Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubları ünvanlayıb

Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubları ünvanlayıb

13.06.2026 [12:29]

İyunun 12-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 10 qanun layihəsi daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova qarşıdan gələn 15 İyun Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edib. O bildirib ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən az sonra dövlətimiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə böyük siyasi və dövlət xadimi  Heydər Əliyevin ali hakimiyyətə qayıtması tarixin gedişini dəyişdirməyə imkan verdi. Spikerin sözlərinə görə, Ümummilli Lider xalqımızın öz dəyərlərinə sadiqliyini, dövlətçiliyini qorumaq və gələcəyini müəyyən etmək əzmini real siyasi gücə çevirdi: “Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın tarixi seçimi idi. Ulu Öndər zamanın çağırışlarına cavab vermək qabiliyyəti sayəsində müstəqil dövlətimizi qoruyub saxladı və möhkəmləndirdi.  Azərbaycan davamlı inkişaf yoluna çıxdı və onun geosiyasi əhəmiyyəti artdı. Ölkəmiz qlobal miqyaslı iqtisadi layihələrin mərkəzinə çevrildi. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Eyni zamanda, o, bugünkü Azərbaycan parlamentinin də banisidir”.

Deputatlar 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar

Spikerin sözlərinə görə, 1993-cü ildə və sonrakı dövrdə Ulu Öndərin həyata  keçirdiyi milli qurtuluş missiyası ilə müasir Azərbaycanın nailiyyətləri arasında birbaşa əlaqə var. Torpaqlarımızın 30 illik işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması, Azərbaycanın nüfuzlu və güclü bir dövlətə çevrilməsi, hər il, hər ay müşahidə etdiyimiz digər uğurlar Heydər Əliyev siyasi xəttinin ardıcıl surətdə davam etdirilməsinin nəticəsidir. Məhz buna görə də Milli Qurtuluş Günü təkcə tarixin bir anı deyil. Bu gün müstəqillik və dövlətçilik ideyalarının təntənəsidir. Gələcək nəsillər qarşısında məsuliyyət hissinin təcəssümüdür. Xalq ilə dövlətin birliyinin rəmzidir. “Milli Qurtuluş Günü ərəfəsində biz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir daha ehtiramla yad edirik. Əmin olduğumuzu bildiririk ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da müstəqil inkişaf yollarında inamla addımlayacaq. Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaq. Mən təklif edirəm ki, Milli Qurtuluş Günü münasibətilə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bugünü və  sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq”, - deyə S.Qafarova vurğulayıb.

Daha sonra Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, parlamentin komitə sədri Zahid Oruc, deputatlar Göydəniz Qəhrəmanov, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Vüqar İskəndərov və digərləri çıxış edərək  15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini diqqətə çatdırıblar.

Ötən il ÜDM 1,4 faiz artıb

Sonra gündəlikdəki məsələlər müzakirə olunub. İlk olaraq “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsinin qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və formada Milli Məclisə daxil olduğunu, bununla bağlı Hesablama Palatası tərəfindən müvafiq rəyin hazırlandığını qeyd edib. O, ölkə Prezidentinin təşəbbüsü ilə ötən ildən dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı institusional xarakterli, eyni zamanda, rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılmasını əhatə edən, həm də səmərəli icra və nəzarət mexanizmlərinin yaradılmasını nəzərdə tutan mühüm islahatlara başlanıldığını vurğulayıb. Komitə sədri dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatların parlament müstəvisində də büdcə hesabatlılığının təkmilləşdirilməsinə töhfə verəcəyini söyləyib.

Sonra maliyyə naziri Sahil Babayev çıxış edərək 2025-ci il dövlət büdcəsinin icrası haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsiplərinə müvafiq şəkildə icra edilib: “Hesabat dövründə büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial öhdəliklərin tam icrasına, həm də işğaldan azad olunmuş ərazilərin bərpasına xidmət edib, Azərbaycanın 2030-cu ilədək milli prioritetlərinə doğru irəliləyişi təmin edib”.

Nazir bildirib ki, 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və 129,1 milyard manat təşkil edib. 2025-ci ildə adambaşına düşən ümumi daxili məhsul artaraq 12,6 min manat olub. S.Babayev qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, 2025-ci ildə qeyri-neft sektorunda 2,7 faiz real artım əldə olunub, ÜDM-in 72 faizi və yaxud 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2024-cü illə müqayisədə mütləq ifadədə 6,1 milyard manat çoxdur. “Qeyri-neft ixracı 8,1 faiz artaraq 3,6 milyard dollara çatıb. Profisitli tədiyə balansı, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil etməklə hədəf diapazonunda qalıb”, - deyə S.Babayev söyləyib.

2025-ci ildə büdcə gəlirləri 39,2 milyard manat təşkil edib

Onun sözlərinə görə, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 faiz, orta aylıq nominal əməkhaqqı 9,3 faiz artıb və bu göstəricilər inflyasiya səviyyəsini xeyli üstələyib ki, bu da ölkədə sosial rifahın yaxşılaşdığını təsdiq edir. Nazir 2025-ci ildə “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiymətinin orta hesabla 71 ABŞ dolları səviyyəsində qərarlaşdığını, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 1,4 faiz artım olduğunu qeyd edib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə çıxışında bildirib ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri müstəqilliyimizdən bəri ən yüksək həddə çataraq 39,2 milyard manat təşkil edib. Palatanın sədri gəlirlərin həcminin əhəmiyyətli artımı fonunda eynilə xərclər üzrə müşahidə edilən tarixi artım nəticəsində mütləq rəqəmin 38,6 milyard manat olduğunu diqqətə çatdırıb. “Lakin xərclər üzrə son 10 ildə ən aşağı icra faizi məhz ötən il - 93,2 faiz nisbətində müşahidə edilib, proqnozla müqayisədə büdcə xərcləri 2,8 milyard manat az icra olunub. Bu da digər fiskal intizam parametri olan büdcə balansına təsir edib”, - deyə Hesablama Palatasının sədri diqqətə çatdırıb.

Müzakirələrdən sonra qanun layihə birinci oxunuşda qəbul olunub.

Uşaqlar üçün internet məhdudiyyəti...

İclasda, həmçinin İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib. Qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib. Bu xüsusda, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Layihədə 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndəsinin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur. Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyən edilir. Qanun layihəsi ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə edilməsi nəzərdə tutulur.

Layihənin keçid müddəalarına əsasən, qanun qüvvəyə mindiyi gündən etibarən sosial şəbəkə platformalarına yeni tələblərə uyğunlaşmaq üçün müəyyən müddət verilir. Sənədin qəbul edilməsi uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlət nəzarəti imkanlarının artırılmasına xidmət edəcək.

Qeyd edək ki, millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30