Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İqtisadiyyat böyüyüb, gəlirlər artıb

İqtisadiyyat böyüyüb, gəlirlər artıb

11.07.2026 [12:55]

2026-cı ilin birinci yarısında ÜDM 0,8 faiz böyüyüb

2026-cı ilin birinci yarısında ölkəmizdə ümumi daxili məhsul (ÜDM) 0,8 faiz artaraq 65 milyard 207 milyon manat təşkil edib. Neft-qaz sektorunda ÜDM nominal dəyər ifadəsi ilə 19,6 milyard manat təşkil edib və bu sektorda 0,7 faiz azalma qeydə alınıb. İqtisadiyyatın qeyri neft-qaz sektorunda isə əlavə dərərin həcmi 45 milyarda 596 milyon manatı ötüb və ÜDM-in artım tempi 1,5 faiz təşkil edib. Göründüyü kimi, ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, yaradılmış əlavə dəyərin təxminən 70 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib.

Ötən 6 ay ərzində kənd təsərrüfatı məhsulunun həcmi 2,2 faiz artaraq 7 milyard manatı ötüb. ÜDM-in tərkibində nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin dəyəri 7,8 milyard manata çataraq 8 faiz yüksəlib. İnformasiya və rabitə xidmətləri sektorunda yaradılan dəyərin nominal həcmi isə 2 milyard manata yaxın olub. Bu sektorda 7,5 faiz artım əldə edilib.

Qeyri-neft sənayesində artan əlavə dəyər

ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi kimi sənaye sektorunda istehsalın dəyəri 33 milyard manatı ötməklə 0,1 faiz artım qeydə alınıb. Qeyri neft-qaz sənayesində yaradılmış əlavə dəyərin həcmi 10 milyard 769,6 milyon manat təşkil etməklə 4,1 faiz artım nümayiş etdirib. Xüsusilə də qeyri neft-qaz sənayesində əlavə dəyər 5 faizə yaxın artıb. Ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərinin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran sahə olduğunu göstərir.

Büdcədə qeyri-neft gəlirlərinin həcmi yüksəlib

2026-cı ilin birinci yarısında fiskal yığımların artımında da yüksək dinamika qeydə alınıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 19,2 milyard manata çataraq proqnozu 350,5 milyon manat və ya 1,9 faiz üstələyib. Büdcənin xərcləri isə 17 milyard 230,6 milyon manat proqnoza qarşı 16 milyard 775,5 milyon manat məbləğində icra edilib ki, bu da 97,4 faiz təşkil edir. İcmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat, xərcləri isə 19 milyard 824,4 milyon manat məbləğində icra edilib. Ümumilikdə, büdcədə 2,4 milyard manat həcmində profisit yaranıb.

Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Cari ilin yanvar-iyun ayları ərzində Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmaların həcmi 8 milyard 842,7 milyon manat təşkil edib. Bu, proqnoza nisbətən 217,7 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 139 milyon manat və ya 1,6 faiz çox təşkil edib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 milyard 67,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 199,4 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 645,8 milyon manat və ya 10,1 faiz artıb.

Birinci yarımildə Azərbaycanın xarici dövlət borcu 8 faiz azalaraq 4,6 milyard dollar təşkil edib. Ölkəmizin strateji valyuta ehtiyatları bu dövrdə 10 faizdən çox artaraq 85 milyard 768,9 milyon dollara yüksəlib. Eləcə də, maliyyə-bank sistemində aktivlik müşahidə edilib və iqtisadiyyata kredit qoyuluşları 32 milyard 908,4 milyon manat olmaqla 9 faiz artıb.

Ötən aylar ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmində 9,5 faiz dinamika qeydə alınıb və əmtəə mübadiləsinin dəyəri 22 milyard 164,6 milyon dollar təşkil edib. Xarici ticarət balansında ixracın həcmi 15,3 milyard dollar, idxalın dəyəri isə 6,8 milyard dollara bərabər olub.

Orta aylıq əməkhaqqı 7,3 faiz, investisiya qoyuluşları 13,8 faiz artıb

2026-cı ilin yanvar-iyun aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz  artaraq 47,3 milyon manat təşkil edib. Orta aylıq əməkhaqqı isə yanvar-may ayları üzrə 7,3 faiz artaraq 1175 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. İnflyasiya isə 6 ay ərzində 5,7 faizə bərabər olub. Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi isə 18 faiz artaraq 17 milyard 799,8 milyon manata çatıb.

Cari ilin yanvar-iyun aylarında əsas kapitala investisiyaların həcmi isə 9 milyard 295,2 milyon manat təşkil edib ki, bu da 13,8 faiz artım deməkdir. Sərmayələrin təxminən 70 faizi və yaxud 6,1 milyard manatı  qeyri neft-qaz sektoruna yönəldilib.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31