Kəlbəcərin dirçəlişi: tarixi qayıdışdan dayanıqlı inkişafa doğru

Kəlbəcərin dirçəlişi: tarixi qayıdışdan dayanıqlı inkişafa doğru

 

 

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə əlamətdar günlər var ki, onlar yalnız təqvimdəki tarixi deyil, bütöv bir xalqın milli iradəsini, mübarizə əzmini və tarixi ədalətə qovuşmaq istəyini ifadə edir. 25 noyabr – Kəlbəcər şəhəri günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycan xalqı üçün ədalətin təntənəsinin, ərazi bütövlüyümüzün bərpasının, doğma torpaqlara qayıdışın və yeni quruculuq mərhələsinin rəmzidir. Kəlbəcərin azadlığı ilə başlanan yeni tarix bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və Böyük Qayıdış prosesi ilə davam edir.

Zəngin tarixi, özünəməxsus təbiəti, strateji coğrafi mövqeyi və təbii sərvətləri ilə seçilən Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kiçik Qafqazın əzəmətli dağ silsilələri, meşələri, çayları, mineral su mənbələri və əlverişli təbii landşaftı bu diyarın özünəməxsus simasını formalaşdırır. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Rayonun ərazisindəki 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, tarixi-memarlıq abidələri onun zəngin mədəni irsinin mühüm nümunələridir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Xudavəng monastır kompleksi, qədim qalalar, türbələr və digər tarixi abidələr Kəlbəcərin yalnız təbii gözəllikləri ilə deyil, həm də çoxəsrlik mədəniyyət tarixi ilə seçildiyini təsdiqləyir.

Kəlbəcərin inzibati rayon kimi formalaşması 1930-cu ilə təsadüf edir. İşğala qədər burada 53478 nəfər yaşamış, rayonun 145 kənd və 55 inzibati ərazi dairəsində, bir qəsəbəsində və şəhər mərkəzində zəngin sosial-iqtisadi həyat mövcud olmuşdu. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən rayonun işğal edilməsi bu inkişafı dayandırdı. İşğal zamanı 511 dinc sakin öldürülümüş, 321 nəfər əsir götürülümüş və itkin düşmüşdür. Kəlbəcər əhalisi doğma yurd-yuvasından didərgin salınaraq respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manat dəyərində sərvəti Ermənistana daşınmışdır. Bununla da işğal Kəlbəcərin yalnız sosial-iqtisadi infrastrukturuna deyil, həm də onun tarixi-mədəni irsinə ağır zərbə vurmuşdur. Otuz ilə yaxın davam edən işğal dövründə rayonun tarixi simasının dəyişdirilməsi, Azərbaycan xalqına məxsus mədəni irsin mənimsənilməsi və onun milli kimliyinə aid izlərin silinməsi istiqamətində məqsədyönlü cəhdlər göstərilmişdir.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu işğal BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə də öz əksini tapmışdı. Həmin sənəddə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb edilirdi. Lakin qətnamənin icrasına nail olunmaması beynəlxalq hüququn təmin edilməsi mexanizmlərinin nə dərəcədə təsirsiz qala bildiyini bir daha göstərdi. Kəlbəcərin işğalı təkcə ərazi itkisi deyil, həm də minlərlə insanın fundamental hüquqlarının pozulması, tarixi-mədəni irsin dağıdılması və bütöv bir bölgənin inkişaf imkanlarının məhdudlaşdırılması demək idi.

Azərbaycan xalqı bütün bu illər ərzində öz tarixi torpaqlarına qayıdacağına inamını itirmədi. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət, güclü iqtisadi potensialın formalaşdırılması, ordu quruculuğunun davamlı inkişafı və beynəlxalq müstəvidə milli maraqlarımızın qətiyyətlə müdafiəsi bu tarixi məqsədə çatmağın əsasını yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı.

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata uyğun olaraq, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Kəlbəcərin azad edilməsi bu Zəfərin mühüm siyasi və strateji nəticələrindən biri oldu. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 25-də xalqa müraciətində Kəlbəcərin azad olunmasını Azərbaycan xalqı üçün böyük tarixi hadisə kimi dəyərləndirməsi həmin günün milli yaddaşımızdakı yerini bir daha təsdiqlədi.  Beləliklə, uzun illər doğma yurdlarından ayrı düşmüş kəlbəcərlilərin qayıdış arzusu gerçəkləşməyə başladı. Lakin Üçtərəfli Bəyanatın şərtlərinə əsasən ermənilərin Kəlbəcəri boşaltması zamanı işğalçının eybəcər siması bir daha ortaya çıxdı. Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər erməni vandalizminin mahiyyətini bir daha ortaya qoydu. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi və 25 noyabrın Kəlbəcər şəhəri günü kimi müəyyənləşdirilməsi isə bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir. Bu tarix hər il Kəlbəcərin azadlığını, xalqımızın birliyini və dövlətimizin gücünü təcəssüm etdirir.

Lakin Kəlbəcərin azad olunması ilə qarşıda duran vəzifələr başa çatmadı. Əksinə, bundan sonra rayonun yenidən qurulması, iqtisadi potensialının bərpası, sosial infrastrukturunun yaradılması və əhalinin doğma torpaqlara təhlükəsiz qayıdışının təmin edilməsi kimi genişmiqyaslı işlərə başlanıldı. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Kəlbəcərdə həyata keçirilən layihələr təkcə dağıdılmış obyektlərin bərpasını deyil, müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni yaşayış və iqtisadi inkişaf mühitinin formalaşdırılmasını nəzərdə tutur.

