Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan–İtaliya münasibətləri: siyasi-iqtisadi tərəfdaşlığın unikal modeli

Azərbaycan–İtaliya münasibətləri: siyasi-iqtisadi tərəfdaşlığın unikal modeli

08.05.2026 [11:16]

Elşən Alıyev

​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Prezident İlham Əliyevin mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki dövlət arasında formalaşmış münasibətlərin mahiyyətini, strateji tərəfdaşlığın əhəmiyyətini və gələcək inkişaf perspektivlərini əhatəli şəkildə ifadə edir. Azərbaycan ilə İtaliya əlaqələri təkcə siyasi dialoq və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda enerji təhlükəsizliyi, sərmayə qoyuluşu, hərbi-texniki əməkdaşlıq, təhsil və humanitar sahələri əhatə edən çoxşaxəli strateji modelə çevrilib.

Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Həmin sənədlərdə müəyyən edilmiş prioritet istiqamətlər artıq real nəticələr verməkdədir. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Ermənistandakı proqramını başa vurduqdan dərhal sonra Azərbaycana səfər etməsi xüsusi siyasi məna daşıyır. Bu addım ölkəmizə göstərilən hörmətin, etimadın və dost münasibətin göstəricisi kimi dəyərləndirilir.

İtaliya regionda formalaşan yeni siyasi reallıqları düzgün qiymətləndirən və Cənubi Qafqazda sabitliyin möhkəmlənməsində maraqlı olan aparıcı Avropa dövlətlərindən biridir. Azərbaycan isə regional əməkdaşlıq, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat marşrutlarının inkişafında mühüm rol oynayan etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Prezident İlham Əliyevin bəyanatında mühüm istiqamətlərdən biri siyasi münasibətlərlə yanaşı iqtisadi və ticarət əlaqələrinin yüksək səviyyədə olması idi. Dövlətimizin başçısı vurğulayıb ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il iki dövlət arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Bu göstərici iqtisadi əməkdaşlığın nə qədər geniş miqyas aldığını və tərəflər arasında qarşılıqlı maraqların güclü olduğunu nümayiş etdirir.

Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin strateji komponentlərindən biri olaraq qalır. Uzun illərdir ki, Azərbaycan və İtaliya enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi çıxış edirlər. Azərbaycan hazırda İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir. Bu fakt Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun davamlı şəkildə artdığını göstərir.

Dövlət başçısının vurğuladığı statistik göstəricilər enerji tərəfdaşlığının miqyasını ifadə edir. Belə ki, ötən il ixrac edilmiş 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəldilib. Bu isə İtaliya bazarının Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Eyni zamanda, tərəflər qaz ixracının artırılması perspektivlərini də müzakirə ediblər. Həmin kontekstdə Cənub Qaz Dəhlizinin və bu layihənin seqmenti olan TAP layihəsinin genişləndirilməsi xüsusi aktuallıq qazanır. Layihənin genişləndirilməsi istiqamətində artıq müəyyən addımlar atılıb, lakin artan tələbat və Avropanın enerji şaxələndirməsi siyasəti prosesin davam etdirilməsini zəruri edir. Sözügedən layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və məsuliyyətli tərəfdaş kimi çıxış edir.

Bəyanatda diqqət çəkən mühüm məqamlardan biri də hərbi-texniki əməkdaşlıq sahəsində yeni imkanların yaranması olub. Tərəflər bu sahədə birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkili və İtaliya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi barədə konkret fikir mübadiləsi aparıblar. Bu yanaşma münasibətlərin artıq klassik enerji əməkdaşlığı çərçivəsini aşaraq müdafiə sənayesi və strateji texnologiyalar sahəsinə də daxil olduğunu nümayiş etdirir.

İqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri də qarşılıqlı sərmayə qoyuluşudur. Azərbaycan Dövlət Neft Fondu son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bu sərmayələr iki dövlət arasında yüksək etimadın və uzunmüddətli iqtisadi əməkdaşlığın göstəricisidir. Eyni zamanda, yeni investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılması münasibətlərin daha da genişlənəcəyindən xəbər verir.

İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də strateji tərəfdaşlığın praktiki nəticələrindən biridir. Hazırda 130-a yaxın İtaliya şirkəti müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihədə İtaliya şirkətlərinin iştirakı diqqət çəkir. Xarici şirkətlər arasında İtaliyanın qabaqcıl mövqedə olması bu dövlətin yenidənqurma və bərpa prosesinə verdiyi dəstəyi nümayiş etdirir. Bu layihələr bölgədə müasir infrastrukturun qurulması, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, İtaliya şirkətlərinin fəal iştirakı postmünaqişə mərhələsində aparılan bərpa prosesinə beynəlxalq biznes ictimaiyyətinin marağını da artırır.

Ötən il Bakıda fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universiteti təhsil sahəsində əməkdaşlığın yeni mərhələsini formalaşdırıb. Hazırda burada 500-dən çox tələbənin təhsil alması gələcək üçün yüksək ixtisaslı insan kapitalının hazırlanmasına mühüm töhfə verir. Bu universitet iki xalq arasında mədəni və intellektual körpü rolunu oynayır. Həmin tələbələr gələcəkdə həm peşəkar mütəxəssis, həm də Azərbaycanın İtaliyada, İtaliyanın isə Azərbaycanda təbii elçiləri olacaqlar. Bu yanaşma strateji tərəfdaşlığın uzunmüddətli və dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir.

Azərbaycan–İtaliya münasibətləri Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın ən uğurlu nümunələrindən birinə çevrilib. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, müdafiə sənayesi, sərmayə qoyuluşu, yenidənqurma layihələri və təhsil sahəsində əldə edilən nəticələr bu tərəfdaşlığın davamlı inkişaf etdiyini təsdiqləyir.

Prezident İlham Əliyevin bəyanatı bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər qarşılıqlı hörmətə, etimada və strateji maraqlara əsaslanır. Bu əməkdaşlıq gələcək dövrdə həm regional sabitliyin güclənməsinə, həm də Avropa ilə münasibətlərin daha geniş istiqamətlər üzrə inkişafına mühüm töhfə verməyə davam edəcəkdir.

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31