Dünya İqtisadi Forumunun yekun işçi şam yeməyi olub
10.04.2013 [16:44]
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib
Xəbər verdiyimiz kimi, aprelin 8-də Bakıda keçirilən Dünya İqtisadi Forumunun yekun işçi şam yeməyi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirin aparıcısı, Hollandiyanın Leiden Universitetinin professoru Viktor Halberstadt Forumun yekun işçi şam yeməyi zamanı gün ərzində keçirilən sessiyaların nəticələrinin müzakirə olunacağını bildirib.
Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu qədər böyük nailiyyətlər əldə etmiş Azərbaycan gələcəkdə qlobal miqyasda ən mühüm rol oynayan mövqelərdən birini tutacaq. Sözsüz ki, Azərbaycan dünyanın gələcəyinə töhfə verən ölkələrdən biridir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ölkəmizlə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “bp və onun tərəfdaşları Azərbaycanda 20 il əvvəl investisiyalar yatırmağa başlamışdır. O vaxtdan bəri həqiqətən də tam sabitlik təmin edilmişdir və həmin dövrdə imzalanan sazişlərin heç birinə dəyişiklik edilməmişdir. Hasilatın pay bölgüsü sazişində heç bir dəyişiklik olunmamışdır. Bu mənada əminəm ki, neft və qaz sektorunun əsas investorlarını maraqlandıran bir nömrəli sabitlik məsələsi Azərbaycanda gələcəkdə də hökm sürəcəkdir. Tərəflərin qarşılıqlı etibar şəraitində dialoq aparması və investorların, qəbul edən ölkənin məqsədlərini tam anlamasına imkan verən bir dialoqun olması çox vacibdir”.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter Salnikov üzvü olduğu işçi qrupunda regionun böyük investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər, onların aradan qaldırılması və digər aktual mövzularda maraqlı müzakirələr aparıldığını bildirib.
York Hersoqu, şahzadə Endryu Forumun insan kapitalı bölməsində müzakirə olunan məsələlər barədə məlumat verib. Fikir mübadiləsinin əsasən regionda sahibkarlığın inkişafı və yeni layihələrə sərmayə qoyuluşu mövzuları ətrafında aparıldığını vurğulayan şahzadə Endryu deyib: “Biz belə bir nəticəyə gəldik ki, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı bu gün səhər cənab Prezidentin dediyi kimi, əsas məqsədlərə nail olmaq üçün çox önəmlidir. Neft-qaz sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi çox vacibdir. Biz elə bir nəticəyə gəldik ki, bunun tətbiq edilməsi üçün bir sıra mühüm şərtlər vardır. Bunlardan biri telekommunikasiyalardan və genişzolaqlı internetdən istifadəni təmin etməkdir. Digər vacib şərt sahibkarların təhsili və bacarığıdır. Bundan başqa, istehlak yönümlü bazarı və bütövlükdə bazar iqtisadiyyatını izləmək vacibdir.
Bizim müzakirələrdə gənclərə bu sahədə öz istedad və bacarıqlarını nümayiş etdirməyə şərait yaradılması da diqqət mərkəzində oldu. Gənclər çox yaradıcı, XXI əsrin tələblərinə uyğun olmalıdırlar. İnsanlar və hökumətlər təhsil sisteminin islahatı baxımından innovativ olmalıdırlar. Bizim ümumi nəticəmiz o oldu ki, kiçik başlanğıclardan böyük nailiyyətlər əldə edilə bilər”.
Üzvü olduğu işçi qrupda müzakirə olunan məsələlər barədə danışan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya nadir regiondur, Şərq, Qərb, Şimal və Cənub arasında əlverişli coğrafi mövqeyə malikdir.
Sonra Prezident İlham Əliyev çıxış edib: “Hörmətli professor Şvab.
Xanımlar və cənablar, əziz dostlar. Sizin hamınızı bir daha ölkəmizdə salamlamaq istəyirəm. Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm. Mən professor Şvaba Dünya İqtisadi Forumunu Bakıda keçirmək qərarını qəbul etdiyinə, Azərbaycanın inkişafı ilə bağlı söylədiyi xoş sözlərə və şərhlərinə görə bir daha xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Bu gün panel iclaslarda çox maraqlı müzakirələrimiz oldu. Bizə belə bir məlumat daxil olub ki, müzakirə edilən mövzulara çox böyük maraq vardır. Əminəm ki, həmin müzakirələrin nəticələri biznes dairələri, siyasi liderlər və regionumuzun nümayəndələri arasında daha yaxşı anlaşma yaradacaqdır. Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarının, Cənubi Qafqazın böyük potensialı vardır. Ola bilsin, bu gün həmin potensialın yalnız bir hissəsini təqdim edə bildik. Lakin əminəm ki, gələn illər ərzində biz bu müzakirələrə daha çox diqqət ayıracağıq və onlar, eyni zamanda, ideyaları formalaşdırır, rəyləri və gözləntiləri, o cümlədən narahatlıq doğuran, bəzən məyus edən məsələləri söyləmək üçün mühit yaradır. Lakin regionda müşahidə olunan əsas meyl inteqrasiya və əməkdaşlıqdır.
