Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Sənədsiz əmlak obyektlərinin rəsmiləşdirilməsinə yaşıl işıq

Sənədsiz əmlak obyektlərinin rəsmiləşdirilməsinə yaşıl işıq

29.01.2015 [09:45]

Dövlət başçısının imzaladığı Fərman ölkə ərazisində mövcud olan sənədsiz əmlak obyektləri üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinə etibarlı hüquqi əsas yaradır
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bir müddət öncə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb. Dövlət başçısının imzaladığı Fərman ölkə ərazisində mövcud olan sənədsiz əmlak obyektləri üzərində mülkiyyətin rəsmiləşdirilməsinə etibarlı hüquqi əsas yaradır.
Qeyd edək ki, vətəndaşların sahib olduqları və istifadə etdikləri fərdi evlər, eləcə də, digər əmlak obyektləri üzərində mülkiyyət hüququnun təsdiqlənməsi ciddi sosial mahiyyət kəsb edən məsələdir. İndiyədək belə əmlak obyektləri üzərində mülkiyyət hüququnun təsdiqlənməməsi vətəndaşlar üçün müəyyən psixoloji gərginlik yaratmaqla yanaşı, eyni zamanda, onların öz əmlaklarını hüquqi əsaslarla idarə etmələrinə əngəllər törədirdi. Sayı minlərlə ölçülən sənədsiz əmlak obyektləri üzərində mülkiyyət hüququnun təsdiqlənməməsi, respublikamızda əmlak vergisinin toplanmasında qeyri-müəyyənliyə yol açır və beləliklə də, böyük həcmdə maliyyə vəsaiti dövlət büdcəsinə daxil edilmirdi.
Ölkə Prezidentinin imzaladığı haqqında bəhs olunan Fərmanla əmlak obyektləri üzərində mülkiyyət hüququnun təsdiqlənməsi ilə bağlı yaranan bu kimi narahatçılıqlara son qoyulacaq. Belə ki, Fərmana əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının təsdiqlənməsinin konkret mexanizmi müəyyənləşdirilib. Fərmanla haqqında bəhs olunan qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı təsdiqlənib. Bundan sonra vətəndaşlar dövlət başçısının Fərmanla təsdiqlədiyi sənədləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim etməklə onlara məxsus əmlak obyektləri üzərində mülkiyyət hüquqlarını təsdiqlətdirə biləcəklər. Bununla belə, sənəddə müəyyən istisnalar da nəzərdə tutulub. Belə ki, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
Hazırda respublikamızda kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ciddi narahatlıq doğuran məsələlərdəndir. Fərmana əsasən, Nazirlər Kabineti bu qəbildən olan torpaqların aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Beləliklə, aydın olur ki, kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin statusu Nazirlər Kabinetinin irəli sürəcəyi təkliflər əsasında dövlət başçısının təsdiqləyəcəyi yeni qaydalarla müəyyənləşdiriləcək.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Fərmanda əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı qarşıya çıxa biləcək əvvəlcədən nəzərdə tutulmayan məqamlar da nəzərə alınıb. Fərmana əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin təhlili nəticəsində daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan sənədləri aşkar etdikdə, bu növ sənədlərin Siyahıya daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Fərmanın xüsusi aktuallıq kəsb edən müddəalarından biri isə daşınmaz əmlak obyektlərinin faktiki göstəriciləri ilə müvafiq sənədlərdəki göstəricilər arasındakı uyğunsuzluğun aradan qaldırılması ilə bağlıdır. Sənədə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki, eləcə də, order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir. Məsələn, vətəndaşa məxsus əmlak obyektinin faktiki sahəsi 50 kvadratmetr olduğu halda, müvafiq sənədlərdə bu göstərici 40 kvadratmetr göstərilibsə, Fərmana əsasən, mülkiyyət hüququ rəsmiləşdirilərkən faktiki ölçülər əsas götürüləcək. Fərmanda o da konkret şəkildə göstərilib ki, bu zaman əlavə tikililər istisna təşkil edəcək.
