Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ-İran danışıqları dalana dirənib

ABŞ-İran danışıqları dalana dirənib

02.10.2026 [09:20]

İran nümayəndə heyəti Nyu-York şəhərini tərk edib

ABŞ Dövlət katibi Marko Rubio İranla ikitərəfli sülh danışıqlarının çıxılmaz vəziyyətə düşməsindən sonra bu ölkənin BMT Baş Assambleyasındakı nümayəndə heyətinin ABŞ-ı dərhal tərk etməsini tələb edib. “Axios” portalının məlumatına görə, Ağ Ev əvvəlcə Tehranla danışıqlarda irəliləyiş əldə olunacağına ümid etsə də, günün sonunda prosesin dalana dirəndiyi üzə çıxıb. Bundan sonra Rubionun göstərişi ilə ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməli olduğunu bildirib. İranlı diplomatlar sentyabrın 29-nun gecəsində Dohaya uçublar.

Nəşr qeyd edir ki, Qətər vasitəçilərinin ABŞ və İran arasında diplomatik irəliləyiş əldə etmək cəhdləri tərəflərin güzəştə getmək istəməməsi səbəbindən uğursuz nəticələnib, lakin tərəflər arasında kompromis variantlarının müzakirəsi davam edir.

Tramp: Vaxt başa çatır...

Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində tərəflər arasında danışıqlar baş tutmuşdu. Donald Trampın xüsusi elçisi Stiv Uitkoff qeyd etmişdi ki,  bir sıra müzakirələri uğurla başa çatdırıblar. Prezident Donald Tramp da həmin görüşdən razı qalaraq demişdi: “İranla görüş çox yaxşı keçdi. Görüş təxminən üç saat davam edib”. Lakin Tehranın ABŞ-ın şərtlərinə boyun əyməməsi Ağ Ev rəhbərini əsəbləşdirir. Bu səbəbdən ötən gün ABŞ Prezidenti İranın gələcəkdə təslim olmaq qərarına gələcəyinə inandığını bildirib. “İşlər onlar üçün çox pis gedir”, - deyən Tramp əlavə edib ki, ABŞ yaxın vaxtlarda İrana zərbələrin bərpası və ya onunla saziş bağlaması barədə qərar verəcək. “Bəlkə də onları darmadağın edəcəyik, ya da razılığa gələcəyik. Bu qərarı verməliyik. Vaxt başa çatır. Hər şey bu və ya digər şəkildə çox tezliklə bitəcək”, - deyə o qeyd edib. Prezident, İranın nüvə silahına sahib olmayacağına əminliyini də ifadə edib.

D.Tramp, həmçinin Hörmüz boğazına nəzarətlə bağlı vəziyyətin dəyişə biləcəyini vurğulayıb: “İndi Hörmüz boğazından çoxlu miqdarda neft keçir. Biz onu idarə edirik. Amma düşünürəm ki, bu, həmişə dəyişə bilər”. O əlavə edib ki, son iki gündə boğazdan tarixdə əvvəlkindən daha çox neft keçib. Tramp, həmçinin bildirib ki, Hörmüz boğazından əvvəlkindən daha çox neft daşınıb.

ABŞ Hörmüz boğazına nəzarəti davam etdirir

ABŞ Prezidenti ölkəsinin Hörmüz boğazından keçən gəmi hərəkətini tam nəzarətdə saxladığını da deyib. Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlama verərkən bildirib ki, biz sözün əsl mənasında Hörmüz boğazına nəzarət edirik. Onun sözlərinə görə, İran tərəfi vəziyyətə müdaxilə etmək üçün yalnız məhdud imkanlara malikdir: “Onlar, məsələn, sadəcə bir mina yerləşdirə bilərlər”. Dövlət başçısı əlavə edib ki, hətta bu da müəyyən problem yarada bilər, çünki gəmi sahibləri boğazı keçərkən riskə getmək istəmirlər. İranla qarşıdurmada məqsədlərinə tezliklə çatacağını vurğulayan Tramp xatırladıb ki, o, daha əvvəl seçkilərdən sonra və ya hətta əvvəl bu ölkə ilə razılığın əldə olunacağına inandığını bildirmişdi.

ABŞ Hərbi Dəniz Qüvvələri isə İranın dəniz blokadasını bərpa etdikdən sonra bu ölkə ilə əlaqəli olan və İran limanlarına hərəkət edən 125 ticarət gəmisini ələ keçirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Qurumun açıqlamasına görə, sentyabrın 30-na olan vəziyyətə əsasən, hərbi dəniz qüvvələri müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün həmin gəmilərin istiqamətini dəyişdirib. Təkcə son yeddi gündə ABŞ ordusu 10 ticarət gəmisini nəzarətə götürüb. Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 14-də İran limanları istiqamətində hərəkət edən gəmilərin dəniz blokadasını yenidən bərpa edib. Daha əvvəl - aprelin 13-dən iyunun 18-dək qüvvədə olan oxşar rejim zamanı isə komandanlıq qüvvələri 142 gəmini yönləndirib, qaydalara tabe olmayan 9 gəmini sıradan çıxarıb, humanitar yük daşıyan 50-dən çox gəminin isə keçidinə icazə verib.

Tehran öz şərtlərində israrlı görünür

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) isə Hörmüz boğazında neft tankerinin naməlum mərmi ilə vurulduğunu bəyan edib. UKMTO xəbərdarlıq edərək strateji su yolunda baş verən hadisə ilə bağlı gecikmiş məlumat aldığını qeyd edib. “Təsdiqlənmiş mənbə liman tərəfində xam neft tankerinin naməlum mərmi ilə vurulduğunu bildirib”, - deyə təşkilat bildirib. UKMTO gəminin hansı ölkəyə məxsus olduğunu müəyyən etməyib və mümkün itkilər, zərər və ya mərminin mənşəyi barədə ətraflı məlumat verməyib. Qurumun açıqlamasına görə, hakimiyyət orqanları hadisəni araşdırır. Hücum üçün heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib. Bu hücum İran ilə ABŞ arasında qlobal enerji və əmtəə təchizatı üçün əsas marşrut olan Hörmüz boğazından keçməklə bağlı gərginlik fonunda baş verib.

Xatırladaq ki, Tehranın şərtlərinə ABŞ-ın dəniz blokadasına və iqtisadi müharibəyə son qoyulması, İran aktivlərinin azad edilməsi də daxildir. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə bəyan edib ki, onun ölkəsinin təhlükəsizliyi təmin olunmazsa, heç bir infrastruktur təhlükəsiz olmayacaq. ABŞ Prezidenti Donald Trampın İrana qarşı təhdidlərinə toxunan Qalibaf qeyd edib: “ABŞ Prezidentinin İran xalqına qarşı nümayiş etdirdiyi təkəbbür onların hələ də davranışlarını dəyişmədiklərini göstərir”. Vaşinqtonun İrana qarşı siyasətindən imtina etməli olduğunu bildirən parlament sədri əlavə edib: “Amerikalılar bilməlidirlər ki, bu mədəni milləti məhv etməyə yönəlmiş qorxutma və təhdidlər dövrü bitdi”. O, söyləyib ki, İran təhdidlər və ya blokadalar qarşısında geri çəkilməyəcək və istənilən təcavüzə “sərt, qətiyyətli və sürətli cavablar” verəcək.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31