Bu gün qaldırdığımız məsələlərin hamısının Azərbaycana bağlılığı vardır. Xəzər dənizinin enerji resursları barədə danışdıqda, aydındır ki, Xəzər regionunda müasir mərhələdə enerji resurslarının işlənilməsində ilk cərgədə gedən Azərbaycan ilə bp şirkətidir. Bu şirkət əsas strateji tərəfdaşımızdır. Bu tərəfdaşlıq 20 ildən artıqdır ki, davam edir. Bu şirkət neft və qaz konsorsiumuna rəhbərlik edir. Dünyanın bir çox yerlərindən olan enerji şirkətləri bu konsorsiumda geniş şəkildə təmsil olunur. Əlverişli sərmayə mühiti, lazımi hüquqi təminat, “bp-Azərbaycan” şirkətinin rəhbərinin qeyd etdiyi kimi, müqavilələrdən heç biri nəinki yenidən nəzərdən keçirilməmiş, hətta onların mətnində heç bir bənd belə dəyişdirilməmişdir. Çünki bütün müqavilələr parlament tərəfindən qanun kimi qəbul olunur və Prezidentin fərmanı ilə qanuni qüvvəsini alır. Heç kəs bunları dəyişə bilməz. Bu, rahatlığı, proqnozlaşdırmanı və sabitliyi yaradır.
1990-cı illərin əvvəllərində Azərbaycan üçün yeganə inkişaf yolu və öz müstəqilliyinin gücləndirilməsi siyasi və iqtisadi islahatlardan, sərmayələrin yatırılmasından keçirdi. Biz ölkəmizin ən ağır anlarında bizimlə olmuş, Azərbaycana sərmayə qoymuş, etimad göstərmiş tərəfdaşlarımıza və dostlarımıza olduqca minnətdarıq. Onlar bu gün də ölkəmizi dəstəkləməkdə davam edir.
Neft-qaz sahəsində əldə etdiyimiz olduqca müsbət təcrübəmiz əsasında söyləyə bilərik ki, biz Azərbaycanda dəyişiklik edib, qeyri-enerji sektorunu yaratdıq. Bu səhər mən bu haqda artıq bir neçə söz söylədim. Özəl sektora, sahibkarlığa göstərilən dəstək xarici və yerli sərmayələrin təşviqi bu gün prioritetlərdən birini təşkil edir.
İyirmi bir il əvvəl Azərbaycan müstəqilliyini yenicə əldə etdiyi zaman bazar iqtisadiyyatının ümumi daxili məhsuldakı payı sıfır faiz idi. Bu gün isə bu göstərici 83 faizdir. Bu, bazar iqtisadiyyatına yönələn islahatların yaxşı göstəricisidir. Başqa sözlə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrü başa çatıb. Hazırda Azərbaycanda qeyri-enerji sektorunda, tikinti, yüksək texnologiyalar, kənd təsərrüfatı, neft-kimya sahələrində geniş imkanlar açılır.
Ölkəmizin davamlı inkişafını təmin etmək üçün sərmayələrə ehtiyac duyulan sahələrə investisiyaları cəlb etmək məqsədi ilə dövlət strategiyası vardır. Hamımız bilirik ki, neft və qaz müvəqqətidir. Biz, nəinki neft və qaz erasından sonrakı dövrə hazırlaşırıq, - baxmayaraq ki, bu, hələ ən azı 100 ildən sonra baş verəcək, - o cümlədən neft və qaz gəlirlərini qeyri-enerji sektorunun inkişafı, insan kapitalı və təhsil üçün istifadə edirik. Gənc nəsil bundan bəhrələnir. Bu gün Azərbaycanda və xarici ölkələrdə yaxşı təhsil almış gənclər ölkəmizdə mühüm biznes fəaliyyəti ilə məşğuldurlar və Azərbaycanın davamlı inkişafına töhfə verirlər.
Bu gün qaldırılmış məsələlər arasında daşıma sahəsi də qeyd edildi. Bu, həmçinin çox vacibdir. Bizim əlverişli coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə daşıma infrastrukturuna, boru kəmərlərinə, yollara, dəniz və hava limanlarına sərmayənin qoyuluşu regionda xüsusi mühit yaradır. Beləliklə, Azərbaycan regionun nəinki coğrafi, həmçinin logistika mərkəzinə çevrilir. Dəmir yolu xətti ilə bağlı irəli sürdüyümüz layihə, boru kəməri infrastrukturu ölkəmizin, eləcə də qonşularımızın rifahına xidmət edir. Bu gün Forumda səsləndirilən əsas ideya regional əməkdaşlığı necə təşviq etməklə bağlı idi.
Biz regional əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıyıq. Çünki regional əməkdaşlıq olmadan biz heç bir uğur əldə edə bilmərik. Ölkəmizin açıq dənizə çıxışı yoxdur, lakin nəhəng karbohidrogen ehtiyatları vardır. Əgər boru kəmərləri olmasaydı, bu ehtiyatlar bir əsr də suyun altında qalardı. Regional əməkdaşlıq, qonşularımızın dəstəyi və bizim onlara göstərdiyimiz dəstək olmadan heç bir uğur qazanıla bilməzdi. Eyni sözləri daşıma sahəsinə də aid etmək olar.
