Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

 

 

Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, yeni geosiyasi reallıqlar və iqtisadi əməkdaşlığın genişlənməsi dövlətlərarası əlaqələrin daha möhkəm siyasi və hüquqi əsaslar üzərində qurulmasını zəruri edir. Azərbaycan Respublikası müstəqil və çoxşaxəli xarici siyasət kursuna uyğun olaraq müxtəlif dövlətlərlə qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələrini ardıcıl şəkildə inkişaf etdirir. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ölkəmizin beynəlxalq əlaqələr tarixində mühüm siyasi və diplomatik hadisə kimi dəyərləndirilməlidir.

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşü və görüş çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimad və əməkdaşlıq münasibətləri daha geniş siyasi çərçivədə rəsmiləşdirilir. Əslində, tərəflər arasında strateji xarakterli əlaqələr Bəyannamənin qəbulundan əvvəl də mövcud idi. Yeni sənəd isə həmin münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir.

Azərbaycan–Britaniya münasibətlərinin bugünkü səviyyəyə çatmasında tarixi və siyasi əsasların xüsusi rolu vardır. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əlaqələrin inkişafında mühüm mərhələlər olmuşdur. Xüsusilə enerji sahəsində 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq ikitərəfli münasibətlərin iqtisadi təməlinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib. Prezident İlham Əliyevin görüş zamanı qeyd etdiyi kimi, Böyük Britaniya Azərbaycanda Avropanın ən böyük investorudur. Bu fakt ölkəmizin investisiya imkanlarına beynəlxalq marağın və Azərbaycan iqtisadiyyatının xarici tərəfdaşlar üçün əhəmiyyətinin göstəricisidir.

Birgə Bəyannamənin diqqətçəkən xüsusiyyətlərindən biri əməkdaşlığın ənənəvi istiqamətlərlə məhdudlaşmaması, yeni dövrün çağırışlarını əhatə edən geniş sahələri özündə birləşdirməsidir. Sənəddə müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi inkişaf, təhsil və innovasiya əsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib. Xüsusilə bərpaolunan enerji, yaşıl maliyyələşdirmə, aşağı karbon texnologiyaları, nəqliyyat və logistika, eləcə də Orta Dəhlizin inkişafı ilə bağlı müddəalar Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrdə artan rolunu ön plana çıxarır. Süni intellekt, rəqəmsallaşma, elmi tədqiqatlar və ali təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi isə tərəfdaşlığın yalnız bugünkü iqtisadi maraqlara deyil, gələcəyin inkişaf prioritetlərinə də istiqamətləndiyini göstərir.

Sənəddə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsi mühüm siyasi məna daşıyır. Eyni zamanda, 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarının alqışlanması regionda davamlı sülhün təmin olunmasına beynəlxalq yanaşmanın əhəmiyyətini əks etdirir. Böyük Britaniyanın ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq səylərinə dəstəyini təsdiqləməsi sənədin regional siyasi məzmununu daha da genişləndirir.

Bütün bunlar göstərir ki, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mövcud əlaqələrin təsdiqi olmaqla yanaşı, gələcək əməkdaşlığın konkret prioritetlərini müəyyən edən mühüm siyasi sənəddir. Tərəflərin hər il Strateji Tərəfdaşlıq görüşləri keçirmək barədə razılığa gəlməsi müəyyən edilmiş istiqamətlərin ardıcıl şəkildə həyata keçirilməsi və əldə olunan nəticələrin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dublində əldə olunan bu razılaşma da Azərbaycan–Böyük Britaniya münasibətlərinin qarşıdakı dövrdə daha geniş məzmun qazanacağına və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf edəcəyinə əsaslı zəmin yaradır.

 

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri