Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hidayət Orucov: yaddaşdan gələcəyə, ömürdən ucalığa

Hidayət Orucov: yaddaşdan gələcəyə, ömürdən ucalığa

04.09.2026 [09:42]

“Bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi dəyərlərimizdir. İslami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır!”  İlham Əliyev

Bəzi insanlar ömürlərini yaşadıqları zamanın içində tamamlamırlar. Onların varlığı doğulduqları torpağın sərhədlərindən, gördükləri işlərin miqyasından, hətta öz ömürlərinin zamanından da uzaqlara yayılır və o qədər geniş miqyas alır ki, yaddaşlarda özünə ayrıca bir yurd salır...

Hidayət...

Heç vaxt unudulmayacaq görkəmli sima!..

Onun haqqında çox yazmışam. Məqalələr, esselər, tamaşaları haqqında resenziyalar, elmi-publisistik monoqrafiya, şeir... İndi isə rekviyem yazıram... Amma bu rekviyemi yazmaq mənim üçün çox çətindir. Vaxtaşırı görüşlərimizin istiqanlı ovqatı gəlir durur gözlərimin önündə və doyulmayan söhbətlərindən aldığım xoş təəssüratlar geri dönüş edir. Və nə qədər ağrılı olsa da, həmin xoş anların xatirələri məni o görkəmli şəxsiyyətlə bağlı düşüncələrimin arealına aparır. Məqamlar sanki real anlar kimi canlanır. Çünki elə indicə söhbət etdiyimiz, fikirlərini dinlədiyim, müəyyən məqamlarda sakit təbəssümlə yada saldığı xoş anlar, bəzən də hansısa ağrılı xatirələrin acı təəssüfü və s...

Ancaq indi yazarkən sanki geriyə deyil, gələcəyə baxıram...

Sanki bu işıqlı insan gələcəkdən çıraq tutur münasibətlərimizə. Elə bu andaca “İrəvanda yanan çıraq” tamaşasını xatırlayıram. O səhnə əsəri Hidayət müəllimin son “övladı” idi. Övlad ona görə deyirəm ki, Hidayət müəllim bir kəlmə sözünə də öz övladı qədər dəyər verən sənətkar idi. Heç vaxt unutmaram ki, İrəvan Teatrından söz düşərkən o sənət ocağını da övladları qədər, bəzən də daha çox istədiyini vurğulayırdı. Çünki İrəvan Teatrına o, milli mənafe kimi baxırdı.

Yazını işlədikcə mənə elə gəlirdi ki, bir azdan yenə görüşəcəyik, yenə hansısa məsələni müzakirə edəcəyik, yenə gələcək planlardan, Qərbi Azərbaycana dönüşdən, Zəngəzur həsrətinin sona varmasından, Maralzəmidəki uşaqlıq ləpirlərinin retroizmindən danışacağıq... Nə təəssüf ki, indi həmin gələcək sadəcə xatirəyə çevrilmiş bir mistik haldır.

Bu duyğularla fikirlər vərəq üzərinə qonduqca adam anlayır ki, amansız yoxluq bəzən bir insanı bir an içində həyatımızdan çıxara bilmir. Əksinə, onu xatirələrimizin içində daha çox görünən edir. Hidayət müəllim indi mənim yaddaşımda daha çox görünəndir, canlıdır. Bir söhbətdə... Bir baxışda... Bir cümlədə... Bir xatirədə... O insana ehtiramımda... Və hər şeydən əvvəl, ömrü boyu daşıdığı o qəribə, ağır, lakin işıqlı narahatlığında.

Çünki Hidayət müəllim rahat yaşayan adamlardan deyildi. Vətəninə qarşı haqsızlıq, torpağından uzaqda qalmaq, milli yaddaşın unudulması, insanların bir-birinə qarşı amansızlığı, hqqın tapdanması, ədalətsizlik, insanın insan qarşısında ləyaqətini itirməsi onu narahat edirdi... Bu narahatlıq onun xarakterinin zəifliyi deyildi. Əksinə, vicdanının oyaqlığı idi.

Bəzi insanlar dünyada baş verənlərə baxıb özlərini kənara çəkirlər. Bəzi insanlar isə başqasının ağrısını da öz ağrısı kimi yaşamağa məcbur olurlar. Hidayət müəllim ikincilərdən idi. Ona görə də ömrü boyu içində bir yük daşıdı. Bu yükün adı yalnız Vətən deyildi. Yalnız torpaq deyildi. Yalnız millət deyildi. Bunların hamısının fövqündə insan meyarı dayanırdı. Çünki Hidayət müəllim üçün Vətəni sevmək insanı sevməkdən ayrı deyildi. Milli yaddaşa hörmət insanın yaddaşına hörmətdən ayrı deyildi. Dövlətə xidmət insan qarşısında məsuliyyətdən ayrı deyildi. Onun şəxsiyyətində bunlar bir-birini tamamlayırdı.

Hidayət Orucovun ömür yolu Zəngəzurun Meğrı rayonunun Maralzəmi kəndindən başlayırdı. Bu ad onun üçün sadəcə coğrafi ünvan deyildi. Maralzəmi onun uşaqlığı idi... Anası idi... Atası idi... İlk dilinə gələn söz idi... İlk duyğu idi... İlk torpaq hissi idi... Təbiətin yaddaşda qalan nəfəsi idi... İnsan münasibətlərinin ilk məktəbi idi... Və həyat onu nə qədər uzaqlara aparsa da, bu başlanğıc heç vaxt onun içindən çıxmadı.

İnsan bəzən doğulduğu yeri geridə qoyur. Hidayət isə doğulduğu yeri özü ilə apardı. Maralzəmi onunla birlikdə İrəvana getdi, Bakıya getdi, diplomatik fəaliyyətinin müxtəlif ünvanlarına getdi, dövlət işinə getdi, yazı masasına getdi, səhnəyə getdi...

Torpaq onun yaddaşında coğrafiyadan mənəvi varlığa çevrildi. Bəlkə də buna görə Hidayətin yurd həsrətində yalnız itirilmiş bir məkanın nisgili yox idi. Orada qorumaq məsuliyyəti vardı. Yaddaşın məsuliyyəti... İnsan itirdiyi yurdu xatırlamaqla bəzən onu özündən uzaqlaşdırmır. Əksinə, yaddaşında yaşatmaqla həmin yurdu öz mənəvi varlığının ayrılmaz hissəsinə çevirir. Hidayət müəllim də belə yaşadı. Maralzəmi onun yaddaşında heç vaxt keçmiş olmadı.

...Sonra İrəvan gəldi...

Onun həyatında İrəvanın xüsusi yeri vardı. Gənc yaşında İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etməsi onun taleyini yalnız sənətlə deyil, milli yaddaşla da bağladı. 1968-1984-cü illərdə teatrın rəhbəri olduğu dövr onun həyatında sadəcə peşə mərhələsi kimi qiymətləndirilə bilməz. Çünki o illərdə teatr yalnız tamaşa göstərilən yer deyildi. Azərbaycan dilinin səsləndiyi yer idi... Azərbaycan dramaturgiyasının yaşadığı yer idi... Milli səhnə mədəniyyətinin qorunduğu yer idi... Azərbaycanlıların öz sözünü, öz sənətini, öz yaddaşını yaşatdığı məkan idi...

Hidayət müəllim həmin sənət ocağına yalnız rəhbərlik etmirdi. O, həmin səhnənin taleyini daşıyırdı.

Sonralar mən onunla teatr haqqında danışarkən hiss edirdim ki, İrəvan teatrı Hidayət müəllim üçün keçmişdə qalmış bir iş yeri deyil. Orada keçən illər onun həyatının içində yaşayan bir dövrdür. İnsan hansısa yerdə özündən bir parça qoyub gedirsə, həmin yer artıq onun üçün adi məkan olmur. İrəvan teatrı da Hidayətin ömründə belə idi. Orada Azərbaycan sözü səslənmişdi. Orada sənət və sənət meyarında milli adətlər, ənənələr, toponimlər yaşamışdı. Orada insanlar bir araya gəlmişdi. Orada bir milli yaddaş qorunmuşdu. Və Hidayət müəllim həmin yaddaşı ömrünün sonuna qədər özü ilə daşıdı...

Elə bu andaca 2000-ci ildə İrəvan Teatrına rəhbər vəzifəyə təyin olunduğum günü xatırlayıram. İlk işim məhz Hidayət müəllimdən həmin vəzifəni daşımaq üçün xeyir-dua almaq oldu.

Sual doğa bilər ki, həmin zaman Hidayət Orucov Milli məsələlər üzrə Dövlət müşaviri vəzifəsini daşıyırdı. İrəvan Teatrının rəhbər vəzifəsinə təyinat üçün o mühüm vəzifə sahibindən xeyir-dua almağın nə anlamı vardı? Ancaq o vaxt mənim içimdən belə bir hiss keçdi ki, İrəvan teatrının yad mühitdə təəssübünü qorumuş, məhz yad sənət mühitində bu sənət ocağının intibahını təmin etmiş o nəhəng insanın bu teatrın üzərində daha çox haqqı vardır. Ona görə də məhz həmin haqqın dəyərini verə bilmək üçün mütləq xeyir-duanı da məhz ondan almaq lazım idi.

Hidayət müəllimin xeyir-duasından sonra İrəvan Teatrının dirçəliş dövrü yenidən başlandı və teatr həm sənət yaratdı, həm milli ruhun dirçəlişinə xidmət etdi, həm də İrəvana qayıdış missiyasını öz repertuarının əsas strategiyasına çevirdi. Hansı ölkəyə getdisə, orada Qərbi Azərbaycanlıların axtarışında oldu. Zaman-zaman İrəvandan və ümumən Qərbi Azərbaycanın müxtəlif bölgələrindən didərgin salınmış əziz soydaşlarımızla doğma görüşlərə can atdı...

Teatrın bu missiyanı gerçəkləşdirdiyi və hər yeni uğurla öz mənəvi-sənət miqyasını genişləndirdiyi illər keçdikcə Hidayət müəllimin həmin xeyir-duasının mənasını mən də daha dərindən anlamağa başladım. Çünki İrəvan Teatrına rəhbərlik etmək mənim üçün yalnız yeni bir vəzifəyə başlamaq deyildi. Bu, bir vaxtlar Hidayət müəllimin qoruduğu səhnənin məsuliyyətini öz üzərinə götürmək idi. Sanki o, illər əvvəl daşıdığı bir əmanəti mənə verirdi. Mən də həmin əmanətin ağırlığını hiss edirdim. Bəlkə elə buna görə sonrakı illərdə onun dramaturgiyasına, xüsusilə İrəvan və Qərbi Azərbaycan mövzusunda yazdığı əsərlərə daha başqa bir duyğu ilə yanaşırdım. Çünki artıq onun yazdıqları ilə yalnız oxucu kimi deyil, həmin səhnənin içindən keçmiş bir insan kimi qarşılaşırdım..

Sonralar o yüksək ruhlu vətənpərvər yazıçının “İrəvanda xal qalmadı” əsərinin tamaşasında Tarix obrazını canlandırdım. Bu rol mənim üçün adi aktyor işi olmadı. Çünki zaman keçdikcə anlayırdım ki, Hidayət müəllim bu obrazda yalnız dramaturji bir fiqur yaratmayıb. Tarixin dərin qatlarından danışan, İrəvanın yaddaşında gizlənmiş həqiqətləri üzə çıxaran, Qərbi Azərbaycan torpaqlarının qədim türk etnosuna bağlılığını öz mövqeyi ilə ifadə edən bu obrazın mənəvi prototipi elə müəllifin özüdür.

Mən isə həmin obrazı canlandırarkən qəribə bir hiss keçirirdim. Sanki səhnədə Tarixi yox, Hidayət müəllimin öz daxilində uzun illər daşıdığı etirazı, ağrını, yaddaşı və həqiqətə çağırışını səsləndirirdim. Sanki onun içindən keçən sözlər mənim səsimlə səhnəyə çıxırdı. Mən o obrazda onun tarixə münasibətini, İrəvan həqiqətlərinə bağlılığını, zamanın dərinliyində gizlənmiş yaddaşın üzə çıxarılmasına olan ehtiyacını hiss edirdim. Mən dəqiq bilirdim ki, mən obrazı oynamıram, Hidayətin içindən gələn bir etirazı yaşayıram.

Bu, mənim üçün qəribə, mistik bir bağ idi. Müəlliflə aktyor arasında adi yaradıcılıq münasibətindən daha artıq bir yaxınlıq hiss edirdim. Sanki onun yaddaşında qalan İrəvan mənim səhnə yaddaşıma köçürdü. Sanki onun illərlə içində daşıdığı suallar mənim səsimdə cavab axtarırdı.

Bəlkə də buna görə Hidayət müəllimin dramaturgiyasında Qərbi Azərbaycan, İrəvan, yurd itkisi və milli yaddaş məsələlərinin yenidən üzə çıxması mənə heç vaxt təsadüfi görünmürdü. Çünki insanın içində yaşayan torpaq bir gün mütləq sözə çevrilir. Bəzən şeirə... Bəzən nəsrə... Bəzən dramaturgiyaya... Bəzən də sadəcə bir söhbətə...

Hidayət müəllimin yaradıcılığında da torpağın səsi müxtəlif formalarda eşidilirdi. “Burdan min atlı keçdi” əsəri bu baxımdan xüsusilə düşündürücüdür. Əsərdə İrəvanın, Azərbaycan teatrının, milli-mədəni həyatın və xalq taleyinin müxtəlif zaman qatlarının bir araya gətirilməsi təsadüfi deyil. Burada keçmiş sadəcə xatırlanmır. Keçmiş bu günün qarşısına çıxarılır. Sanki müəllif zamanın o üzündən bu üzünə səslənir: Unutmayın!..

Məncə, Hidayət müəllimin yaradıcılığında ən mühüm sözlərdən biri də məhz bu idi - Unutmayın!..

Yurdu unutmayın... İnsanı unutmayın... Tarixi unutmayın... Şəhidimizi unutmayın... Ana dilini unutmayın... Yolunuza çıraq tutan Liderlərinizi unutmayın... Özünüzü unutmayın...

Bu məqamda “Burdan min atlı keçdi” əsərinin səhnə taleyini xatırlayıram. Çox uğurlu bir səhnə ömrü yaşadı bu əsər. Əsərdə Ulu Öndər Heydər Əliyevin bədii obrazını canlandırmaq mənim taleyimə nəsib olmuşdu. Mən bu tale işinə də məhz Hidayət müəllimin əmanətinin məsuliyyətini daşımaq qədər ağır və şərəfli bir vəzifə kimi baxırdım. O parlaq Şəxsiyyətin, xalqımızın Ümummilli Liderinin ruh dünyası müəllif tərəfindən xüsusi sevgi və dərin ehtiramla yaradılmışdı. Onun insani cəhətləri, milli təəssübkeşliyi, xalqın taleyi qarşısında daşıdığı məsuliyyət, Qarabağ məsələsinin gələcək təhlükələrini öncədən görən siyasi fəhmi və respublikaya rəhbərlik edənləri bu istiqamətdə diqqətli olmağa çağıran mövqeyi əsərin səhnə strukturunda öz bədii ifadəsini tapırdı. Təkbaşına, qarşısında çoxsaylı və mühüm “rıçaqları” olan qüvvələrlə gərgin mübarizə aparan, son nəfəsinə qədər ömrünü doğma xalqına həsr edən Heydər Əliyevin mücadilələrinin səhnə ekvivalenti Hidayətin mükəmməl qələmi ilə yaradılmışdı.

Mən isə bu obrazın ifaçısı kimi səhnədə yaşananların salonda necə əks-səda doğurduğunun şahidi olurdum. Hər emosional vəziyyətin, hər qarşıdurmanın, hər sözün alqışlarla qarşılanması mənim üçün yalnız tamaşaçı reaksiyası deyildi; bu, xalqımızın Ulu Öndərin parlaq şəxsiyyətinə və nurlu əməllərinə bəslədiyi dərin sevginin səhnədəki təzahürü idi.

Hidayət müəllimi yalnız milli məsələlərə münasibəti və dövlətçilik mövqeyi ilə xatırlamaq da onun şəxsiyyətini tam ifadə etməz. Çünki onun bu təəssübkeşlik ruhunun arxasında çox güclü bir insanlıq duyğusu vardı. Mən bunu onun insanlara münasibətində dəfələrlə görmüşəm. Mövqeyinin, tutduğu vəzifələrin, mənəvi və intellektual ucalığının yaratdığı məsafəni qarşısındakı insana hiss etdirməzdi. Onun insanlıq meyarının mühüm bir göstəricisi isə sədaqət idi - Vətəninə, torpağına, milli mənafeyə, dövlətçiliyimizə, Ümummilli Lider Heydər Əliyevə və Prezident İlham Əliyevə, onların işıqlı ideyalarına sədaqət. Bu sədaqət onun yaradıcılığında yalnız fikir və mövqe kimi deyil, ömrünün mənəvi istiqamətini müəyyənləşdirən bir dəyər kimi yaşayırdı.  

