31 Mart soyqırımı: XX əsrin ən qanlı hadisələrindən biri
31.03.2025 [09:07]
1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli faciələrindən biri ilə üzləşdi. Ermənilərin uzun illərdir planlaşdırdığı etnik təmizləmə siyasəti bolşeviklərin dəstəyi ilə həyata keçirildi. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.
Qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bütün bunlar öz miqyasına və nəticələrinə görə həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara, həm də mənəvi-əxlaqi kodekslərə əsasən insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətlər sayılır.
AZƏRTAC azərbaycanlıların soyqırımı ilə bağlı bir sıra faktlara yenidən nəzər salır.
Yüz yeddi il əvvəl daşnak-bolşevik işğalçıları Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədərək 70 mindən çox günahsız insanı amansızlıqla qətlə yetirib, yaşayış məntəqələrini yandırıb və minlərlə ailəni öz doğma yurdlarından didərgin salıblar. Onlar uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kənd yerlə-yeksan edilib.
1918-1920-ci illərdə Andranikin quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin böyük bir hissəsi – təxminən 565 min nəfər – amansızlıqla qətlə yetirildi və ya öz dədə-baba yurdlarından zorla qovuldu. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər abidələr dağıdıldı.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 31 Mart ümummilli matəm günü olaraq elan edildi. 1918-ci il iyulun 15-də Nazirlər Şurasının qərarı ilə bu faciəni araşdırmaq məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Komissiya ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum da təsis edildi. Bununla da azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və torpaqlarımızın bir əsrdən çox davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Faşist ideologiyasına xidmət edən erməni şovinistləri Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Onlar müxtəlif dövrlərdə xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı bəzi mənbələrdə 7 min, bəzilərində 8-12 min, hətta 40 min göstərilir. Göründüyü kimi, soyqırımları ilə bağlı həqiqətlər hələ axıradək üzə çıxarılmayıb.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü göstərilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
1918-ci ilin ilk beş ayında Quba qəzasında 16 mindən çox insan amansızlıqla qətlə yetirilmiş, 167 kənd isə tamamilə dağıdılmışdır. Erməni-daşnak dəstələrinin orada azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin qətlə yetirildiyi məlum olub.
Yetmiş dörd il sonra tarix yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı həyata keçirildi. Gecə vaxtı şəhərə xain hücum nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə iki yüz il ərzində həyata keçirdiyi soyqırımı siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı. Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandı. Ümummilli Lider 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması ilə deyil, erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə – soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzaladı. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirildi.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında qətiyyətlə verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edildi.
Bu gün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, onların faciəli taleyini unutmur. Eyni zamanda, tarixi ədaləti bərpa edərək qazandığı Zəfərlə öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirməyin qürurunu yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

