Ermənistan KTMT-dən qovulur?

Ermənistan KTMT-dən qovulur?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taatbek Masadıkov Ermənistanın faktiki olaraq bu təşkilatdan çıxdığını bəyan edib. Təşkilatın baş katibinin jurnalistlərə bildirdiyinə görə, İrəvan daxili təsdiq üçün üzv dövlətlərə göndərilən sənədləri almağa davam edir. Buna cavab olaraq, Ermənistan tərəfi müzakirələrdə və qərar qəbuletmədə iştirak etmədiyini, lakin onların məhdud formatda qəbul edilməsinə etirazı olmadığını bildirir. O, Ermənistan nümayəndəsinin KTMT Daimi Şurasının həftəlik iclaslarında iştirak etdiyini və hesabatları dinlədiyini qeyd edib. Lakin respublika təşkilatın əsas tədbirlərində və təlimlərində iştirak etmir.

Noyabrın 11-də İrəvanı nə gözləyir?

Baş katib, həmçinin Ermənistanın üzvlüyünün noyabrın 11-də Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında nəzərdən keçirilə biləcəyini istisna etməyib. O əlavə edib ki, sədrlik edən ölkə və ya təşkilatın digər üzv dövləti müvafiq təklif verərsə, bu mümkün ola bilər. T.Masadıkov mövcud vəziyyəti KTMT Nizamnaməsinin 25-ci maddəsi ilə əlaqələndirib. O, üzvlük haqqının ödənilməməsinin və kvota vəzifələrinin doldurulmamasının səsvermə hüquqlarının itirilməsinə səbəb ola biləcəyini izah edib.

Bir müddət əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək, respublikanın KTMT-dən çıxarılmasını dəstəklədiyini və bu baş verərsə, məmnun olacağını bildirmişdi. O, həmçinin qeyd edib ki, İrəvan növbəti beş il ərzində də təşkilatın işində fəal iştirak etmək niyyətində deyil.

Ermənistanın 2022-ci ilin payızından etibarən  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında  fəaliyyətini faktiki olaraq dayandırdığı məlumdur. Rəsmi İrəvan bu məqsəd üçün praktiki addımlar da atıb. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  baş katibinin müavini kvotasından imtina edilib. Həmçinin təşkilatın bu ölkədə keçirilməsi nəzərdə tutulan hərbi təlimlər  ləğv edilib. Bundan əlavə, baş nazir N.Paşinyan nümayişkəranə şəkildə  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  sammitlərinə qatılmır. Eyni zamanda, Ermənistan KTMT-yə üzvlük haqqı ödəməyi də dayandırıb. Bir sözlə, rəsmi İrəvan bu təşkilatda fəaliyyətini “dondurub”.

Paşinyanın bəhanəsi...

Rəsmi İrəvanın iddiası ondan ibarətdir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatında rol oynamır. Ona görə də, təhlükəsizliklə bağlı yeni tərəfdaş axtarışındadırlar. Rəsmi İrəvanın “incikliyi” 2022-ci ilin sentyabrında şərti sərhəddə baş verən hərbi toqquşma zamanı KTMT-nin onu müdafiə etməməsi ilə bağlıdır. Əslində,  Paşinyan hakimiyyəti bütün bunlardan ölkəsini Rusiyadan uzaqlaşdırmaq üçün bir bəhanə kimi istifadə edir. Nəzərə alaq ki, Nikol Paşinyan hələ 2017-ci ildə müxalifətdə olarkən ölkəsinin KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmasını tələb edirdi. O bəyan edirdi ki, bu qurumlarda üzvlüyü Ermənistanı inkişaf etdirmir, əksinə, onun suverenliyini məhdudlaşdırır və sərt asılılıq vəziyyətinə salır. Ovaxtkı müxalifət liderinin qənaətincə, ölkənin KTMT-də olması Ermənistanın “milli təhlükəsizliyi üçün ən ciddi təhlükə” yaradır. 2018-ci ildə hakimiyyətə gəldikdən sonra da Paşinyan iqtidarının Rusiyaya deyil, Qərb istiqamətinə yönəldiyi aşkar faktdır. Sadəcə, İkinci Qarabağ müharibəsində KTMT-nin, xüsusilə Rusiyanın Ermənistana rəsmi dəstək verməməsi Paşinyan üçün bəhanəyə çevrilib. Hadisələr Azərbaycan ərazisində getdiyinə, ölkəmiz öz torpaqlarını işğalçılardan təmizlədiyinə görə təşkilat Ermənistan-Azərbaycan münaqişəsində iştirakını heç cür əsaslandıra bilmirdi. Digər tərəfdən, KTMT-yə üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü daim müxtəlif səviyyələrdə müdafiə ediblər. Habelə, həmin ölkələrlə Azərbaycan arasında ərazi bütövlüyü və suverenliyi dəstəkləməyə, əməkdaşlığa dair anlaşmalar mövcuddur. Bu kimi səbəblərdən Ermənistanın KTMT-dən narazılığının səbəbinin Azərbaycanla bağlı olduğu cəfəngiyyatdır. 

