Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 4 oktyabr 1994-cü ildə...

4 oktyabr 1994-cü ildə...

03.10.2026 [11:25]

Ulu Öndər Heydər Əliyevin müdrikliyi və xalqa güvəni ilə dövlət çevrilişi cəhdinin qarşısı qətiyyətlə alındı

Ötən əsrin doxsanıncı illərinin əvvəllərini XX yüzillikdə ikinci dəfə qazanılan müstəqilliyimizin çətin sınaq dövrü kimi səciyyələndirə bilərik. Azərbaycan belə sınaqlardan birini 4 oktyabr 1994-cü ildə yaşadı. Həmin tarixdə ölkəmizin müstəqilliyini sinirə bilməyən xarici güc mərkəzlərinin və onların əlində alətə çevrilən daxildəki müəyyən qüvvələrin səyi ilə dövlət çevrilişinə növbəti dəfə cəhd göstərildi.

Ancaq məkrli qüvvələr yanılmışdılar. Bu dəfə Azərbaycanın idarəçilik sükanının arxasında siyasət, diplomatiya nəhəngi Heydər Əliyev dayanmışdı. Məhz O, 4 oktyabr 1994 -cü il dövlət çevrilişi cəhdinin qarşısını aldı. Özü də silaha əl atmaqla, meydanlara, küçələrə qoşun çıxartmaqla, qan tökməklə yox, müdrikliklə və Ona inanan, Ona yeganə xilaskarı kimi baxan xalqa güvəni ilə.

Məqsəd Azərbaycan xalqını dövlətçilikdən məhrum etmək idi

Həmin dövrü xatırladıqda adam dəhşətə gəlir. Vəziyyət çox ağır idi. Çirkin ssenari əvvəlcədən hazırlanmışdı. Plana əsasən, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə gələn və qısa müddətdə anarxiyaya, qardaş qanı axıdılmasına  son qoyan, ölkəni sabitliyə, vətəndaş həmrəyliyinə və inkişafa istiqamətləndirən  böyük siyasətçi Heydər Əliyev istənilən bir yolla hakimiyyətdən  uzaqlaşdırılmalı və Azərbaycan idarəolunmaz vəziyyətə gətirlməli idi. Bu, əslində, dövlətçiliyimizin yenidən süqutu demək idi. Dünya görəcəkdi ki, Azərbaycan xalqı müstəqil dövlət qurmaq və onu yaşatmaq iqtidarında deyil...

Böyük siyasətçi Heydər Əliyevin bir il ərzində gördüyü işlər, ölkədə həyatın normal məcraya qayıtması, özbaşına dəstələrin ləğv edilərək nizami ordu quruculuğuna başlanılması, cəmiyyətdə sabaha inam yaranması müstəqilliyimizi istəməyən mərkəzləri və daxildəki hakimiyyət hərisi olan “beşinci kolon” təmsilçilərini əndişələndirirdi. Buna görə də onlar pozuculuq əməllərini genişləndirmək üçün sanki tələsirdilər. “Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından dövlətə qarşı cinayətlərdə ittiham olunan bir neçə qatı cinayətkar qaçırıldı. Sentyabrın 29-da Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov namərdcəsinə qətlə yetirildilər. Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin fəaliyyəti getdikcə qanunların çərçivəsini daha çox aşırdı. Bəhs olunan qətillərin isti izi ilə “OMON” kimi tanınan həmin dəstənin bir qrup üzvü Baş Prokurorluğun qərarı ilə həbsə alındı. Bundan sonra “OMON”-a faktiki rəhbərliyi həyata keçirənlər dövlətə qarşı çirkin niyyətlərini açıq müstəvidə sərgiləməyə başladılar. Pozucu qüvvələrin təsiri ilə artıq cinayət yoluna düşmüş “OMON”-un 30-a qədər döyüşçüsü Respublika Prokurorluğuna hücum etdi. Əməliyyata başçılıq edən Mahir Cavadov həmkarlarına qarşı dözümsüzlük göstərərək vəzifə borcunu icra edən respublikanın baş prokurorunu vəhşicəsinə döydü, dəstəsi ilə birlikdə prokurorluğun binasını zəbt edərək dağıntılar törətdi. Daha sonra isə 40 nəfərlik dəstə ilə Daxili İşlər Nazirliyinə hücum olundu. Amma üsyançılar layiqli cavab alaraq geri çəkildi. Respublika Prokurorluğunun binası “OMON” tərəfindən mühasirəyə alındı. Oktyabrın 4-də Gəncədə Surət Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam isə şəhər İcra Hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi. Eyni zamanda, Bakıda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident Sarayına, Ali Sovetin və Müdafiə Nazirliyinin binalarına tuşlayıb əmrə müntəzir dayanmışdı. Aydın görünürdü ki, hadisələr eyni mərkəzdən sinxron qaydada idarə edilir.

Ulu Öndər xalqa güvəndi, xalq da Ona dəstək verdi

Bu cür taleyüklü məqamda hansı addımlar atılmalı idi? Sualın cavabı olaraq ilk ağla gələn mülahizə belə ola bilərdi: İğtişaş törədənlərin, dövlət orqanlarının fəaliyyətinə imkan verməyənlərin ram edilməsi üçün qanuni silahlı birləşmələrdən istifadə olunsun. Heydər Əliyev isə Ona xas olan idarəçilik metoduna əl ataraq oktyabrın 4-də axşam saatlarında radio və televiziya vasitəsilə xalqa müraciət ünvanladı. Ulu Öndər öz müraciətində bu ağır gündə hamıdan mətanət, dəyanət, cəsarət, qəhrəmanlıq, namus, qeyrət gözlədiyini bildirdi və xalqı Prezident Aparatının qarşısına dəvət etdi. Çox keçmədi ki, Prezident Aparatının qarşısı insan selinə qərq oldu. Sosial mənşəyindən asılı olmayaraq insanlar bura gəlib Heydər Əliyevə dəstək verməyi özlərinə mənəvi borc sanırdılar. Həmin gecə bütün Azərbaycan Heydər Əliyevin çağırışı ilə ayağa qalxmışdı.

Ertəsi gün - oktyabrın 5-də daha böyük izdiham-təxminən bir milyon insan “Azadlıq” meydanına toplaşaraq respublikanın müstəqilliyinin, dövlətçiliyimizin qorunmasında Prezident Heydər Əliyevin yanında olduğunu nümayiş etdirdi. Meydana toplaşanlar qarşısında çıxış edən Ulu Öndər baş verənləri müstəqilliyimizə qarşı qəsd kimi dəyərləndirərək dedi: “Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr, ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy, hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır”.

Beləliklə, Heydər Əliyevin qətiyyəti və müdrikiyi, xalqın Onun çağırışına yekdilliklə səs verməsi şər qüvvələri geri çəkilmək məcburiyyətində qoydu və dövlətçiliyimiz xilas edildi. Böyük siyasətçi Heydər Əliyevin 32 il bundan əvvəl qoruduğu dövlətçiliyimiz bu gün etibarlı əllərdədir. Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla irəli apararaq Azərbaycanı dünyada sayılıb seçilən dövlətlər sırasına  yüksəldib. Bu gün ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən müstəqil dövlətimiz yeni hədəflərinə doğru inamlı addımlar atır və Azərbaycan xalqı da bundan çox qürurludur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 34 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31