Bunu “Burdan min atlı keçdi” tamaşasının finalında da xüsusi bir mənəvi bütövlükdə hiss etmək olurdu. Heydər Əliyevin Qarabağa qayıdışımıza inamını və bu qayıdışın gələcəyinə yönəlmiş vəsiyyətini ifadə edən monoloqundan sonra müəllif səhnəyə artıq başqa bir zamanın səsini gətirirdi. Prezident İlham Əliyevin “Ata vəsiyyəti”nin yerinə yetirildiyini ifadə edən səsi həmin səhnədə Heydər Əliyevin sözlərinə əks-səda verərək bir zamanlar ayrılmış iki məqamı - vəsiyyəti və onun gerçəkləşməsini - vahid mənəvi bütövlükdə birləşdirirdi. Bu səs salonda coşqun alqışlarla qarşılanırdı. Mən isə səhnədə dayanaraq həmin anın yalnız tamaşanın finalı olmadığını, bir xalqın yaddaşında yaşayan arzunun, inamın və sədaqətin səhnə üzərində tamamlanan mənəvi dövrəsi olduğunu duyurdum.

Hidayət müəllimin xarakterik cəhətlərindən biri də bu idi ki, o, hər kəslə eyni tərzdə danışmırdı, çünki hər insanın öz dünyası olduğunu bilirdi. Amma qarşısındakı insana ehtiram göstərməkdən heç vaxt vaz keçmirdi. Onun üçün insanın mövqeyi, tutduğu vəzifə və cəmiyyətdəki yeri deyil, hər şeydən əvvəl insan olması əsas idi. Bəlkə də bu səbəbdən heç kəsi özündən aşağı görmədən, eyni zamanda öz şəxsiyyətinin meyarlarından da aşağı enmədən yaşayırdı.

Mənim ona bağlanmağımın səbəblərindən biri də məhz bu idi. Onun yanında insan özünü başqa cür hiss edirdi. Sanki həmin mənəvi mühit adamı özü ilə daha ciddi danışmağa, öz ölçüsünü daha yüksəkdə tutmağa, daha yaxşı olmağa səsləyirdi.

Bəlkə də Hidayət müəllimin yaddaşlarda bu qədər işıqlı qalmasının səbəblərindən biri də elə bu idi: o, insanın qarşısında öz ucalığını nümayiş etdirmədən, qarşısındakı insanın ləyaqətini qoruyaraq böyük qalmağı bacarırdı.

Hidayət müəllimin həyatında “Uca ol!” sözünün xüsusi yeri vardı. Bu iki söz mənim yaddaşımda indi daha ağır çəkilidir. Zaman keçdikcə daha aydın dərk görünür  ki, o, başqalarına tövsiyə etdiyi bir həyat ölçüsünü özü də yaşadı.

Ucalıq onun üçün vəzifə deyildi... Ad deyildi... Titul deyildi... Ucalıq o insanın öz daxilində qurduğu mənəvi nizam idi.

Sözünün arxasında dayanmaq... İnsanı yarı yolda qoymamaq... Vətən qarşısında məsuliyyəti dərk etmək... Dövlətə xidmət edərkən şəxsi rahatlığı önə çəkməmək... Yaxşılıqdan qaçmamaq... Haqqı müdafiə etməkdən çəkinməmək... Və ən çətini - bunların heç birini özünü başqalarından üstün tutmadan etmək...

Hidayət müəllimin ucalığı mənə belə görünürdü.

Onun dövlət xadimi kimi fəaliyyətinə də mən bu baxımdan nəzər yetirirəm. Hidayət müəllim üçün dövlət işi sadəcə vəzifə deyildi. O, vəzifəyə insana verilən etimad kimi baxırdı. Etimad isə məsuliyyət yaradır.

