Bu ayın əvvəlində Böyük Britaniya hərbi bazasında İrana məxsus olduğu ehtimal edilən bir neçə dron ABŞ qüvvələri tərəfindən dəf edilib.
AZƏRTAC “The Telegraph”a istinadən xəbər verir ki, noyabrın 13-də Saffolk qraflığındakı "RAF Lakenheath" aviabazasında ehtimal olunan icazəsiz dron fəaliyyətinə reaksiya olaraq həyəcan siqnalları səslənib və heyətə sığınacaqlarda qalmaq tapşırılıb.
Bazanın ətrafında təxminən 6 dron uçuş həyata keçirib, lakin ABŞ-ın antidron texnologiyası vasitəsilə geri qaytarılıb. Mənbələr qeyd edirlər ki, dronların İranla əlaqəli olduğuna dair şübhələrə baxmayaraq, Britaniya və Amerika hərbçiləri onlardan heç birini ələ keçirə bilməyiblər.
Dronların ələ keçirilməməsi onların məqsədinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir və səlahiyyətli orqanlar bu aparatların silah, casusluq, yoxsa başqa bir məqsəd üçün nəzərdə tutulduğunu dəqiq qeyd edə bilmirlər.
Britaniya Müdafiə Nazirliyi şənbə günü səhər saatlarında hadisəni təsdiqləyib.
“Müdafiə Nazirliyinin polisi və Saffolk polisi noyabrın 13-də “RAF Lakenheath” bazasında icazəsiz dron fəaliyyəti barədə məlumatlara operativ reaksiya vermək üçün ABŞ Hərbi Hava Qüvvələrinin təhlükəsizlik qüvvələri ilə sıx əməkdaşlıq edib, vəziyyət qısa zamanda nəzarətə götürülüb və baza adi təhlükəsizlik və mühafizə rejiminə qayıdıb”, - deyə bəyanatda bildirilir.
ABŞ-nin Avropa Komandanlığı isə bu ayın əvvəlində baş vermiş insident zamanı heç bir şəxsi heyətə, təyyarəyə və ya infrastruktura zərər dəymədiyini açıqlayıb.
48-ci qırıcı aviasiya qanadının yerləşdiyi "RAF Lakenheath" təxminən 7000 nəfərlik heyəti ilə ABŞ-nin Avropadakı ən böyük qırıcı təyyarə bazasıdır. Baza sentyabr ayında ABŞ Müdafiə Nazirliyi tərəfindən elan edilən ikinci ən yüksək təhdid səviyyəsi olan "Çarli həyəcan rejimi"nə ("Charlie alert") keçirildiyini təsdiqləmişdi.