Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin inkişafı qarşılıqlı etimada və möhkəm hüquqi-siyasi təmələ söykənir. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm əsas yaradıb. Bu sənədlər ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı maraqların uzlaşdırılmasına xidmət edib.
Azərbaycanın zəngin enerji potensialı və əlverişli geostrateji mövqeyi Böyük Britaniya ilə iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Xüsusilə enerji sektorunda qurulan əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin əsas istiqamətlərindən birinə çevrilib. Bununla yanaşı, müasir dövrdə tərəfdaşlığın yalnız enerji sahəsi ilə məhdudlaşmaması, ticarət, investisiya, nəqliyyat, logistika, bərpaolunan enerji və innovasiya kimi istiqamətləri əhatə etməsi münasibətlərin daha geniş iqtisadi məzmun qazandığını göstərir.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər.
Bəyannamənin mühüm məqamlarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsidir. Sənəddə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinə sadiqlik xüsusi vurğulanır. Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas prinsipləri ilə uzlaşmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində hüquqa və ədalətə əsaslanan əməkdaşlığın əhəmiyyətini ön plana çıxarır.
Sənəddə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişlərə də xüsusi diqqət yetirilir. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, eləcə də sonrakı sülh təşəbbüslərinin alqışlanması regionda davamlı sülhün və sabitliyin təmin olunmasına beynəlxalq dəstəyin ifadəsidir. Böyük Britaniyanın bu istiqamətdə ikitərəfli dialoqa əsaslanan səyləri dəstəkləməsi Azərbaycanın regionda sülh gündəliyinin əhəmiyyətini bir daha nümayiş etdirir.
Strateji tərəfdaşlığın digər mühüm istiqamətini müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Müasir dövrdə qlobal və regional təhlükəsizlik çağırışlarının artdığı bir şəraitdə dövlətlər arasında koordinasiyanın gücləndirilməsi, müdafiə potensialının inkişafı və ümumi təhdidlərə qarşı birgə fəaliyyət xüsusi aktuallıq daşıyır. Bəyannamədə müdafiə sahəsində təlimlərin keçirilməsi, peşəkar potensialın artırılması, müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının araşdırılması, hüquq-mühafizə orqanları arasında əlaqələrin genişləndirilməsi və sərhəd idarəçiliyinin təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb.
İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi də strateji tərəfdaşlığın əsas sütunlarından biridir. Bəyannamədə investisiya mühitinin yaxşılaşdırılması, biznes dairələri arasında əlaqələrin inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə sektorunda təcrübə mübadiləsi və yeni kommersiya tərəfdaşlıqlarının yaradılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Xüsusilə bərpaolunan enerji, infrastruktur və xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasına imkan yarada bilər.
Azərbaycanın regional nəqliyyat və logistika imkanları da bu tərəfdaşlıq çərçivəsində mühüm əhəmiyyət kəsb edir. Şərq ilə Qərbi birləşdirən mühüm nəqliyyat marşrutlarından biri olan Orta Dəhlizin inkişafına dəstək göstərilməsi Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, sərhədyanı ticarətin asanlaşdırılması və yeni investisiya imkanlarının yaradılması regionun iqtisadi əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərə bilər.
Qlobal iqlim dəyişiklikləri və enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı müasir dövrdə yaşıl enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə geniş potensialı Böyük Britaniyanın texnoloji və maliyyə imkanları ilə uzlaşdırılaraq yeni layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yarada bilər. Bəyannamədə yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar, enerji səmərəliliyi və təmiz enerji keçidi üzrə əməkdaşlığın nəzərdə tutulması gələcək iqtisadi inkişafın ekoloji dayanıqlılıq prinsipləri əsasında qurulmasına verilən önəmi göstərir.
Bəyannamənin əsas məsələlərindən biri də təhsil, elm və innovasiya sahələridir. Çünki müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii resurslar və iqtisadi göstəricilərlə deyil, həm də insan kapitalının inkişafı, elmi potensial və texnoloji yeniliklərə uyğunlaşma bacarığı ilə müəyyən olunur. Bu baxımdan ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, süni intellekt, rəqəmsal idarəetmə, elmi tədqiqatlar və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi mühüm perspektivlər vəd edir.
Bəyannamədə universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın təşviqi, təcrübə mübadiləsi, peşəkar şəbəkələrin qurulması və insanlararası əlaqələrin inkişafı da nəzərdə tutulur. Bu yanaşma göstərir ki, Azərbaycan–Böyük Britaniya münasibətləri yalnız hökumətlərarası əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq əlaqələrinin möhkəmləndirilməsini də hədəfləyir.
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır. Sənəddə müəyyənləşdirilən prioritetlər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, enerji və nəqliyyat imkanlarından səmərəli istifadə olunması, eləcə də insan kapitalının inkişafı üçün geniş perspektivlər açır.
Elşad Cəfərov
YAP Culfa rayon təşkilatının məsləhətçisi