Xalqa layiqli xidmət nümunəsi

Xalqa layiqli xidmət nümunəsi

 

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri və rolu olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranması dövlətçilik salnaməmizin mühüm hadisələrindən biridir. YAP mürəkkəb tarixi şəraitdə xalqın xilaskar lideri Heydər Əliyevin ətrafında birləşən vətəndaşların iradəsinin, milli həmrəyliyinin və güclü Azərbaycan dövlətçiliyi arzusunun təcəssümü kimi meydana çıxmışdır. Partiyanın yaradılması müstəqilliyin qorunmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət edən tarixi zərurət idi.

1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Hakimiyyət böhranı, idarəetmədəki səriştəsizlik, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı müstəqil dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə ziyalılar və nüfuzlu ictimai-siyasi xadimlər ölkəni böhrandan çıxara biləcək siyasi qüvvənin yaradılması təşəbbüsünü irəli sürdülər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət bu prosesin mühüm mərhələsi oldu. Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən irəli gəldiyini vurğulayaraq bildirmişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur”.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi. Partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Ulu Öndər Heydər Əliyev yekdilliklə Sədr seçildi. Bu hadisə Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

YAP yarandığı ilk gündən konstruktiv mövqeyi, milli maraqlara əsaslanan fəaliyyəti və dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçildi. Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və xalq arasında böyük nüfuzu partiyanın qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsini təmin etdi. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Ölkədə siyasi sabitliyin təmin edilməsi, demokratik ənənələrin inkişafı və iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində mühüm addımlar atıldı. Təsadüfi deyil ki, Ulu Öndər YAP-ı “Dünənin, bu günün və gələcəyin partiyası” adlandırmışdı.

Partiyanın inkişafında 2005-ci il martın 26-da keçirilən III qurultay xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi YAP-ın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi, iqtisadi potensialı artdı, genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirildi, müdafiə qüdrəti yüksəldi.

Azərbaycanın müasir tarixində ən möhtəşəm hadisələrdən biri 2020-ci ildə qazanılmış tarixi Zəfərdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi ölkənin bütün ərazilərində tam bərpa olundu. İşğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası yeni inkişaf mərhələsinin əsas istiqamətlərinə çevrildi. YAP da bu proseslərin dəstəklənməsində və ictimai həmrəyliyin gücləndirilməsində fəal mövqe tutur.

2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın təşkilati və siyasi inkişafında mühüm yenilənmə mərhələsi oldu. Yeni Nizamnamə qəbul edildi, İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırıldı, Veteranlar Şurası yaradıldı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi də mühüm təşkilati qərarlardan biri idi.

2021-ci il dekabrın 29-da təsdiqlənən yeni Proqramda Heydər Əliyev irsinin təbliği, iqtisadiyyatın və insan kapitalının inkişafı, sosial təminat, milli-mənəvi dəyərlərin qorunması, milli maraqların müdafiəsi, ordu quruculuğu və Böyük Qayıdış kimi strateji hədəflər müəyyənləşdirildi. Bu prioritetlər YAP-ın ölkənin uzunmüddətli inkişaf perspektivlərinə dair aydın siyasi baxışını əks etdirir.

Seçkilərdə əldə olunan nəticələr partiyanın cəmiyyətdəki mövqeyinin göstəricisidir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin 92,12 faiz səs qazanması, sentyabrın 1-də keçirilən parlament seçkilərində partiyanın 68 mandat əldə etməsi, 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə 5855 namizədinin bələdiyyə üzvü seçilməsi onun siyasi və təşkilati potensialını nümayiş etdirdi. Hazırda 769 811 üzvü birləşdirən YAP ölkənin ən böyük siyasi təşkilatıdır. Partiya üzvlərini Vətənə sədaqət, dövlətçilik prinsiplərinə bağlılıq və Azərbaycanın tərəqqisinə töhfə vermək əzmi birləşdirir.

2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII qurultayı partiyanın inkişaf tarixində mühüm hadisə oldu. Qurultayda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı təşkilatın yeni dövrdə fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Nizamnaməyə dəyişikliklərin təsdiqlənməsi, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkiblərinin müəyyənləşdirilməsi partiyanın təşkilati fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıdı. Qarşıdakı dövrdə gənclərin fəallığının artırılması, müasir siyasi kommunikasiyanın inkişafı, ictimai təşəbbüslərin dəstəklənməsi və milli maraqların müdafiəsi mühüm vəzifələr kimi qarşıya qoyulur. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında vurğuladığı “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir” fikri ölkəmizin qazandığı tarixi nailiyyətlərin siyasi mahiyyətini dolğun ifadə edir.

Nəticə etibarilə, Yeni Azərbaycan Partiyasının 34 illik tarixi müstəqil Azərbaycanın dövlətçilik salnaməsi ilə sıx bağlıdır. Mürəkkəb siyasi şəraitdə yaranan partiya bu gün ölkənin ən böyük siyasi təşkilatı və aparıcı siyasi qüvvəsidir. YAP-ın inkişaf yolunun təməlində Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, dövlətçilik idealları və xalqla birliyə əsaslanan siyasi irsi dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs müasir dövrün tələblərinə uyğun davam etdirilir.

YAP-ın fəaliyyətinin əsasını dövlətçilik ənənələrinə sədaqət, milli maraqların qorunması, xalqla sıx bağlılıq və Azərbaycanın inkişafına xidmət etmək təşkil edir. “Dünənin, bu günün və gələcəyin partiyası” olmaq fəlsəfəsi YAP-ın tarixi missiyasını və gələcək hədəflərini ifadə edir. Partiyanın başlıca vəzifəsi qazanılmış nailiyyətləri qorumaq, yeni çağırışlara uyğun fəaliyyət göstərmək, dövlətimizin qüdrətinin artırılmasına və Azərbaycanın gələcək uğurlarına töhfə verməkdir.