Şuşa: Azərbaycanın Tarixi, Mədəni, İctimai və Siyasi Həyatının Döyünən Ürəyi

Şuşa: Azərbaycanın Tarixi, Mədəni, İctimai və Siyasi Həyatının Döyünən Ürəyi

 

Müasir Azərbaycanın dövlətçilik tarixində, milli-mənəvi yaddaşında və zəngin mədəni irsində Şuşa şəhəri hər zaman müqəddəs, strateji və əvəzedilməz bir məqama sahib olmuşdur. XVIII əsrin ortalarında — 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən bünövrəsi qoyulan bu əfsanəvi qalalar şəhəri, salındığı ilk gündən etibarən təkcə hərbi-müdafiə istehkamı kimi deyil, bütöv bir bölgənin siyasi, ictimai və mədəni həyatının nizamlandığı ana mərkəzə çevrilmişdir. Strateji baxımdan əlverişli sıldırım qayalıqlar üzərində ucalan Şuşa, həm Qarabağ xanlığının paytaxtı kimi dövlətçilik ənənələrimizi qorumuş, həm də yadelli təcavüzkarlara qarşı sarsılmaz müqavimət rəmzi kimi tarixdə silinməz iz qoymuşdur.

Şuşanın Azərbaycanın mədəniyyət tarixində tutduğu mövqe tayı-bərabəri olmayan bir fenomen kimi qiymətləndirilir. Məhz buna görə də şəhər illər boyu haqlı olaraq "Qarabağın tacı", "Azərbaycan mədəniyyətinin məbədi" və "Şərqin Konservatoriyası" titullarını qazanmışdır. Azərbaycan muğam sənətinin, xanəndəlik məktəbinin, milli teatr, xalçaçılıq və təsviri sənətinin inkişafında Şuşa torpağının verdiyi töhfələr əvəzsizdir. Bu müqəddəs məkan Molla Pənah Vaqif, Xurşidbanu Natavan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Sadıqcan və Mir Möhsün Nəvvab kimi yüzlərlə dahi şəxsiyyəti, mütəfəkkiri, yazıçını və sənətkarı yetişdirərək milli mənəviyyat xəzinəmizi zənginləşdirmişdir.

İctimai-siyasi baxımdan da Şuşa XIX əsrin sonu və XX əsrin əvvəllərində maarifçilik hərəkatının, milli mətbuatın və dövlətçilik ideyalarının alovlandığı əsas ocaqlardan biri kimi çıxış etmişdir. Şuşada fəaliyyət göstərən ədəbi və elmi məclislər — Xurşidbanu Natavanın rəhbərlik etdiyi "Məclisi-üns" və Mir Möhsün Nəvvabın yaratdığı "Məclisi-fəramuşan", eləcə də açılan ilk dünyəvi məktəblər, teatr tamaşaları və nəşriyyat işləri Azərbaycanın modernləşməsi və milli özünüdərk prosesinə güclü təkan vermişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Şuşa Qarabağ bölgəsinin siyasi və inzibati mərkəzi kimi öz strateji çəkisini qoruyub saxlamış, Qarabağ Qubernatorluğunun qərargahı kimi daxili və xarici qəsdlərə qarşı mübarizənin ön cəbhəsində durmuşdur.

1992-ci ilin mayında Şuşanın düşmən tərəfindən işğala məruz qalması təkcə bir şəhərin itirilməsi deyil, Azərbaycan xalqının mənəviyyatına, tarixi yaddaşına və zəngin mədəni irsinə vurulmuş ağır bir zərbə idi. Lakin keçən 28 il ərzində xalqımız Şuşasızlığa heç vaxt barışmadı və bu şəhərin azad olunması milli ideyamızın ana xəttinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yürütülən məqsədyönlü siyasi, iqtisadi və hərbi strategiya 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə öz Zəfər zirvəsinə çatdı. Unikal hərbi peşəkarlıqla həyata keçirilən Şuşa əməliyyatı dünya hərb tarixinin dərsliklərinə daxil olaraq şəhəri yenidən öz həqiqi sahiblərinə — Azərbaycan xalqına qaytardı.

Bu gün Şuşa öz tarixi missiyasını yeni müstəvidə və daha böyük əzəmətlə bərpa etməkdədir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycanın Mədəniyyət Paytaxtı" elan edilən, həmçinin İSESKO və TÜRKSOY kimi beynəlxalq təşkilatlar tərəfindən geniş miqyasda tanınan Şuşa, hazırda sürətli bərpa-quruculuq işləri ilə yenidən dirçəlir. Şuşada bərpa edilən tarixi-mədəni abidələr, yenidən keçirilən "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri və ev sahibliyi etdiyi beynəlxalq diplomatik sammitlər göstərir ki, Şuşa təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının və regionun ən mühüm mədəni, ictimai və siyasi mərkəzlərindən biri kimi öz parlaq gələcəyinə doğru inamla irəliləyir.

 

Aynurə Ağacanova

YAP Odubad rayon təşkilatının fəalı