Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan gəncliyi dövlətimizin gücü, xalqımızın ümididir

Azərbaycan gəncliyi dövlətimizin gücü, xalqımızın ümididir

02.02.2026 [12:41]

Azərbaycan gəncliyi tarixən ölkəmizin ictimai-siyasi, elmi, mədəni və hərbi həyatında mühüm rol oynamışdır. Bu reallığı nəzərə alaraq, 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsi gənclərə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu əlamətdar günün əsası isə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü — Sovet hakimiyyəti illəri ölkənin hərtərəfli inkişafı ilə yanaşı, gənclərin formalaşması baxımından da xüsusi əhəmiyyət daşıyırdı. Həmin illərdə gənclərin təhsil almasına, peşəkar kadr kimi yetişməsinə, elmi-texniki tərəqqidə fəal iştirakına geniş imkanlar yaradılmışdı. Minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilir, onların elm, mühəndislik, tibb, hərb və digər strateji sahələr üzrə hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri idi. Ulu Öndər yaxşı bilirdi ki, xalqın gələcəyi savadlı, vətənpərvər və milli ruhda tərbiyə olunmuş gənclərdən asılıdır. Bu uzaqgörən siyasət nəticəsində yetişən kadrlar sonradan müstəqil Azərbaycanın aparıcı qüvvəsinə çevirildilər. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev gənclər siyasətini artıq müstəqil Azərbaycan dövlətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. 1996-cı ildə gənclərin ilk forumunun keçirilməsi, 1997-ci il 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi bu sahədə atılan tarixi və strateji addımlar oldu. Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, dövlət idarəçiliyində, ordu quruculuğunda, elm və mədəniyyətdə önə çıxması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Ulu Öndər gəncləri Azərbaycanın bu günü və sabahı adlandıraraq onlara daim böyük inam bəslədiyini açıq şəkildə ifadə edirdi. Ulu Öndər Heydər Əliyev üçün gənclik sadəcə yaş mərhələsi deyil, böyük məsuliyyət və tarixi missiya idi. O, gəncləri milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir düşüncəli, təşəbbüskar və dövlətçilik ənənələrinə sadiq ruhda görmək istəyirdi. Bu baxımdan onun müəyyənləşdirdiyi gənclər siyasəti bu gün də aktuallığını qoruyur və uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkənin inkişafında fəal iştirak edir. Təhsil proqramları, gənclər təşkilatları, beynəlxalq layihələr və dövlət dəstəyi nəticəsində Azərbaycan gəncləri dünya miqyasında tanınır və ölkəmizi layiqincə təmsil edirlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazmışlar. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyi misilsiz qəhrəmanlıq, dəmir iradə və yüksək vətənpərvərlik nümunəsi göstərərək Ali Baş Komandanın ətrafında sıx birləşmiş, torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya sübut etmişdir. Bu möhtəşəm Zəfər gənclərimizin gücünü, əzmini və Vətən sevgisini bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan gəncliyi təkcə hərbi sahədə deyil, eyni zamanda elm, təhsil, mədəniyyət, idman, ictimai-siyasi həyat və innovasiya sahələrində də ölkəmizi layiqincə təmsil edir. Dövlət gənclər siyasətinin ardıcıl və uğurlu həyata keçirilməsi nəticəsində gənclərin bilik və bacarıqlarının inkişafı üçün geniş imkanlar yaradılmış, onların təşəbbüsləri daim dəstəklənmişdir. Vətən müharibəsində iştirak etmiş hər bir igid gənc Azərbaycan xalqının qəlbində əbədi hörmət və minnətdarlıq qazanmışdır. Onlar xalqımızın əsrlər boyu formalaşmış vətənpərvərlik ruhunun, milli qeyrət və ləyaqət hissinin canlı təcəssümünə çevrilmişlər. Şəhid gənclərimiz canlarını fəda edərək bizə azad, qalib və qürurlu bir Vətən miras qoymuş, qazilərimiz isə sağlamlıqlarını itirsələr belə, sınmayan iradələri ilə xalqımıza güc və inam bəxş etmişlər. Onların hər biri Azərbaycan tarixinin şanlı səhifələrində öz adını əbədi həkk etdirmişdir.Bu gün müstəqil, güclü və qalib Azərbaycan dövlətində yaşayırıqsa, bunu məhz Vətən müharibəsində iştirak etmiş qəhrəman gənclərimizə borcluyuq. Azərbaycan xalqı onların hər biri ilə fəxr edir, göstərdikləri igidliyi heç zaman unutmur və unutmayacaq.Vətən müharibəsinin qəhrəmanları – Siz xalqımızın qüruru, dövlətimizin güvənci və gələcəyimizin təminatısınız. Azərbaycan xalqı Sizə sonsuz minnətdardır!

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28