Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / İRƏVANDA MİLLİ MƏTBUATIMIZIN FƏDAİSİ MUSTAFA HÜSEYNOV

İRƏVANDA MİLLİ MƏTBUATIMIZIN FƏDAİSİ MUSTAFA HÜSEYNOV

01.09.2026 [08:50]

Tarixi şəxsiyyətlərin fəaliyyəti təkcə onların fikir və ideyaları ilə deyil, həm də dövrün şəraiti, hansı maneələri aradan qaldırması ilə ölçülür. Bu cəhətdən də Mustafa Hüseynov bizim nəzərimizdə nəhəng bir mübariz kimi canlanır. Qərbi Azərbaycanda milli mətbuatımızın ən böyük fədakarlarından biri, tanınmış maarifçi, pedaqoq, jurnalist, publisist, ictimai xadim Mustafa Hüseynovdur. O 1898-ci ildə İrəvanda anadan olmuşdur. Mustafa Hüseynov əslən Türkiyədən idi. Moskva şəhərində ali təhsil almışdı. Yaşadığı qısa ömrünün böyük bir hissəsini ictimai fəaliyyətə, siyasi mübarizələrə, Qərbi Azərbaycanda ədəbi-mədəni mühitin inkişafına sərf etmişdir. 1923-cü ildə İrəvanda Azərbaycanlı Qadınlar klubunun, 1924-cü ildə İrəvan Türk Pedaqoji Texnikumunun, İrəvanda Azərbaycan teatrının, milli məktəblərimizin yaradılması və uğurla fəaliyyət göstərməsində onun da xidmətləri danılmazdır. Mustafa Hüseynov 1922-ci illərdə Qəmərli nahiyyəsinin Çiləxanlı kənd məktəbində savadsızlığın aradan qaldırılması ilə bağlı açılmış hazırlıq kurslarında böyük səylə çalışmışdır. 1920-ci illərdə Qərbi Azərbaycanın bir çox bölgələrində hazırlıq kursları təşkil etməklə yanaşı, həm də müəllimlik etmişdir. O 1923-cü ildə İrəvanda təşkil edilmiş Yeni Türk Əlifba Komitəsinin katibi və büro üzvü olmuşdur. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaya İrəvandan nümayəndə seçilsə də, nədənsə qurultayın nümayəndələri siyahısında onun adına rast gəlinmir. 1924-cü ildə İrəvanda Azərbaycan dilində nəşr edilən, mərkəzi mətbuat orqanı olan “Zəngi”, 1929-cu ildən isə “Qızıl şəfəq” adı ilə işıq üzü görən mətbu orqanların uzun müddət redaktoru vəzifəsində çalışmışdır. Mustafa Hüseynovun siyasi və milli iradəsi sayəsində qəzet 1928-ci il fevral ayının 4-dən - 105-ci nömrəsindən etibarən həftədə iki dəfə kiçik həcmdə 4 səhifədən ibarət olmaqla, yüksək tirajla nəşr olunmağa başlayır. Bu da qəzetin səviyyəsinin əvvəlki illərə nisbətən yüksəlməsinə səbəb olmuşdur. Mustafa Hüseynov qəzetin redaktoru olduğu dövrdə onun təşəbbüsü ilə “Zəngi” qəzetinin müxbirlərindən bir qismi keçmiş İttifaqın aparıcı mətbuat orqanları olan “Pravda” və digər qəzet redaksiyalarında təcrübə keçmək üçün ezam edilirdilər. Qərbi Azərbaycanda mətbuatımız məhz bu fədakar insanların çiyinlərində yüksəlmişdir.

Onun redaktorluq fəaliyyəti bir qədər uzun çəksə də, yaxşı sonluqla bitməyib. Qərbi Azərbaycanda milli mətbuatımızın zəngin ənənələrini yaşadıb, onun inkişaf etdirilməsində Mustafa Hüseynovun böyük xidmətləri olmuşdur. Ana dilimizdə çıxan həmin mətbuat orqanlarında onun tariximiz, mədəniyyətimiz, maarifimiz, ədəbiyyatımız və teatr sənətimizə dair çoxlu məqalələri dərc olunmuşdur. Publisistik yazılarında isə cəmiyyətdə mövcud problemlərə toxunur, o cümlədən 1920-ci ildən sonra qaçqınlıqdan geri dönmüş azərbaycanlı toplumun ağır dərdlərini, üzləşdikləri problemləri dilə gətirirdi. Bu yazılarda açıq olan siyasi baxışlar, o cümlədən milli, türkçülük məsələsi həmişə önə çəkilirdi. O, Qərbi Azərbaycanda soydaşlarımızın hüquqlarının qorunmasında qəhrəmancasına mübarizə aparırdı desək, yanılmarıq. Mustafa Hüseynovun qəzetdə çalışdığı və bu mətbu orqana redaktorluq etdiyi dövrü diqqətlə nəzərdən keçirdikdə onun bir jurnalist kimi özünəməxsus fərdi üslubu qabarıq şəkildə özünü göstərir. Kəskin ictimai məzmun, nüfuzedici məntiq, əsaslı dəlillər Mustafa Hüseynovun qələminin və publisistikasının başlıca xüsusiyyətləri idi. O, erməni şovinizmi əhatəsində əyilməz iradəsi, dönməz əqidəsi, əzmkarlığı və mübarizliyi ilə məkrli və xəbis qonşuları hiddətə gətirən türk ziyalısı kimi tanınırdı. Bu səbəbdən də ona İrəvanda “Türk Mustafa” deyə müraciət edirdilər.

Mustafa Hüseynovov Ermənistan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin ən fəal üzvü və qəzetin redaktoru kimi Qərbi Azərbaycanda yaşayıb-yaradan gənc istedadların üzə çıxarılıb ədəbi ictimaiyyətə təqdim olunmasında xidmətləri vardır.

1937-ci ildə Mustafa Hüseynov qəzetin erməni əməkdaşı Mihatsahakanyanın donosu əsasında “türk casusu” kimi repressiyaya məruz qalaraq güllələnmişdir. Bu, ilk növbədə onunla bağlı idi ki, Mustafa Hüseynovun qəzetdə məsul redaktor olduğu dövrlərdə azərbaycanlıların ədəbi-mədəni yüksəlişinə hər vasitə ilə süni əngəllər yaratmağa çalışan, erməni şovinist rəhbər dairələrini kəskin tənqid edən, onların iç üzünü açan, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə dair kifayət qədər ifşaedici materiallar çap etdirməsi, Türkiyənin iqtisadi-siyasi uğurları, Atatürkün, o cümlədən digər türk dövlət xadimləri haqqında qəzetin sütunlarında yazılar dərc etdirməsi, Türkiyə barədə intensiv informasiyaların bu mətbu orqanın səhifələrində müntəzəm dərc olunması erməni şovinist dairələrini qıcıqlandırmaya bilməzdi.

Mustafa Hüseynov Qərbi Azərbaycanda ədəbi-mədəni mühitə işıq verən bir məşəl olmuşdur. Bu sönməz məşəl həmin coğrafiyada yaşayan soydaşlarımızın həmişə parlaq yollarını işıqlandırmışdır. Qələmini və bütün ömrünü Qərbi Azərbaycanda mətbuatımızın inkişafına sərf etmiş Mustafa Hüseynov hər zaman mətbuat tariximizin uca zirvəsində dayanacaqdır.

Cəlal Zəngi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30