İrəvan KTMT-nin “əsas tədbirinə” qatılmayıb

Xatırladaq ki, bir müddət öncə Ermənistan növbəti dəfə  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  “əsas tədbir”ində iştirak etməməklə Rusiyadan və onun himayəsi altında olan təşkilatdan uzaqlaşmaq xəttini tutduğunu bir daha nümayiş etdirdi. Belə ki, sentyabrın 13-dən etibarən Rusiya və Qazaxıstanda KTMT-nin hərbi təlimləri keçirilib. Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan hərbçiləri iştirak ediblər. Oktyabrın 3-dək davam edən bu hərbi tədbirlə Mərkəzi Asiya regionunun Kollektiv Sürətli Yerləşdirmə Qüvvələrinin dağlıq-səhra ərazisi şəraitində döyüş əməliyyatları məşq edilib. Pilotsuz təyyarələrə qarşı mübarizə, yüksəkdəqiqlikli silahların tətbiqi və sərhəd xidmətləri ilə koordinasiyaya xüsusi diqqət yetirilib. Təlimlərə təxminən 2000 hərbçi və 350-dən çox texnika, habelə müxtəlif tipli PUA-lar, robototexnika kompleksləri cəlb olunub. KTMT-nin Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov təlimləri təşkilatın builki hazırlığının “əsas tədbiri” adlandırıb. O, manevrlərin keçirilməsinin aktuallığını dünyada son dərəcə mürəkkəb hərbi-siyasi vəziyyətlə şərtləndirib.

Rəsmi İrəvanın bu tədbirdə də iştirakdan imtinası Paşinyan hakimiyyətinin qərarlığının göstəricisi sayıla bilər. Lakin Paşinyan yəqin ki, Rusiyadan çəkindiyi üçün rəsmi olaraq KTMT-ni tərk edə bilmir.  Baş katib Taatbek Masadıkovun məlum açıqlaması isə təşkilat üzvlərinin nə vaxtsa səbr kasasının daşa biləcəyinə işarə edir. Ola bilər ki, KTMT üzvləri  Ermənistanın “nazı ilə oynamağa” son versin. Digər tərəfdən, Ermənistanın KTMT-dən çıxarılması təşkilatı daha da zəiflədə bilər. Vaxtaşırı olaraq məsələ ilə bağlı Moskvanın İrəvanı tənqid etməsi də Paşinyan hakimiyyətinə təzyiq məqsədi daşıyır.

Beləliklə, Rusiya Cənubi Qafqazda özünün forpostu olan Ermənistanı itirməkdən ciddi narahatdır. Digər tərəfdən, “rus NATO”su olan KTMT-nin gələcəyinin sual altına düşməsi narahatlığı da Moskvanı İrəvana qarşı sərt açıqlamalar verməyə sövq edir. Çünki Ermənistanın KTMT-dən uzaqlaşması yaxın gələcəkdə presedent yarada bilər ki, bu da təşkilat üçün yaxşı heç nə vəd etmir.

Nardar BAYRAMLI