YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflər müzakirə edilib

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflər müzakirə edilib

 

Sabunçu qəsəbəsi, “Ə.Məmmədəliyev küçəsi 20” (Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsi), Maştağa qəsəbəsi, “Xanlar küçəsi 4” (Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsi, Maştağa xəstəxanası) və Bakıxanov qəsəbəsi, “O.Əfəndiyev küçəsi 24” (Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsi, 2 nömrəli Doğum evi) ünvanları üzrə ərazi partiya təşkilatlarında görüş keçirilib.

Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın gələcək fəaliyyətinin prioritetlərinin müəyyənləşdirilməsi, yeni çağırışlara uyğun vəzifələrin dəqiqləşdirilməsi və təşkilati fəaliyyətin daha səmərəli qurulması baxımından mühüm siyasi hadisədir. Qurultayda səsləndirilən fikirlər ölkənin uzunmüddətli inkişaf strategiyasının, milli maraqlara əsaslanan siyasi xəttin və cəmiyyət qarşısında duran vəzifələrin daha dərindən dərk olunmasına şərait yaradır. Bu baxımdan, qurultayın müddəalarının ardıcıl şəkildə öyrənilməsi və təbliği partiyanın bütün struktur bölmələrinin fəaliyyətində əsas istiqamətlərdən biri olmalıdır.

Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Cavid Paşayev səhiyyə sahəsində həyata keçirilən islahatlardan, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edib. O, sağlam cəmiyyətin formalaşmasında tibb işçilərinin mühüm rol oynadığını, vətəndaşlara göstərilən tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılmasının sosial rifahın yüksəldilməsinə xidmət etdiyini bildirib.

Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsi 2 nömrəli Doğum evinin rəhbəri Səadət Şamilova, Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsi Maştağa xəstəxanasının rəhbəri-ərazi partiya təşkilatının sədri Namiq Nəbiyev, Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsin inzibati işlər üzrə direktor müavini Rəşad Veyisov, Xəstə Xidmətləri şöbəsinin müdiri Taleh Qurbanov çıxışlarında təşkilati işlərin planlı şəkildə həyata keçirilməsi, partiya üzvlərinin fəallığının mütəmadi qiymətləndirilməsi, qarşıya çıxan məsələlərin vaxtında araşdırılması və fəaliyyətin səmərəliliyinin artırılmasının vacibliyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, ümumi məqsədlər naminə birgə fəaliyyət göstərilməsi, təşkilati intizamın qorunması və üzvlərin fərdi potensialından düzgün istifadə edilməsi ərazi partiya təşkilatlarının fəaliyyət imkanlarını genişləndirir. Bu istiqamətdə görülən işlər partiyanın ictimai-siyasi proseslərdə fəal iştirakına və müəyyənləşdirilmiş vəzifələrin daha səmərəli icrasına zəmin yaradır.

Sonda ərazi partiya təşkilatının fəaliyyətinin gücləndirilməsi, qurultayın qərar və müddəalarının təbliğinin davam etdirilməsi, üzvlərlə işin daha səmərəli təşkili və ictimai-siyasi fəallığın artırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.