Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tarixdən gələcəyə uzanan siyasi irs

Tarixdən gələcəyə uzanan siyasi irs

30.09.2026 [15:58]

3 oktyabr 1993-cü il Azərbaycan dövlətçiliyinin taleyində dönüş yaradan
tarixlərdən biridir. Həmin gün xalqın böyük əksəriyyətinin Heydər Əliyevə etimad
göstərməsi ölkəmizin siyasi inkişafında yeni mərhələnin başlanmasına səbəb oldu. Bu
seçim müstəqilliyin ilk illərində ciddi sınaqlarla üzləşən Azərbaycanın dövlətçilik
institutlarının qorunması və möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət
daşıdı. Xalq öz iradəsi ilə ölkənin gələcəyini peşəkar idarəçilik və güclü dövlətçilik
ənənəsi ilə əlaqələndirdi.
Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən sonra Azərbaycanın
qarşısında duran ən mühüm vəzifə dövlətin sabitliyini təmin etmək və müstəqilliyin
dönməzliyinə nail olmaq idi. Ulu Öndər qısa müddətdə siyasi qarşıdurmaların
səngidilməsi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin
edilməsi istiqamətində mühüm addımlar atdı. Dövlət çevrilişi cəhdlərinin qarşısının
alınması və vətəndaş qarşıdurması təhlükəsinin aradan qaldırılması ölkədə sabit
inkişaf üçün əsas siyasi zəmini formalaşdırdı. Beləliklə, Azərbaycan böhran
vəziyyətindən çıxaraq ardıcıl dövlət quruculuğu mərhələsinə qədəm qoydu.
Ulu Öndərin siyasi irsinin mühüm istiqamətlərindən biri də Azərbaycanın
dünyaya açılması və milli maraqlar əsasında beynəlxalq əməkdaşlığın
genişləndirilməsi idi. Tarazlaşdırılmış xarici siyasət ölkəmizin müxtəlif güc
mərkəzləri ilə münasibətlərini inkişaf etdirməsinə və beynəlxalq təşkilatlarla
əməkdaşlığını genişləndirməsinə şərait yaratdı. Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq müstəvidə
ifşa olunması və ərazi bütövlüyümüzün bərpasının dövlət siyasətinin əsas
məqsədlərindən biri kimi müəyyənləşdirilməsi gələcək qələbə üçün mühüm siyasi
baza yaratdı.
İqtisadi strategiya da müstəqilliyin möhkəmləndirilməsinə xidmət edən
uzunmüddətli xətt kimi formalaşdırıldı. “Əsrin müqaviləsi” Azərbaycanın enerji
potensialını beynəlxalq əməkdaşlığın mühüm istiqamətinə çevirdi. Sonrakı illərdə
enerji və nəqliyyat layihələrinin genişlənməsi ölkənin regional əhəmiyyətini artırdı,
iqtisadi imkanlarını genişləndirdi. Ulu Öndərin müəyyən etdiyi bu strategiya
Azərbaycanın gələcək inkişafı üçün dayanıqlı maliyyə və iqtisadi baza yaratdı.
Heydər Əliyev siyasi kursunun əsas mahiyyəti Prezident İlham Əliyevin
rəhbərliyi ilə müasir dövrdə yeni məzmun və daha geniş miqyas qazandı. Ölkənin
iqtisadi gücünün artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi və beynəlxalq
mövqelərin möhkəmləndirilməsi ardıcıl dövlət siyasətinin əsas nəticələrinə çevrildi.
Bu siyasətin yaratdığı güc və imkanlar 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün
bərpası ilə nəticələndi. 2023-cü ildə dövlət suverenliyinin tam təmin edilməsi isə bu
tarixi prosesin məntiqi və mühüm yekunu oldu.
Bu gün Azərbaycan 3 oktyabr 1993-cü ildə başlanmış böyük siyasi yolun
nəticələrini yaşayır. Heydər Əliyevin dövlətçilik irsi zamanın sınaqlarından keçərək

müasir Azərbaycanın inkişaf strategiyasının mühüm dayaqlarından birinə çevrilib.
Prezident İlham Əliyevin həmin siyasi kursu qətiyyətlə davam etdirməsi nəticəsində
Azərbaycan yalnız öz müstəqilliyini qoruyan deyil, həm də ərazi bütövlüyünü və
suverenliyini bərpa edən, regionda və beynəlxalq aləmdə mövqeyi güclənən dövlətə
çevrilib. Buna görə də 3 oktyabr 1993-cü il Azərbaycan tarixində bir seçkinin tarixi
olmaqdan daha böyük məna daşıyır: bu tarix milli iradənin dövlətçilik strategiyasına
çevrildiyi və gələcək Zəfərin siyasi əsaslarının qoyulduğu mühüm başlanğıcdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31