Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı-Əbu-Dabi strateji münasibətləri: perspektivdə nələr var?

Bakı-Əbu-Dabi strateji münasibətləri: perspektivdə nələr var?

18.04.2026 [10:54]

İki ölkə arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” rəsmi olaraq qüvvəyə minib

Azərbaycanın həyata keçirdiyi ardıcıl və praqmatik xarici siyasət kursu ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, etibarlı tərəfdaş kimi qəbul olunmasına geniş imkanlar yaradıb. Milli maraqlara söykənən, balanslaşdırılmış və çoxşaxəli xarakter daşıyan konseptual model ölkəmizin regiondan kənar coğrafiyalarla yaxınlaşması, siyasi-iqtisadi əlaqələrin daha da möhkəmlənməsi üçün zəmin formalaşdırıb. Xüsusilə yeni dünya nizamında aktual mövqe tutmağa başlayan Qlobal Cənub ölkələri ilə münasibətlərin dərinləşdirilməsi Bakının xarici siyasət prioritetlərində mühüm yer tutur - Azərbaycan bu platformada yalnız iqtisadi maraqlarını deyil, həm də ədalətli beynəlxalq münasibətlər, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərini fəal şəkildə təşviq edir.

Bu kontekstdə Yaxın Şərq regionunun mühüm aktorlarından biri olan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi diqqət çəkir. Son dövrlərdə Azərbaycan-BƏƏ əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq sürətli inkişaf dinamikası nümayiş etdirir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və genişlənən iqtisadi-investisiya əməkdaşlığı bu münasibətlərin möhkəm siyasi təməl üzərində qurulduğunu təsdiqləyir. Energetika, bərpa olunan enerji, logistika, kənd təsərrüfatı, maliyyə və yüksək texnologiyalar sahələrində birgə layihələr iki ölkə arasında əməkdaşlığın real məzmununu daha da zənginləşdirir. Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma proseslərinə BƏƏ şirkətlərinin maraq göstərməsi də tərəfdaşlığın strateji xarakter daşıdığını göstərir. Beləliklə, Azərbaycan - BƏƏ münasibətləri Qlobal Cənub çərçivəsində formalaşan yeni əməkdaşlıq modelinin uğurlu nümunəsi kimi çıxış edərək, Bakının qlobal siyasətdə artan rolunu bir daha ön plana çıxarır.

Saziş yeni imkanlar açacaq...

Yeri gəlmişkən, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” rəsmi olaraq qüvvəyə minib. Bu, iki dost ölkə arasında ticarət və investisiya münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələni ifadə edir. BƏƏ-nin rəsmi xəbər agentliyinin məlumatına görə, saziş ikitərəfli ticarət axınlarının sürətlənməsinə, yeni investisiya və birgə layihə imkanlarının yaradılmasına töhfə verir. Saziş çərçivəsində əksər mal və xidmətlər üzrə gömrük rüsumlarının ləğvi və ya azaldılması vasitəsilə hər iki ölkənin ixracatçıları üçün bazarlara daha geniş çıxış və qlobal imkanlar təmin olunacaq. Bununla yanaşı, özəl sektor daxilində əməkdaşlıq gücləndiriləcək, sahibkarlar və kiçik və orta bizneslər dəstəklənəcək. Saziş Azərbaycanın istehsal, emal, nəqliyyat və logistika sahələrində BƏƏ üçün sənaye və logistika tərəfdaşı kimi çıxış etməsinə imkan yaradır.

Qeyd edək ki, Azərbaycan ilə BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq maliyyə, konsultasiya xidmətləri, tikinti və peşəkar xidmətlər kimi müxtəlif sahələrdə böyük imkanlar yaradacağı gözlənilir. BƏƏ-nin xarici ticarət naziri Sani bin Əhməd əl-Zeyudi bildirib ki, bu saziş BƏƏ ilə Azərbaycan arasında strateji münasibətlərin inkişafında mühüm mərhələdir. O qeyd edib ki, saziş ticarət axınlarının artırılmasına, yeni investisiya imkanlarının açılmasına və əsas sahələrdə, xüsusilə logistika, bərpaolunan enerji və qabaqcıl istehsalat sektorlarında özəl sektor əməkdaşlığının gücləndirilməsinə xidmət edir.

Nazir əlavə edib ki, bu saziş BƏƏ biznes dairələri üçün dünyanın ən mühüm inkişaf regionlarından birində yerləşən perspektivli iqtisadiyyatla ticarət və investisiya fəaliyyətini genişləndirmək baxımından yeni imkanlar açacaq.

Ticarət dövriyyəsi artır...

