Tarixi ədalətin təntənəsi və Böyük Qayıdışın növbəti ünvanı

Tarixi ədalətin təntənəsi və Böyük Qayıdışın növbəti ünvanı

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfər xalqımızın otuz ilə yaxın davam edən torpaq həsrətinə son qoymaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanmasına zəmin yaratdı. Bu gün həmin tarixi qayıdışın, milli iradənin və dövlətimizin qüdrətinin təcəssümünü gördüyümüz ünvanlardan biri də Azərbaycanın dilbər guşəsi Kəlbəcərdir.

25 Noyabr – Kəlbəcər şəhəri günü xalqımızın yaddaşında xüsusi yer tutan əlamətdar tarixdir. Bu gün yalnız bir şəhərin azad edilməsinin deyil, həm də tarixi ədalətin bərpasının, doğma yurda qayıdışın və milli qürurumuzun təntənəsidir.

Kəlbəcər rayonuna inzibati rayon statusu 1930-cu ildə verilmişdir. Zəngin təbiəti, füsunkar dağ mənzərələri, mineral su ehtiyatları, meşələri, tarixi və mədəni abidələri ilə seçilən bu diyar Azərbaycanın ən qiymətli bölgələrindən biridir. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Kəlbəcər 1993-cü il aprelin 2-də işğal edilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, sakinləri doğma torpaqlarından didərgin salınmışdır. Kəlbəcərlilər uzun illər Vətən həsrəti ilə yaşamağa məcbur olmuşlar.

2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə dövlətimizin siyasi-diplomatik iradəsinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və Azərbaycan Ordusunun gücünün növbəti parlaq təzahürü oldu. Həmin tarix Kəlbəcərin yeni inkişaf mərhələsinin başlanğıcına çevrildi.

Kəlbəcərin azad edilməsindən sonra Prezident İlham Əliyevin bu bölgəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dövlət başçısının 2021-ci il avqustun 16-da Kəlbəcərə səfəri bu istiqamətdə həyata keçirilən işlərin miqyasını və gələcək inkişaf strategiyasını aydın nümayiş etdirdi.

Səfər çərçivəsində Ömər aşırımı ilə tanışlıq, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin təməlqoyma mərasimi, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğunda tunelin təməli kimi mühüm hadisələr reallaşdı. Eyni zamanda, 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında yenidənqurma işləri ilə tanışlıq keçirildi, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı oldu.

Prezident İlham Əliyevin Kəlbəcərdə arıçılarla görüşü, hərbi hissədə yaradılmış şəraitlə tanışlığı, şəhərdə Azərbaycan Dövlət Bayrağını ucaltması xüsusi rəmzi məna daşıyırdı. Bu səfər bir daha göstərdi ki, dövlətimizin əsas məqsədi Kəlbəcəri yalnız ərazi baxımından deyil, iqtisadi, sosial və infrastruktur baxımından da yenidən qurmaq, onu müasir yaşayış məkanına çevirməkdir.

İşğal dövründə erməni vandallığı nəticəsində dağıdılmış, bir zamanlar şöhrəti ilə tanınan “İstisu” sanatoriyasına baxış da həmin səfərin mühüm məqamlarından idi. Bu gün İstisu öz təbii sərvətləri və müalicəvi imkanları ilə Azərbaycanın turizm potensialının inkişafında mühüm rol oynamaq imkanına malikdir. Yeni inşa olunan İstisu-Minkənd avtomobil yolu və digər infrastruktur layihələri isə bölgənin iqtisadi və turizm imkanlarının genişləndirilməsinə xidmət edir.

Kəlbəcərin dirçəlişində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun xüsusi əhəmiyyəti vardır. Mürəkkəb dağ relyefində inşa edilən bu yol, Murovdağ tuneli və digər mühəndis qurğuları bölgəyə gediş-gəlişi asanlaşdırmaqla yanaşı, Kəlbəcərin ölkənin ümumi nəqliyyat sisteminə inteqrasiyasını gücləndirir. Bu layihələr dövlətimizin ən çətin şəraitdə belə böyük infrastruktur layihələrini həyata keçirmək qüdrətini nümayiş etdirir.

Bu gün Kəlbəcərdə həyat yenidən canlanır. Şəhərdə 524 ailəlik yaşayış məhəlləsinin salınması, yaşayış və sosial infrastrukturun qurulması, sakinlərin doğma yurda mərhələli şəkildə köçürülməsi Böyük Qayıdış Proqramının mühüm nəticələrindəndir. Kəlbəcər rayonunda məskunlaşma prosesinin davam etməsi uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə, ata-baba torpaqlarına qayıtması deməkdir. Bu, sadəcə köç deyil, insanların yarımçıq qalmış həyatlarının yenidən başlanması, ailə ocaqlarının bərpası və milli yaddaşımızın öz tarixi ünvanına qayıdışıdır.

Prezident İlham Əliyevin 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfəri də dövlətimizin azad edilmiş ərazilərdə kəndlərin bərpasına və dayanıqlı məskunlaşmaya verdiyi önəmin göstəricisidir. Hər bir belə səfər görülən işlərə nəzarət, yeni layihələrin müəyyənləşdirilməsi və Böyük Qayıdışın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Kəlbəcər yalnız bərpa edilən bir şəhər deyil, Azərbaycanın gücünün, yenilməz iradəsinin və quruculuq əzminin rəmzidir. Bir vaxtlar düşmən tapdağı altında qalan bu torpaqlarda indi yeni yollar çəkilir, yaşayış evləri tikilir, elektrik və kommunikasiya infrastrukturu yaradılır, insanların rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait formalaşdırılır.

Əminliklə demək olar ki, Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Onun təbii sərvətləri, turizm potensialı, əlverişli iqtisadi imkanları və strateji coğrafi mövqeyi ölkəmizin inkişafına mühüm töhfələr verəcək.

25 Noyabr – Kəlbəcər şəhəri günü münasibətilə hər bir kəlbəcərlini, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, güclü dövlət, qətiyyətli lider və yenilməz xalq birliyi qarşısında heç bir maneə dayana bilməz.

Bu gün Kəlbəcərdə ucalan üçrəngli bayrağımız əbədi olaraq dalğalanacaq. Kəlbəcər yenidən öz sakinlərinin nəfəsi, səsi və quruculuq əməyi ilə yaşayacaq. Bu qayıdışın memarı isə xalqımızın Müzəffər Lideri, Prezident İlham Əliyevdir.