Hidayət müəllim müxtəlif illərdə müxtəlif dövlət vəzifələrində çalışdı, diplomatik fəaliyyət göstərdi, Azərbaycanın dövlətçilik maraqlarının təmsil olunmasında iştirak etdi. Amma hansı müstəviyə yüksəlməsindən asılı olmayaraq, özünü yalnız vəzifənin daşıyıcısı kimi deyil, Azərbaycanın məsuliyyətini daşıyan insan kimi hiss edirdi. Bunu onun həyatının müxtəlif mərhələlərinə baxanda görmək mümkündür. İrəvanda da, Azərbaycanda da, Qırğızıstanda diplomatik fəaliyyətdə də onun üçün dəyişən ünvan idi, məram yox...

Hidayət müəllimin Vətən sevgisi də gurultulu sözlərə ehtiyac duymurdu. O, Vətəni yalnız yüksək səslə danışılan bir anlayış kimi deyil, gündəlik məsuliyyət kimi yaşayırdı.

Vətən torpaq idi... Vətən dil idi... Vətən insan idi... Vətən dövlət idi... Vətən tarix idi... Vətən yaddaş idi... Vətən həm də gələcək idi.

Ona görə də onun milli mövqeyində keçmişə bağlılıqla gələcəyə inam bir-birinə zidd görünmürdü. Əksinə, biri o birini tamamlayırdı. Keçmişi xatırlayırdı ki, gələcəyi qura bilək. Yurdu düşünürdü ki, Vətənin mənasını itirməyək... Tarixi yaşadırdı ki, yeni nəsil özünü tanısın.

Bəlkə də onun poeziyasının, nəsrinin və dramaturgiyasının müxtəlif istiqamətlərini birləşdirən əsas damar da burada idi. O, insanın içindəki yaddaşı oyatmaq istəyirdi. Amma bunu yalnız milli duyğu ilə məhdudlaşdırmırdı. Onun yaradıcılığında ana sevgisi də vardı... Ata həsrəti də... Uşaqlıq da... Dostluq da... İnsan dərdi də... Kimsəsizin taleyi də... Məsumluq da... Vicdan da... Təbiət də... Ümid də...

Çünki milli ruh onun yaradıcılığında insanlıqdan ayrılmırdı.

Bu, mənim üçün çox vacibdir. Çünki yalnız millətini sevən deyil, insanı sevə bilən milli ruh böyük və davamlı olur. Hidayətin milliyyətçiliyi insanı daraldan yox, məsuliyyətini artıran məzmun daşıyırdı.

İndi bütün bunları xatırlayanda bir məsələ xüsusilə ağır gəlir. O uca İnsan haqqında yazanda onun qarşısında oturub danışa bilmirsən, o da cavab vermir. Sənin fikrini tamamlamır... Bəzən hansısa sözünə etiraz etmir... Səni düzəltmir... Gülümsəmir... Söhbətin sonunda özünəməxsus bir cümlə ilə mövzunu bağlamır...

Sadəcə susur!..

Və sən anlayanda ki, bu sükut əbədidir, ağrıyırsan!..

Məncə, itkinin ən ağır tərəfi də budur. İnsan yalnız adamı itirmir. Onunla mümkün olacaq gələcək söhbətləri də itirir. Bir daha verilə bilməyəcək sualları... Bir daha eşidilməyəcək cavabları... Bir daha yaşanmayacaq görüşləri...

Ona görə gedişin arxasınca ən çox “kaş” sözü gəlir.

Kaş bir dəfə də danışaydıq... Kaş bir dəfə də görüşəydik... Kaş bir xatirəni də ondan - öz dilindən eşidəydik... Kaş!..

Amma həyatın “kaş”ları geri qaytaran tərəfi yoxdur. Onlar yalnız yaddaşı dərinləşdirir.

Hidayət müəllim haqqında mən də indi daha çox yaddaşla danışıram. Bəlkə də əvvəl yazdığım yazılarda onun müxtəlif fəaliyyət istiqamətlərini ayrı-ayrılıqda izah etmişəm. Teatr haqqında yazmışam. Dövlət fəaliyyətindən danışmışam. Şəxsiyyəti barədə fikirlərimi bölüşmüşəm. ndi isə bunların hamısını bir yerə gətirəndə başqa bir mənzərə yaranır. Mənim qarşımda ayrı-ayrı titulları olan bir şəxsiyyət yox, bir ömrün bütövlüyü dayanır.

