Ana qonan kəpənək
14.03.2026 [09:38]
İvan Turgenevin “Asya” povesti haqqında
Bu əsər adətən müəllifin “İlk sevgi” (1860), “Bahar suları” (1872) povestləriylə birgə nəşr olunur. Hər birinin müstəqil süjeti, ayrıca qəhrəmanları olsa da, məhəbbət mövzusunda yazılmış bu üç povest bir-birinə söykəkdir, bir növ trilogiyadır. Üçlüyün birinci bölümü də elə 1858-ci ildə işıq üzü görmüş “Asya” povestidir. Əsərləri birləşdirən təkcə mövzu ortaqlığı deyil, həm də hər üç povestdə (ələlxüsus ikincisində) avtobioqrafik elementlərdən bolluca istifadə olunmasıdır.
Rus ədəbiyyatında “Turgenevin qızları” deyə bir termin də formalaşıb. Həqiqətən, onun yaratdığı qadın obrazlarından nadir bir qalereya düzəltmək olar. Bu qadınların, qızların hər birinin müəllifin qüdrət barmaqlarıyla ayrıca xarakteri, bənzərsiz obrazı yaradılsa da, onları birləşdirən cəhətlər də az deyil. Bu cəhətlərin ən başlıcası budur ki, Turgenevin aşiq qızları həmişə qəhrəman, ideal axtarışındadırlar, özləri də həmin ideallar uğrunda əzablara qatlaşmağa, qəhrəmanlarına can fəda eləməyə müdam hazır görünürlər, bir şərtlə ki, qəhrəman fərari, qorxaq çıxmaya, ağ atlı oğlan atdan enib ulağa minməyə. Asyanın qardaşı əsərin təhkiyəçi qəhrəmanına bacısı haqqında belə deyir: “Bu qız başımın bəlasıdır. Özü də xalis barıtdır. İndiyəcən heç bir oğlanı bəyənməyib, ancaq vay o günə ki, birini sevə!.. Yox, Asyaya qəhrəman, qeyri-adi bir insan, ya da dağ yamacında sürü otaran şəkil kimi bir çoban lazımdır...”
Əsəri yazıçı təqribən bir illik ədəbi-bədii sükutdan sonra 1857-ci ilin yay-payız aylarında Almaniyanın Zinitsk şəhərində qələmə alıb. Elə hadisələr də həmin ölkədə - Reyn çayının sağ-sol yaxasındakı iki kiçik kurort şəhərində cərəyan eləyir. Müəllif şəhərlərdən birini Z., o birini L. kimi qələmə verir, əsəri öz dilindən danışan lirik qəhrəmanını isə N.N. adıyla oxucuya tanıdır. Asyanı Turgenevin bacısına da, nikahdankənar qızına da bənzədənlər var, ancaq onun gerçək prototipinin (əgər varsa) kimliyi bəlli deyil. Çox güman, yazıçı öz Qalateyasının palçığını ömründən keçmiş bir neçə diri obrazın şirəsiylə yoğurub.
***
Təhkiyəçi bizə iyirmi beş yaşında başına gəlmiş əhvalatı nağıl eləyir. İndi artıq o günlərdən iyirmi il keçib, onun indi qırx beş yaşı var: “Onda mən sərbəst həyata yenicə qədəm qoymuşdum, odur ki, baş götürüb xaricə getdim; fəqət o çağlar deyildiyi kimi, “təlim-tərbiyəmi başa çatdırmaq” üçün yox, sadəcə, Allahın dünyasına gözüm dolusu baxmaq istəyirdim. Canım sağ, yaşım cavan, özüm də şən idim, pulum bəs deyincəydi, qayğılar hələ başımı qatmamışdı, gözüm geridə qalmamışdı, ürəyim istəyəni eləyirdim, bir sözlə, çiçək açırdım. Onda ağlıma gəlməzdi ki, insan bitki-filan deyil, illər uzunu dönə-dönə çiçəkləyə bilməz...
