Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yastıpəncəlik: xəstəlik, yoxsa...

Yastıpəncəlik: xəstəlik, yoxsa...

13.01.2026 [08:51]

Ayağa ağırlıq, bədənə deformasiya

Ayaq altının təbii quruluşunda qövs mövcuddur. Bu qövs bədənin ağırlığını düzgün paylayır, yerimə zamanı zərbələri yumşaldır və beldən tutmuş boyuna qədər bütün skelet sisteminin tarazlığını qoruyur. Qövs itdikdə isə yük ayağın bütün səthinə bərabər paylanmır. Nəticədə tez yorulma, ayaq və diz ağrıları, bel problemləri meydana çıxır. İnsan bir müddət sonra ağrını adi hal kimi qəbul edir, lakin problem dərinləşməkdə davam edir.

Müasir həyat tərzi bu problemin səssiz şəkildə yayılmasına şərait yaradır. Uzun müddət oturaq iş, hərəkətsizlik, uyğun olmayan ayaqqabılar, xüsusilə də uşaqlıq dövründə düzgün nəzarətin olmaması ayaq altının düzləşməsini - yastıpəncəliyi sürətləndirir. Təəssüf ki, valideynlər çox vaxt uşağın ayaq quruluşuna yalnız ağrı yarananda diqqət yetirirlər. Halbuki erkən yaşlarda aparılan sadə müşahidə və düzgün tədbirlər gələcəkdə ciddi fəsadların qarşısını ala bilər.

Bu problem təkcə tibbi deyil, həm də sosial məsələdir. Ayaq ağrısı ilə yaşayan insan daha tez yorulur, əmək qabiliyyəti azalır, gündəlik həyatda passivləşir. Bu isə dolayısı ilə cəmiyyətin ümumi sağlamlıq səviyyəsinə təsir göstərir. Sağlam cəmiyyət isə sağlam addımlarla qurulur...

Artıq çəki, səhv ayaqqabı seçimi...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən pediatr Ramilə Məmmədova bildirib ki, yenidoğulmuş və körpələrdə ayaq tağı təbii olaraq tam formalaşmamış olur və bu normaldır. Adətən, 3-5 yaş aralığında ayaq tağı tədricən inkişaf edir: “Lakin bəzi hallarda bu inkişaf baş vermir və yastıpəncəlik qalıcı hala çevrilir. Yastıpəncəliyin bir çox yaranma səbəbləri var. Əsas faktorlardan biri genetik meyillilikdir. Ailəsində yastıpəncəlik olan insanlarda bu problemə rast gəlmə ehtimalı daha yüksəkdir. Digər səbəb kimi ayaq əzələlərinin zəifləməsini qeyd edə bilərik. Uzun müddət aktiv olmayan və ya düzgün ayaqqabı geyinməyən insanlarda bu vəziyyət inkişaf edə bilər.

Artıq çəki - bədən çəkisinin ayaqlara düşən təzyiqi artırması nəticəsində ayaq tağı çökə bilər. Səhv ayaqqabı seçimi - Dabanı çox sərt və ya düz olan ayaqqabılar, dar ayaqqabılar ayaq quruluşuna mənfi təsir edə bilər. Travmalar və xəstəliklər - Ayaq sümüklərinin və əzələlərinin zədələnməsi, artrit, diabet və sinir sistemi xəstəlikləri nəticəsində yastıpəncəlik inkişaf edə bilər”.

Yastıpəncəliyin əlamətləri

Həkimin sözlərinə görə, yastıpəncəliyin əsas simptomları ağrı və kosmetik görünüşdə müşahidə edilən deformasiyadır: “Ağrı qaçış, idman və digər fiziki fəaliyyət zamanı artır. Pəncə və ayaq altında hiss edilən ağrı şiddətli olarsa, yeriməkdə belə çətinlik yarada bilər. Bəzi hallarda iç topuq və pəncə tağı boyunca şişkinlik müşaiyət oluna bilər. Yastıpəncəlik hesabına yeriş və duruşda yaranan qeyri-sabitlik bədənin bud çanaq və diz oynaqlarına həddən artıq yük düşməsinə səbəb olur. Belə olan halda beldə və bədənin digər aşağı ətraf oynaqlarında ağrı olur. Xəstələr əksər hallarda ayaqqabılarının tez aşınmasından və genişlənməsindən şikayətlənirlər. Pəncə tağının olmaması xəstələrdə yastı pəncəlik yeriyişinə səbəb olur”.

Həddi-büluğ yaşına qədər davam etdikdə...

R.Məmmədova qeyd edib ki, normal körpə ayaqlarında 3 yaşa qədər iç qövs altında olan artıq yağ toxuması ayaqlara yastıpəncə görüntüsü verir və bu hal valideynləri həddindən artıq narahat edir: “Yumşaq yastıpəncəli uşaqlarda daban qövsü inkişafı 5-7 yaşına qədər davam edir. Yastıpəncəlik həddi-büluğ yaşına qədər davam etdikdə ayaqda ağrılar ola bilər. Bu vəziyyətdə həkimə müraciət etmək lazımdır”.

Müalicə forması

Peditar vurğulayıb ki, əgər uşaqda hərəkətlərə bağlı ağrı və ya yorğunluq olursa, əvvəlcə axil vətəri gərmə gimnastikaları edilir: “Bu gimnastikalardan sonra da şikayətlər davam edirsə supinator dabanlıq məsləhət görülür. Dabanlıq ağrı və yorğunluğu azaltmaqla yanaşı, ayaqqabının aşınmasının da qabağını alır. Bəzən axil vətərinin gərginliyini azaltmaq üçün fizioterapiya və gips tətbiqi lazım gəlir. Bu müalicələrə baxmayaraq, ağrı davam edirsə cərrahi müdaxilə məsləhət görülür. Ancaq bunu da yaddan çıxarmamaq lazımdır ki, yumşaq yastıpəncəlikdə cərrahi müalicə çox nadir hallarda aparılır”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31