Şair... Dramaturq... Teatr xadimi... İctimai-siyasi və dövlət xadimi... Diplomat... Amma bütün bunlardan əvvəl və sonra - İnsan!..

Məncə, onun haqqında ən böyük söz də budur.

Hidayət müəllim özündən sonra yalnız əsərlər qoymadı. Bir münasibət qoydu - insana münasibət... Vətənə münasibət... Dövlətə münasibət... Sözə münasibət... Yaddaşa münasibət...

Ona görə onun irsi yalnız kitabxanalarda qorunacaq irs deyil. Bu irsin bir hissəsi insan davranışındadır... Bir insanın başqasına ehtiramında... Bir ziyalının öz sözünə məsuliyyətində... Bir vətəndaşın dövlət qarşısındakı mövqeyində... Bir sənətkarın xalqının yaddaşına münasibətində...

Bu gün 5 sentyabrdır... Əvvəllər bu tarix Hidayət müəllimin doğum günü idi. İndi isə həmin tarixdə həm doğumun sevincini, həm də... ağrını birlikdə yaşayacağıq. Bir insanın ad gününün onun əbədiyyətə qovuşmasından sonra gəlməsi qəribə hissdir... Təqvim dəyişmir... Tarix yenə 5 sentyabrdır... Amma insan əbədiyyət evindədir. Bu, yoxluğun ən səssiz tərəfidir...

Təqvim davam edir... Dünya davam edir... Səhərlər açılır... İnsanlar işə gedir... Teatrda tamaşalar oynanılır... Kitablar çap olunur... Söhbətlər edilir... Amma bir insanın səsi artıq bütün bu səslərin içində yalnız yaddaşdan eşidilir...

Bəlkə də ona görə bu yazını adi vida sözləri ilə bitirmək istəmirəm. Çünki Hidayət müəllimin ömrü adi bir vida ilə tamamlanacaq ömür deyildi. O, özündən böyük bir yaddaşın içindən keçdi. Maralzəmidən başladı... İrəvandan keçdi... Azərbaycanın müxtəlif ünvanlarında davam etdi... Dövlət xidmətinə çevrildi... Diplomatik missiyalara uzandı... Sənətə qayıtdı... Teatra qayıtdı... Sözə qayıtdı... Və nəhayət, bütün bunların hamısını özündə birləşdirən bir insan ömrü kimi yaddaşımıza köçdü...

İndi o nəhəng insan əbədiyyətdədir, amma onun haqqında düşünəndə qəribə bir hiss keçirirəm. Sanki Maralzəmidə bir yol hələ də qalır. O yol İrəvana gedir... İrəvandan bir teatr səhnəsinə çıxır... Səhnədən bir kitabın səhifəsinə keçir... Kitabdan bir insanın yaddaşına hopur. Və oradan daha uzağa gedir. Bəlkə də insan ömrünün həqiqi davamı elə budur: Özündən sonra getdiyi yolları yaşatmaq!..

Hidayət müəllim də belə bir yol qoyub getdi. Bizə torpağı xatırladan yol... Vətəni xatırladan yol... Milləti xatırladan yol... Dövləti xatırladan yol... Sənəti xatırladan yol... İnsanı xatırladan yol... Və həmin yolun bir yerində onun bizə dediyi iki söz hələ də dayanır: “Uca ol!” İndi o söz mənim üçün sadəcə tövsiyə deyil. Bir əmanətdir. Hidayət müəllimin öz ömründən bizə qalan əmanət. Bu əmanətin qarşısında nə deyəsən? Bəlkə yalnız bunu: Sizi heç vaxt unutmayacağıq, Hidayət müəllim!.. Siz Maralzəmini unutmadığınız kimi, biz də sizi unutmayacağıq. Sizin daşıdığınız yurd yaddaşını, Vətən sevgisini, insanlıq ölçüsünü, dövlətə sədaqəti və sözə ehtiramı yaşatmağa çalışacağıq. Çünki bəzi insanlar dünyadan köçür - bəzi insanlar isə öz ömrünü yaddaşa əmanət edir. Hidayət Orucov da ömrünü yaddaşa əmanət edənlərdəndir. Və belə insanların ömrü... əbədiyyətə köçməklə bitmir!..

Ruhunuz şad olsun, işıqlı insan, əziz Hidayət müəllim!

İFTİXAR,

Əməkdar mədəniyyət işçisi,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30