İkitərəfli münasibətlərdə yeni hədəflər

İkitərəfli münasibətlərdə yeni hədəflər

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında strateji tərəfdaşlığın qurulması və mövcud əlaqələrin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsi xüsusi diqqət çəkir. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm əsas yaradır.

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin əsası Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə qoyulmuşdur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynamışdır. Xüsusilə enerji sektorunda qurulan əməkdaşlıq iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə vermişdir. Yeni Strateji Tərəfdaşlıq Bəyannaməsi isə bu münasibətləri daha geniş istiqamətlər üzrə inkişaf etdirmək məqsədi daşıyır.

Bəyannamənin əsas məqsədi qarşılıqlı hörmət və ortaq maraqlar əsasında Azərbaycan-Böyük Britaniya münasibətlərini daha yüksək səviyyəyə çatdırmaqdır. Sənəddə əməkdaşlığın əsas istiqamətləri müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya sahələri üzrə müəyyən edilmişdir. Bu istiqamətlər müasir dövrün çağırışlarını nəzərə almaqla iki ölkə arasında uzunmüddətli və davamlı tərəfdaşlığın formalaşdırılmasına xidmət edir.

Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Hərbi təlimlər, kadr hazırlığı, müdafiə potensialının gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafı və sərhəd təhlükəsizliyi bu sahədə əsas əməkdaşlıq istiqamətlərindəndir. Müasir beynəlxalq təhlükəsizlik şəraitində bu cür əməkdaşlıq dövlətlərin təhlükəsizlik imkanlarının artırılması və regional sabitliyin qorunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, tərəflər beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini bir daha təsdiqləyirlər.

Sənədin digər mühüm istiqaməti iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Böyük Britaniyanın maliyyə, sənaye və texnologiya sahələrindəki təcrübəsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi üçün yeni imkanlar yarada bilər. Xüsusilə qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələri və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi baxımından bu əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

Energetika və nəqliyyat sahələri də ikitərəfli münasibətlərin əsas prioritetlərindəndir. Ənənəvi enerji sahəsində uzun illər ərzində formalaşmış əməkdaşlığın bərpaolunan enerji istiqamətində inkişaf etdirilməsi nəzərdə tutulur. Günəş və külək enerjisi layihələri, yaşıl texnologiyalar və enerji səmərəliliyi gələcək əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bununla yanaşı, Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq tranzit mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə Böyük Britaniya ilə əməkdaşlıq ölkəmizin Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağı kimi rolunun inkişafına töhfə verə bilər.

Bəyannamədə təhsil, elm və innovasiya sahələrinə də geniş yer ayrılmışdır. Universitetlər arasında əlaqələrin qurulması, tələbə və müəllim mübadiləsi, elmi tədqiqatların inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və süni intellekt sahəsində əməkdaşlıq əsas prioritetlər sırasındadır. Böyük Britaniyanın təhsil və elmi tədqiqat sahəsindəki təcrübəsindən istifadə edilməsi Azərbaycan gənclərinin bilik və bacarıqlarının artırılmasına, insan kapitalının inkişafına və müasir əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına şərait yarada bilər.

Bəyannamənin mühüm cəhətlərindən biri də əməkdaşlığın davamlılığını təmin etmək üçün illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsinin nəzərdə tutulmasıdır. Bu görüşlərdə əldə olunmuş nəticələr müzakirə ediləcək, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi qiymətləndiriləcəkdir. Belə bir mexanizm iki ölkə arasında siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, razılaşdırılmış təşəbbüslərin praktiki nəticələrə çevrilməsinə də kömək edə bilər.

 

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi