələlərin və Ermənistan tərəfinin verdiyi bəyanatların göz qabağında olduğunu qeyd edərək deyib: “Sülh sazişi barədə danışıqların müəyyən bir mərhələsində, avqustda bu prosesin başa çatması gözlənilirdi. Lakin gerçək addımların atılması, konstitusiyanın dəyişdirilməsi və yeni konstitusiyanın qəbul edilməsi tələb olunurdu. Bütün bunların fonunda bu prosesdə həm Azərbaycan ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin gözlədiyi mövqeyi eşitdik”.
Nazir, xüsusilə ötən dövrdə Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində belə bəyanatların verildiyini diqqətə çatdıraraq seçkilərdən sonra Ermənistan Baş nazirinin öz çıxışlarında yenidən ilin sonuna həmin konstitusiya prosesinə dair gözləntilərin olduğunu qeyd etdiyini söyləyib.
C.Bayramov bu addımların atılması ilə yeni bir mərhələyə keçildiyini, Ermənistanın bu öhdəliklərə riayət etməsi prosesində müsbət gözləntilər olduğunu qeyd edib. “Bizim yanaşmamız dəyişməz olaraq qalır. Prosesin davam etməsi və sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur”, - deyə o əlavə edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50

