Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qlobal iqlim diplomatiyasının paytaxtı

Qlobal iqlim diplomatiyasının paytaxtı

09.09.2026 [09:52]

Bakı İqlim Fəaliyyəti Həftəsi təmiz enerjiyə keçidin mühüm platformasına çevrilir

Azərbaycanda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi ətraf mühitin mühafizəsi və təmiz enerjiyə keçidin təmin edilməsində mühüm platforma kimi diqqəti cəlb etməkdədır. Ölkəmiz bu tədbirə də yüksək təşkilatçılıq etməklə qlobal iqlim diplomatiyasının mühüm mərkəzlərindən biri olduğunu təsdiqləməkdədir. Enerji böhranları, elektrikləşmə, rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaratdığı sürətli tələb artımı fonunda enerji keçidinə balanslı yanaşmanın vacibliyi daha da ön plana çıxıb. Əsas məsələ ekoloji çağırışlara cavab verə biləcək təmiz, təhlükəsiz və dayanıqlı enerji sistemini optimal templə qurmaqdır. Bu isə yeni generasiya gücləri ilə yanaşı, elektrik şəbəkələrinin, enerji saxlanc sistemlərinin, enerji səmərəliliyinin və interkonnektorların paralel inkişafını tələb edir. Məhz bu konteksdən beynəlxalq ekoloji icma Bakı İqlim Fəaliyyəti Həftəsini gələcəyə hesablanmış yol xəritəsinin müəyyənləşdiyi platforma, peşəkar təcrübələrin öyrənilməsi üçün sanballı model kimi qiymətləndirir.

Paytaxtda müəyyənləşən iqlim maliyyəsi çərçivəsi

Azərbaycan COP29 sammitində iqlimi ailəsi üçün yeni həll yollarını və maliyyə arxitekturası formalaşdırmaqla dərin etimad qazanıb. Avropanın bir çox ölkəsi də daxil olmaqla qitə ölkələrinin karbonsuzlaşdırma, 2030-cu ilə qədər qlobal bərpaolunan enerji potensialının üç dəfə artırılması, təbiətin qorunması və artırılması, karbon tullantılarının qorunması və emissiyaların üçdə birini təşkil edən qida sistemlərinin transformasiyası istiqamətində hərəkətləri sürətləndirmək barədə razılığa gəlməsi və yekun bəyannamələr imzalaması məsuliyyətli iqlim alyansını formalaşdırıb.

Beynəlxalq iqlim ailəsinin Bakı razılaşmasına əsasən, 2035-ci ilə qədər illik iqlim maliyyəsinin 1,3 trilyon dollara çatdırılması hədəflənir. Azərbaycanın təşəbbüsü ilə müəyyənləşmiş maliyyə həmrəyliyi konsepsiyasına əsasən, bütün ölkələr birgə çalışaraq təkcə dövlət sektorunun deyil, həm də özəl sektorun maliyyəsi hesabına 300 milyard dollarlıq iqlim maliyyə hədəfini 1,3 trilyon dollara çatdırmağa çalışacaq. Nəticədə bu hədəf prinsipləri iqlim hədəflərinə çatmaqda dayanıqlı maliyyə mexanizmlərinin formalaşmasında mühüm rol oynayacaq.

İqlim Həftəsi qlobal iqlim gündəliyinin əsas mövzularını əhatə edən strateji məsələlərin müzakirəsi ilə yadda qalmaqdadır. İqlim siyasətinin gücləndirilməsi, dayanıqlı moda, aqrobiznes, sənaye əmək bazarında ədalətli keçid və dayanıqlı tikinti mühiti kimi prioritet istiqamətlərdə bir araya gələn ekspertlər, dövlət və özəl sektorun və beynəlxalq təşkilatların nümayəndələri regional iqlim dayanıqlılığının artırılması, yaşıl texnologiyaların tətbiqi və iqtisadi transformasiyanın idarə olunması üzrə konkret təkliflər və yol xəritələri formalaşdırmaq təşəbbüsü ilə çıxış etməkdədir. İştirakçılar iqlim siyasətinin hüquqi əsaslarının möhkəmləndirilməsinin, şəffaf hesabatlılıq və “xalis sıfır” hədəflərinin reallaşdırılmasının vacibliyini qeyd edirlər. Aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası, su resurslarının idarəedilməsi, torpaqların qorunması və yaşıl texnologiyaların tətbiqi üzrə praktiki təcrübələr paylaşılıb. İştirakçılar həmçinin aqrobiznesin maliyyələşdirilməsi və iqlim risklərinin azaldılması istiqamətində siyasətlərin uyğunlaşdırılması yollarıı da əsas müzakirə mövzusu kimi diqqəti cəlb edir.

Tədbir həm də Azərbaycanın “yaşıl infrastruktur” və “ağıllı şəhər” strategiyaları kontekstində yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması və yerli sənaye müəssisələrinin bu istiqamətdə rolu baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cəhətdən aparılan faydalı müzakirələr Azərbaycanın dayanıqlı tikinti mühiti üzrə yol xəritəsinin hazırlanması və həyata keçirilməsi üçün institusional əməkdaşlığında yeni imkanlar açacaq.

