Öz budağından yıxılan ağac
27.07.2024 [11:07]
Onore de Balzakın “Qorio ata” romanı haqqında
Ədəbi təsirlə ədəbi oğurluğu qarışdırmaq olmaz, hərçənd bunları bir-birindən ayırmaq elə də asan deyil. Məsələn, Onore de Balzakın “Qorio ata” romanının Şekspirin “Kral Lir” faciəsindən ilhamlandığına mənim şübhəm yoxdur, hər iki əsərdə insana xas ən ali duyğulardan sayılan nəsil instinktinin necə kor, necə amansız, necə tragik bir hiss olduğu göstərilir. Bəşəriyyəti bu günə gətirib çıxaran bunca möhtəşəm instinkt, atalıq duyğusu adını çəkdiyim əsərlərdə faktiki ifşa olunur.
“Təsir, yoxsa oğurluq?” adlı yazıdan
Şekspirin “Kral Lir” pyesiylə Balzakın “Qorio ata” romanı qardaş əsərlərdir. Hər ikisi övladlarından yarımayan atadan - öz budağından yıxılan ağacdan bəhs eləyir. Eynən Şekspir kimi Balzak da insan ehtiraslarının tüğyanını, vəhşi tamahın püskürtüsünü təsvir eləməyin böyük ustasıdır. Onun da qəhrəmanı od tutub yanan dünya həvəslərinin alovunda bişib kömürə çıxır, alışıb sonra da sönən arzuların tüstüsündə boğulur. Hər iki dahi bəşər övladına sahibinin içinə vəlvələ salan yırtıcı instinktlərin səsini batırmaqdan, öz yiyəsini kəsən ehtirasları korşaltmaqdan savayı dinclik, asudəlik, xoşbəxtlik yolu qoymur. Şekspir də, Balzak da insan nəslinin Lao Tszı, Budda, Demokrit, Epikür, Seneka kimi böyük müəllimləriylə bir mərtəbədə qərar tutmuş zahidlər, asketlər, sükunət carçılarıdır.
Doğrudur, Şekspirin tragediyasından fərqli olaraq Balzakın romanı yalnız ata-bala münasibətləri üstündə köklənməyib, burada süjetin şaxələnməsi, insan münasibətlərinin başqa müstəvilərdə, başqa xətlər üzrə gözdən keçirilməsi də var. Belə götürəndə Qorio ata heç romanın baş qəhrəmanı da sayılmalı deyil, bu postu olsa-olsa tələbə Ejen de Rastinyak tuta bilər, çünki bütün xətlər, süjetlər qoca Qorioda yox, gənc Ejendə kəsişir. Bununla belə, adından da göründüyü kimi, əsərin mərkəzində öz qızlarının divanəsi olan zavallı atanın faciəsi durur. Biz də romanı daha çox bu kontekstdə, Şekspir faciəsinin davamı, daha doğrusu, “Kral Lir” mövzusunun on doqquzuncu əsr reallıqları içində yeni zühuru kimi nəzərdən keçirməyə çalışacağıq.
***
Lir krallıq, cəngavərlik epoxasının, zadəganlıq əsrinin qəhrəmanı idisə, Qorio burjua dönəminin, qızılın qılıncı kəsdiyi, kapitalın taxt-taca dov gəldiyi dövrün maliyyə krallarındandır. O, Fransa burjua inqilabının tüğyan elədiyi, ölkədə qanın su yerinə axıdıldığı illərdə fürsəti fövtə verməyib buğda alverinə girişməklə, vermişel fabriki açmaqla böyük sərvət qazanıb.
Qızlarına nə qədər bağlı olsa da, kral Lir kimi onu da yaxşı adam, əxlaq, mənəviyyat örnəyi saymaq olmaz. Doğrudur, Qorio sərvətini pozğunluğa, əyyaşlığa, baş kəsdirib ev yıxmağa, ya özgə bir əxlaqsız yola xərcləməyib, tam tərsinə, canından artıq istədiyi qızlarına böyük məbləğdə cehiz verib - hərəsinə təqribən yarım milyon frankdan artıq. O dövr üçün bu, olduqca böyük məbləğdir. Özünə isə birtəhər keçinmək üçün cüzi məbləğ saxlayıb. Ancaq qızlar yenə ondan əl çəkmirlər, qoca atalarının olub-qalan qəpik-quruşunu da qəddarcasına, görməmişcəsinə talamaqdan usanmırlar.
Qorio atanın böyük qızı Anastazi de Resto varlı, nüfuzlu qrafın, kiçik qızı Delfina alman əsilli məşhur bankir baron Nusingenin arvadıdır (kürəkənlərin obrazına “Bəşəri komediya” silsiləsindən başqa əsərlərdə də rast gəlinir). Kral Lirdən fərqli olaraq onun üç yox, iki qızı var, atasına rəhmi gələn üçüncü övladın (Kordeliyanın) funksiyasını romanda tələbə Rastinyak yerinə yetirir.
Uşaqlarının anası gənc ikən öləndən sonra Qorio ata ona sədaqətini qoruyub saxlayıb, qızlarını təkbaşına böyüdüb, bütün ömrünü onlara həsr eləyib. O, övladlarına sevgi-məhəbbətlə də yox, dəlicəsinə bir ehtirasla bağlıdır, bu ehtirasın tərkibində ata şəfqətiylə ana şəfqəti qarışıqdır, yəni Qorio balalarına həm ata, həm də ana olub. Dünya bir göz qırpımında xaraba qalsa, onun tükü tərpənməz, təki qızları bu dağıntının altından salamat çıxsınlar. Qızlarsa ər evinə köçəndən, kübar cəmiyyətə qarışandan sonra atalarını həyatlarından siliblər, ona işləri düşəndən-düşənə baş çəkirlər.