Mən tamam məqsədsiz, plansız gəzib dolaşırdım; xoşuma gələn hər yerdə əylənirdim, təzə adamlar, təzə üzlər, məhz təzə sifətlər görmək arzumu duyar-duymaz dərhal yerimi dəyişirdim. Məni ancaq adamlar maraqlandırırdı, qəribə abidələrdən, təmtəraqlı yığıncaqlardan zəhləm gedirdi... Təbiət mənə güclü təsir bağışlayırdı, fəqət mən onun tərifli gözəlliklərini, sərt yamaclı dağlarını, qayalı uçurumlarını, şırranlarını sevmirdim; istəmirdim təbiət əl-ayağıma dolaşıb məni bezdirsin. Əvəzində sifətlər, canlı insan üzləri - adamların danışığı, davranışı, gülüşü - bax bunlarsız keçinə bilmirdim...”
Təxminən yüz il sonra Uilyam Folkner də söhbətlərinin birində onu təbiət mənzərələrindən çox insan sifətlərinin, Nazim Hikmətin təbiriylə desək, insan mənzərələrinin cəlb elədiyini deyəcəkdi. Həmin cavabı verəndə Folkner Turgenevin əsərindəki bənzər məqamı xatırlamışdımı - bunu biz artıq heç vaxt bilməyəcəyik. Fəqət, istənilən halda bu bənzərlik bizə dahilər arasındakı mənəvi bağların, doğmalıq tellərinin necə möhkəm, qırılmaz olduğunu hər zaman xatırladacaq.
***
Əsəri bizə öz ömrünün ən parlaq, həm də ən kədərli səhifələri kimi nağıl eləyən cənab N.N. duyğulu bir aristokrat, yumşaq ziyalı, bunlarla yanaşı, kəskin dönüşlərə, romantik sıçrayışlara qadir olmayan qərarsız, qətiyyətsiz bir gəncdir. Müəllif bizə onun Rusiyada qoyub gəldiyi həyatıyla bağlı geniş məlumat vermir, bircə bunu öyrənirik ki, gənc dvoryan sevdiyi dul qadından müsbət cavab ala bilmədiyinə görə başını götürüb vətəndən uzaqlaşıb.
Onun səfəri heç bir məqsəd güdməyən, heç bir plan qurmayan, taleyini təsadüflər okeanının kor dalğalarına tapşıran, öz azadlığından sərxoş olan tənha rindin indiki zamana anarxist səyahətidir. Bu səyahət, şübhəsiz, rəmzi xarakter daşıyır - fərdin yoxluqdan zühurunu, varlıq adına illüziyaların sayrışdığı ötəri dünyaya səfərini, daha doğrusu, ezam olunmasını simvolizə eləyir. Qəhrəmana yox deyən həmin o dul qadın elə onu fani həyata ezamiyyətə göndərən doğmaca anasıdır.
Turgenevin anarxizm fəlsəfəsinə mənsubluğuyla bağlı ehtimalımızı “Atalar və oğullar” romanından danışanda əsaslandırmağa çalışmışdıq. Bu povest o romandan bir neçə il əvvəl yazılıb, ancaq elə buradan da onun dünyagörüşünün konturlarını, belə demək olarsa, fəlsəfi-ideoloji mənsubiyyətini sezmək olur. Bu kimi təmayüllər yalın ağılla, quru düşüncəylə müəyyənləşmir, hər halda böyük adam öz böyüklüyünə bu yolla yetişmir - ona qalsa, Turgenev ixtisasca fəlsəfə mütəxəssisiydi, Hegel təliminin bilicisiydi, Şellinqlə dostluq eləyirdi, fəqət, klassik alman idealizminin bu iki nəhəng sütunuyla yaxından-uzaqdan simsarlığına baxmayaraq özü nə filosof, nə də idealist oldu. Onun ruhunun təyinatı bu deyildi, istedad onu ayrı səmtə çəkirdi. O, Hegelin, Şellinqin taxta çıxardığı həqiqətin təntənəsinə, onların nikbin Allahına, şər üzərində tarixi zəfərin labüdlüyünə inanmırdı. İctimai-siyasi baxışlarına görə Avropa liberalizminə yaxın olsa da, fəlsəfi dünyagörüşü sarıdan sağalmaz pessimist idi.
Davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