Bu regional əməkdaşlıq islahatlara sərmayə qoymaq imkanı yaradır. Bunun nəticəsində iqtisadiyyatımız dəyişir, davamlı inkişafımız üçün əsaslar yaranır. Ən vacibi budur. Bazar iqtisadiyyatı, güclü siyasi sistem, sabitlik, sərmayələr, insan kapitalına investisiyalar və davamlı inkişaf vacibdir. Hazırda biz davamlı inkişaf haqqında çox danışırıq. Biz dəyişikliklər haqqında söhbət açırıq. Hesab edirəm ki, Azərbaycan bunun necə baş verməsinin nümunəsi ola bilər. Nəticələr göz qabağındadır. Bəli, gələcəkdə görüləcək işlər çoxdur. Biz islahatlara, siyasi təsisatların inkişafına, hüquqi çərçivəyə, qanunun aliliyinə daha çox diqqət yetirməliyik.
Dünyadakı dostlarımızın, dünyada bir nömrəli Forum hesab edilən, siyasətçiləri, dünya liderlərini, biznes elitanı bir araya gətirən Dünya İqtisadi Forumunun dəstəyi ilə biz böyük nailiyyətləri əldə edə bilərik.
Mən bir daha professor Şvaba 7 il əvvəl Azərbaycanı Davosda iştiraka dəvət etdiyinə, özümüzü təqdim etməyə və əlaqələri qurmağa imkan yaratdığına, xüsusi əməkdaşlıq mühitini yaratdığına və Dünya İqtisadi Forumunun Bakıda keçirmək qərarına görə təşəkkürümü bildirmək istəyirəm. Əziz dostlar, bir daha çox sağ olun. Sizə xoş axşam arzulayıram”.
Dünya İqtisadi Forumunun böyük əhəmiyyət kəsb etdiyini bildirən, ölkəsində iqtisadiyyatı şaxələndirmək məsələsinə toxunan Monqolustanın xarici işlər naziri Luvsanvandan Bold bu sahədə Azərbaycanın təcrübəsinin təqdirəlayiq olduğunu vurğulayaraq deyib ki, bu gün insanlarımızın həyatını yaxşılaşdırmağa və bu həyatı daha da mükəmməl etməyə ehtiyac var. Azərbaycanın nümunəsi, Azərbaycanın timsalı həqiqətən təqdirəlayiqdir.
Litvanın Baş naziri Alqirdas Butkeviçius Forumun təşkilatçılarına minnətdarlığını bildirib və müzakirə olunan mövzuların aktuallığına toxunub. Forumda iştirak etməkdən şərəf duyduğunu bildirən Baş nazir Alqirdas Butkeviçius Azərbaycanın bu tədbirə layiqincə ev sahibliyi etdiyini diqqətə çatdıraraq deyib ki, Azərbaycan strateji mövqeyi ilə Cənubi Qafqazda lider rolunu oynayır: “Hesab edirəm ki, strateji dialoqun təşkil olunması üçün bu, çox yaxşı düşünülmüş bir seçimdir. Avropanın və Mərkəzi Asiyanın əsrlər boyu davam edən əlaqələri hər iki regionu zənginləşdirmişdir. Biz bu əlaqələrdən indi də insanların rifahı və cəmiyyətin yaxşılaşdırılması üçün istifadə etməliyik”.
Tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Albaniyanın Baş naziri Sali Berişa yerləşdiyi bölgədə sabitlik olmasa da, Azərbaycanın mühüm regional layihələrə imza atmasına böyük ehtiram bəslədiyini vurğulayaraq deyib: “Azərbaycan doğrudan da çox maraqlı, ilhamverici bir ölkədir. Forum da gözəl, əla təşkil edilmişdir. Bu Forumda biz əsasən regional əməkdaşlıq haqqında danışdıq. Regional əməkdaşlıq sülhün, sabitliyin, rifahın və yaxşı qonşuluğun təşviq edilməsi üçün ən yaxşı yol kimi sübut edilmişdir. Biz burada Azərbaycan Respublikasının və Azərbaycan Hökumətinin qarşısında baş əyməliyik. Ona görə ki, o qədər də sakit olmayan bir regionda onlar cəsarətli qərarlar vermişlər, çox önəmli regional layihələrə imza atmışlar və onlar indi bütöv Avropa üçün çox önəmli enerji qərarları astanasındadırlar. “Şahdəniz” konsorsiumu tərəfindən veriləcək bu qərar çox böyük bir ərazinin enerji təhlükəsizliyinin gələcəyini təmin edəcəkdir”.
Dünya İqtisadi Forumunun idarə heyətinin üzvü və icraçı direktoru Borge Brende bildirib ki, Forumda region ölkələrinin iqtisadiyyatı barədə çox mühüm məlumatlar səslənib. Azərbaycan iqtisadiyyatının uğurlarından danışan Borge Brende deyib ki, bu, Prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində mümkün olub.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