***
Yalnız əlahiddə götürülmüş bir obyektə, bir canlıya, bir insana yönələn sevgi gerçək sevgi sayıla bilərmi? Əlbəttə, sayılmamalıdır, çünki gerçək sevginin konkret ünvanı olmamalıdır. Əsl sevgi konkretliyin fövqündə duran universal duyğudur, universal, abstrakt olduğuna görə də müqəddəs duyğudur. “Mənim balam salamat olsun, başqaları nə vecimə” prinsipi insani prinsip deyil, bu prinsip təbii qanun kimi heyvanat aləmində də işləkdir.
Sevgini ehtirasdan ayırmaq üçün onun universal olub-olmadığını yoxlamaq yetər. Bu, başqa məsələ ki, o mücərrəd hiss, abstrakt duyğu ayrı-ayrı konkret hallara, konkret obyektlərə də tətbiq oluna bilər; nəinki oluna bilər, hətta mütləq olunmalıdır. Bunu ən sadə düsturla belə ifadə eləyə bilərik: “Bütün balalar xoşbəxt olsun, mənimki də onların içində”. Yaxud da belə: “Bütün xalqlar azad, firavan yaşasın, mənim xalqım da onların arasında, yeri gəlsə, lap ortasında”.
***
Əsərin personajları “Vokenin evi” adlı ucuz, pinti pansionda bir araya gəlirlər. Bura Paris cəmiyyətinin aşağı təbəqəsinin tipik modelidir. Ancaq bu pansiondan yüksək təbəqəyə, kübar cəmiyyətə calanan cığırlar da var. İki aləmi bir-birinə bağlayan tellər oxucuya insan toplumunun bütöv mənzərəsini boyaboy görməyə imkan verir. Aydın məsələdir ki, Balzak kimi böyük yazıçılar əsərlərində konkret bir ölkənin, şəhərin adamlarından yox, onların timsalında ümumən insan cəmiyyətindən, insan xislətindən, universal həqiqətlərdən, ümumbəşəri dəyərlərdən bəhs açırlar. Bu mənada “Vokenin evi”ni Balzakın yozumunda dünyanın modeli kimi də qavraya bilərik.
Qorio ata əvvəl-əvvəl pansionun rahat, isti otaqlarından birini kirayələyir. Di gəl, varını-yoxunu qızlarının yolunda xərclədikcə, üstəlik, tamahkar pansion sahibəsi, dul qadın madam Vokenin umacaqlı atmacalarına etinasız qaldıqca Qorionun tənhalıq hücrəsi yavaş-yavaş yaxşıdan pisə doğru dəyişməyə başlayır. Onun tənəzzülü boyunca məkrli madam Voke də Qorionu sakinlərin gözündən salmağa çalışır, qocanın haqqında cürbəcür şayiələr yayır. Bəzi sakinlər gözəl, yaraşıqlı kübar xanımların tez-tez ziyarət elədiyi Qorio atanı qoca arvadbaz, şəhvət düşgünü kimi qələmə verirlər, zavallı Qorio onu ziyarətə gələnlərin doğmaca qızları olduğunu desə də, heç kim buna inanmır: o cür varlı-hallı xanımların atasının belə miskin bir insan tövləsində çürüdüyünə necə inansınlar axı! Yalnız hələ gənclik saflığına ləkə düşməmiş Rastinyak məsələni dəqiqləşdirəndən, bundan sonra həmin mövzuda Qorio ataya sataşanların onu qarşısında görəcəyini bəyan eləyəndən sonra şər-şəbədə qoşanların ağzına möhür vurulur.
Yaşı yetmişi haqlamış Qorio atanın bütün ehtirasları çoxdan sönüb, onun heç doyunca yeyib-içməyə, ləziz təamlarla bəslənməyə də həvəsi qalmayıb. Arabir yenidən alverə qurşanacağını, Ukraynadan sərfəli qiymətə taxıl gətirib qısa vaxtda varlanacağını dilinə, xəyalına gətirsə də, həyatın üstünə bu sayaq qıcanmalar, əli puldan kəsilmiş keçmiş tacirin bu isterik tutmaları qatilinin dişləri boğazına kilidlənmiş ovun havanı təpikləməsinə bənzəyir.
Əslində, onun varlanmağa da meyli yoxdur, pula, sərvətə də tamahı keçmir, bütün bunlar qızlarının qayğılarını azaltmaq, onları kürəkənlərinin istismarından, əsarətindən qurtarmaq üçün göyün boşluğuna üfürülən arzulardır. Halbuki Qorionun qızları eynən özləri kimi əxlaqsız, şərəfsiz oynaşlarını yedirtmək, onların külli miqdarda qumar borclarını ödəmək üçün təkcə atalarını yox, ərlərini də cürbəcür hiyləli yollarla soyub talayırlar, onlardan gizli qiymətli girovlar qoyub qəddar sələmçilərdən ağır faizlə pul götürürlər (bununla bağlı çox təsirli bir epizod “Qobsek” novellasında da var). Ancaq Qorio atanın kor nəsil instinkti, kar övlad ehtirası kürəkənlərinin yamanlığını görsə də, övladlarının alçaqlığına göz yumur.
F.Uğurlu
Davamı var…
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17