Ümumiyyətlə, Fərmanda mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı bütün məqamlara aydınlıq gətirilib. Yeri gəlmişkən, dövlət başçısının imzaladığı yeni Fərman ölkə ictimaiyyətinin nümayəndələri tərəfindən də rəğbətlə qarşılanıb. Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu sənəd nəticəsində qeydiyyatsız evlərə mülkiyyət hüququ veriləcək. Bununla da, əhalinin çoxdan gözlədiyi ciddi bir məsələnin həlli istiqamətində vacib bir addım atılıb. Millət vəkili xatırladıb ki, sənədsiz evlərin qeydiyyat məsələsi uzun müddətdir müzakirə mövzusudur, bununla bağlı indiyə qədər müxtəlif təkliflər verilib. “Bu Fərman həm sənədsiz evlərin qeydiyyata alınmasına, həm də təhlükəli ərazilərdə yaşayan vətəndaşlarla bağlı qərar çıxarılmasına imkan verəcək. Özünü təhlükəyə ataraq qaz kəmərlərinin üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında ev tikən vətəndaşlarla bağlı da qərar qəbul ediləcək” - deyən, T.Rzayevin sözlərinə görə, vətəndaşların etibarlı mənzil təminatını həll etmək üçün təhlükəli ərazilərdə yerləşməyən evlər sənədləşdirilməlidir: “Sənədləri olmayan, yaxud yarımçıq olan, o cümlədən, dövlətə vergi ödəyən şəxslərin əmlak obyektləri qeydiyyata alınıb onun mülkiyyətinə verilməlidir. Həmçinin, vətəndaşlar özləri də diqqətli olmalıdırlar. Onlar hər hansı ərazidə torpaq alanda, ev tikəndə bütün sənədləri toplayıb sonra bu işləri aparmalıdırlar”.
Millət vəkili, hesab edir ki, dövlət başçısının Fərmanı bu məsələlərə tam aydınlıq gətirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı qeydiyyat məsələlərinin həllində vacib rol oynayacaq.
“Prezident İlham Əliyevin imzaladığı bu Fərman illərdir ki, davam edən mühüm bir problemin həll edilməsinə yol açdı. Fərman vətəndaşlara məxsus əmlak obyektlərinin dövlət qeydiyyatına alınması zamanı ortaya çıxan bir sıra qeyri-müəyyənlikləri, sənədləşdirmə ilə bağlı çətinlikləri həll etməyə imkan verir. Sənəddə haqqında bəhs olunan qanun qüvvəyə minənədək yaranmış daşınmaz əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizm müəyyənləşdirilib. Yəni, 2004-cü ilin 29 iyun tarixinə kimi alınan və ya inşa edilən əmlaklar Fərmanla müəyyənləşdirilən sənədlər əsasında dövlət qeydiyyatına alınmalıdır”. Bu fikirləri isə millət vəkili Azər Badamov ifadə edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı mühüm müzakirələr aparılsa da, açıq qalırdı. Amma verilən Fərman minlərlə sənədsiz daşınmaz əmlakın sənədləşdirilməsinə imkan yaradacaq. Millət vəkili bildirib ki, Fərmanda qeyd olunan siyahı bu məsələnin kompleks şəkildə həllini daha da asanlaşdırdı, mexanizm yolu yaratdı: “Prezident İlham Əliyevin apardığı uğurlu siyasi xətt bütün problemlərin həllinə yaxından yardımçı olur. Möhtərəm Prezidentimiz ölkədə sosial məsələlərin yüksək səviyyədə həllinə nail olmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Dövlət başçısı hər zaman bildirib ki, ölkəmizdə yürüdülən siyasətin mərkəzində vətəndaşlarımızın sosial rifahı və yüksək yaşayış səviyyəsi dayanır. İnanıram ki, bu mütərəqqi addım neçə-neçə ailənin üzünü güldürəcək və onların evlərinin sənədləşdirilməsinə, mülkiyyətlərinin rəsmiləşməsinə imkan verəcək”.
Mübariz ABDULLAYEV,
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1957 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31