“Qlobal Dəniz Külək Alyansı”na qoşulma

Azərbaycanın günəş və külək enerjisi imkanları qlobal iqlim ailəsi tərəfindən yüksək dəyərləndirilir və bu sahədə ölkəmizlə əməkdaşlıq edən investorların və təşkilatların sayı artır. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Azərbaycanın iqlim alyansları ilə sıx əməkdaşlığını yüksək dəyərləndirib və  agentliyin ən fəal və etibarlı tərəfdaşlarından biri olduğunu bildirib, COP29 çərçivəsində enerji saxlanc sistemləri, elektrik şəbəkələri və hidrogen üzrə irəli sürülmüş təşəbbüslərin qlobal enerji gündəliyinə mühüm töhfə verdiyini vurğulayan Kamera COP31-ə hazırlıq çərçivəsində ölkəmizin təşəbbüskarlığını təqdir edib. “Qlobal Enerji Saxlanc Sistemləri və Şəbəkələr üzrə Öhdəliyi”nin icrasına və “Hidrogen Bəyannaməsi” üzrə öhdəliklərin praktik həyata keçirilməsi təşəbbüslərin inkişafına dəstəklə bağlı mövqeyini nümunəvi adlandırıb.

IRENA rəhbəri Azərbaycanın “Qlobal Dəniz Külək Alyansı”na qoşulmasını təklif edib. Azərbaycanın Xəzər dənizində böyük külək potensialı nəzərə alınaraq bu təşəbbüs “yaşıl enerji” gündəliyi baxımından bütün tərəflər üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan alyansda yer almaqla, Azərbaycan Xəzərin külək resusrslarının tədarük və nəqli sahəsində yeni fürsətlər qazanmış ola bilər.

Hədəf 8 QVt gücündə günəş və külək enerjisi istehsalıdır

Azərbaycanın müəyyən etdiyi strateji baxışa uyğun olaraq ölkəmizdə enerji təhlükəsizliyi ilə “yaşıl keçid”inin uzlaşdırılması təmin olunmaqdadır. Hazırda təxminən 8 QVt gücündə günəş və külək enerjisi layihələrinin icrası ilə paralel elektrik şəbəkələri gücləndirilir, enerji saxlanc sistemləri tətbiq edilir və yeni interkonnektorlar yaradılır. Bu ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağı gözlənilir. Gələn ilin sonunadək təxminən 2 QVt günəş və külək enerjisi gücünün şəbəkəyə inteqrasiyası emissiyaların ildə 2,4 milyon ton azalmasına imkan verəcək.

Yeri gəlmişkən, 2026-cı ilin birinci yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı 13 milyard 388,6 milyon kVt•st olub ki, onun təxminən 22 faizi “yaşıl enerji” güclərinin payına düşüb. Belə ki, bu dövrdə su elektrik stansiyalarında (SES-lər) 1 milyard 891,7 milyon kVt•st,  o cümlədən külək elektrik stansiyalarında 475,7 milyon kVt•st, günəş elektrik stansiyalarında 282,7 milyon kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,6 milyon kVt•st elektrik enerjisi istehsal edilib. 6 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyalarında 31,2 milyon kVt•st, külək elektrik stansiyalarında 454,7 milyon kVt•st enerji istehsalı artıb. Ümumilikdə, SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 463,1 milyon kVt•st artımla 2 milyard 793,7 milyon kVt•st təşkil edib. Bu, ölkəmizin bərpaolunan enerjinin sürətli istehsalına nail olduğunu və qlobal iqlim ailəsinin təmiz enerjiyə keçid proqramlarında daha fəal olmasını təsdiqləyən amillərdən biridir.

Zəngəzur və Naxçıvan enerji dəhlizlərinin yaradılması

Hazırda Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, enerji və iqlim siyasətləri vahid yanaşma əsasında həyata keçirilir, Naxçıvanda “Yaşıl Enerji Zonası” konsepsiyasının reallaşdırılması istiqamətində ardıcıl addımlar atılır. “Yaşıl enerji”nin beynəlxalq bazarlara çatdırılması istiqamətində ümumi gücü 3900 MVt olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması çərçivəsində layihə sürətlə irəliləməkdədir. 2032-ci ildə bu dəhlizin birinci mərhələsinin və “Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji” bağlantısının istismara verilməsi gözlənilir. Həmçinin Gürcüstan, Zəngəzur dəhlizi və Naxçıvan vasitəsilə Türkiyə və Avropa istiqamətində “yeni yaşıl enerji dəhlizləri”nin yaradılması üzrə işlər aparılır.

Beləliklə, qarşıya qoyulan hədəflərin reallaşması Azərbaycanın təmiz enerjiyə keçidini sürətləndirəcək, real emissiya azalmaları ilə irəlilədilməsinə töhfə verəcək, regional bağlantıların mərkəzinə çevirəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

İqtisadiyyat

Sosial

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30