Xatırladaq ki, saziş Azərbaycan Prezidenti İlham Əliyevin ötən il iyulun 9-da BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanıb. Vurğulandığı kimi, bu saziş Azərbaycan ilə BƏƏ arasında iqtisadi əlaqələrin daha genişformatlı xarakter daşıması üçün mühüm perspektiv yaradır. Son illərdə yüksək temp qazanan ikitərəfli əlaqələr fərqli sahələri əhatə etməklə yanaşı, özünün keyfiyyətində də yeni bir mərhələ formalaşdırıb. Statistik rəqəmlərə nəzər yetirdikdə bu əlaqələrin dinamik xarakter daşıdığı daha aydın görünür. Ümumiyyətlə, iki ölkə arasında ticarət dövriyyəsi son illərdə sürətlə artmaqdadır. 2025-ci ilin ilk 9 ayında ticarət dövriyyəsi 125,9 milyon dolları keçərək 73,2 faiz artıb. Hesabat dövründə BƏƏ ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,33 faizi  həcmində olub. Azərbaycanın BƏƏ-yə qeyri-neft ixracı isə 2,1 dəfə artaraq 105,9 milyon dollara yüksəlib. BƏƏ və Azərbaycan arasındakı qarşılıqlı investisiyaların ümumi həcmi isə hazırda 1 milyard dollara çatıb. Bu ilin yanvar ayında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 32,9 faiz artaraq 13,3 milyon dolları üstələyib. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq çox dinamik inkişaf edir. Münasibətlərin bütün dövrü ərzində Azərbaycan biznesi BƏƏ-nin iqtisadiyyatına 1 milyard dollara yaxın, BƏƏ isə ölkəmizin iqtisadiyyatına 3,3 milyard dollar sərmayə yatırıb.

Bakı-Əbu Dabi əlaqələri...

İki ölkə arasında kənd təsrrüfatı sahəsi üzrə əməkdaşlıq da son dövrlərdə geniş diapazon qazanıb - Azərbaycan məhsulları BƏƏ bazarında getdikcə daha çox yer almaqdadır. Xüsusilə meyvə-tərəvəz, fındıq və digər ərzaq məhsulları ixrac olunur. Turizm sahəsi üzrə də əməkdaşlıq günü-gündən artmaqdadır. Dubay və Əbu-Dabidə Azərbaycan vətəndaşlarının investisiya fəaliyyəti artmaqda, eyni zamanda, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı çoxalmaqdadır. Paralel olaraq logistika və nəqliyyat məsələlərində də qarşılıqlı əlaqələr güclənir. Azərbaycanın tranzit imkanları BƏƏ-nin Çin və Mərkəzi Asiya bazarlarına çıxışında alternativ yol kimi dəyərləndirilir.

İqtisadi əlaqələrin əsas dayaq nöqtəsini isə enerji sektoru formalaşdırır. SOCAR və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) neft və qaz sektorunda möhkəm əlaqələr qurub. Bununla belə, iki ölkə “yaşıl” enerji sahəsində böyük səmərəli əməkdaşlıq formalaşdırıb. BƏƏ-nin aparıcı şirkəti Masdar ilə əməkdaşlığın nəticəsi kimi 2023-cü ilin oktyabr ayında Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası (QES) istifadəyə verilib. Bu stansiya ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulub və karbon qazı emissiyalarını 200 min tondan çox azaltmağı hədəfləyib. Bu isə əlaqələrə xüsusi rəng qatır.

 Perspektiv əməkdaşlıq...

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” gələcək əməkdaşlıq üçün həm də mühüm perspektiv və dividend vəd edir. Bu sənəd BƏƏ ilə qarşıdakı dövrdə müttəfiqlik üçün də olduqca vacib bir təməldir. Rəsmi şəkildə qüvvəyə minən sənəd strateji iqtisadi platforma yaradır. Bu saziş Azərbaycan və BƏƏ arasında ticarət, investisiya, sənaye əməkdaşlığı, texnologiya transferi, innovasiya və rəqəmsal iqtisadiyyat kimi sahələrdə kompleks əlaqələr formalaşmasında əsaslı rol oynayacaq. Bu cür iqtisadi əsaslı yaxınlaşma son nəticədə strateji tərəfdaşlığa, o cümlədən birgə müdafiə, texnoloji əməkdaşlıq və regional təşəbbüslərdə müttəfiqlik platformasına çevrilə bilər. Paralel olaraq Azərbaycanın BƏƏ ilə əlaqələrinin güclənməsi həm də Qlobal Cənubun inkişafına olduqca vacib komponentlər üzrə müsbət təsir göstərəcək - sənəd çoxtərəfli əməkdaşlığın mühüm nümunəsi kimi gələcək inkişafımızın daha da güclənməsinə töhfə verəcək...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30