Bu baxımdan Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiq edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə təsdiqlənmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Plana əsasən, şəhərin ərazisinin təxminən 130 hektardan 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada yaşayış binaları, fərdi evlər, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və istirahət obyektləri ilə yanaşı, müasir mühəndis-kommunikasiya və nəqliyyat infrastrukturu yaradılacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır ki, bu da şəhərin sosial və ictimai həyatının hərtərəfli inkişafına xidmət edəcək.

Baş Planın diqqətçəkən xüsusiyyətlərindən biri də ekoloji tarazlığın qorunmasına və yaşıl şəhər mühitinin formalaşdırılmasına xüsusi önəm verilməsidir. Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək. Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Eyni zamanda, 27 kilometrdən artıq avtomobil və 22 kilometrlik velosiped yollarının salınması şəhərdə rahat, təhlükəsiz və ekoloji baxımdan əlverişli nəqliyyat sisteminin qurulmasına imkan yaradacaq.

Kəlbəcərdə quruculuq prosesinin ən mühüm istiqamətlərindən biri yaşayış məntəqələrinin yenidən salınması və doğma yurda qayıdan insanların məskunlaşmasının təmin edilməsidir. Şəhərdə 524 ailəlik yaşayış məhəlləsinin inşası bu istiqamətdə atılan mühüm addımlardandır. Kompleksin birinci mərhələsində 201 ailənin yerləşdirilməsi üçün çoxmənzilli binalar və fərdi tipli evlər inşa edilib. İkinci mərhələdə daha 323 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Yaşayış məhəlləsində parkların, istirahət guşələrinin, uşaq oyun və idman meydançalarının, sosial-məişət obyektlərinin yaradılması sakinlərin rahat yaşayışının təmin olunmasına xidmət edir.

2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı 20 ailəyə yeni mənzillərin açarlarını təqdim etməsi Böyük Qayıdışın mühüm mərhələsi kimi yadda qaldı. 2026-cı il noyabrın 6-na olan məlumata əsasən, şəhərdə 162 ailə olmaqla 681 nəfər məskunlaşıb. Bu rəqəmlərin arxasında uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə, ata-baba torpaqlarına qayıdış sevinci dayanır. Böyük Qayıdışın əsas mahiyyəti də məhz insanların yalnız yaşayış yeri ilə təmin olunması deyil, onların doğma yurdda təhlükəsiz, layiqli və davamlı həyat şəraitinə qovuşmasıdır.

Kəndlərin yenidən qurulması da bu prosesin mühüm tərkib hissəsidir. Yanşaq, Zallar və Zar kəndlərində genişmiqyaslı layihələrin həyata keçirilməsi, yeni fərdi yaşayış evlərinin, məktəblərin və uşaq bağçalarının inşası rayonun kənd yaşayış sisteminin bərpasına xidmət edir. Bu layihələr Kəlbəcərin yalnız şəhər mərkəzində deyil, bütün ərazisində sosial-iqtisadi həyatın yenidən canlandırılmasına yönəlib. Beləliklə, qayıdış prosesi ayrı-ayrı yaşayış məntəqələrinin məskunlaşdırılması ilə məhdudlaşmır, bütöv bir rayonun inkişafına hesablanmış kompleks proqram xarakteri daşıyır.

Kəlbəcərin gələcək inkişafında nəqliyyat infrastrukturunun xüsusi yeri var. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu rayonun ölkənin digər bölgələri ilə əlaqələrinin yaxşılaşdırılması, turizm və kənd təsərrüfatı potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Uzunluğu 82 kilometr olan yolun üzərində beş tunelin inşası nəzərdə tutulub. Onlardan uzunluğu 11,7 kilometr olan Murovdağ tuneli layihənin ən mürəkkəb və mühüm mühəndis qurğularından biridir. Yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı olmuşdur. Uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 89 faizi tamamlanıb. Bu yolun tam istifadəyə verilməsi Kəlbəcərə gediş-gəlişi asanlaşdırmaqla yanaşı, rayonun iqtisadi və turizm əlaqələrinin genişlənməsinə də mühüm töhfə verəcək.

Kəlbəcərin zəngin təbii potensialından səmərəli istifadə, xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı dövlətin yaşıl enerji strategiyasının mühüm istiqamətlərindəndir. Rayonun çayları üzərində kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması enerji təminatının gücləndirilməsinə, yerli resurslardan səmərəli istifadəyə və ekoloji tarazlığın qorunmasına xidmət edir. Bu stansiyalarda istehsal olunan enerji rayonun sənaye və xidmət obyektlərinin, o cümlədən “İstisu” mineral su zavodunun enerji təminatında mühüm rol oynayır. Belə layihələr Kəlbəcərin gələcəkdə yaşıl enerji istehsalı və tətbiqi baxımından əhəmiyyətli mərkəzlərdən birinə çevrilməsi üçün real imkanlar yaradır.

Rayonun iqtisadi inkişaf perspektivlərindən danışarkən, şübhəsiz ki, “İstisu” mineral suyunun xüsusi əhəmiyyətini qeyd etmək lazımdır. Təbii müalicəvi xüsusiyyətləri ilə tanınan bu mineral su Kəlbəcərin uzun illər ərzində formalaşmış iqtisadi və turizm potensialının mühüm hissəsidir. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq ərazisində dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu hesab olunur. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda tikinti işləri 2024-cü ildə başa çatdırılıb. Müəssisənin illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Burada təxminən 100 nəfərin işlə təmin edilməsi, işçilərin əksəriyyətinin Kəlbəcər və Laçın rayonlarının sakinləri olması layihənin sosial əhəmiyyətini də artırır.

Bununla yanaşı, “İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması rayonun turizm imkanlarının genişləndirilməsi baxımından mühüm layihədir. Hazırda Kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır. Kompleksin SPA Mərkəzinin mineral sularla müalicə, pelioidterapiya (palçıqla müalicə) və klimatoterapiya (iqlim müalicəsi) istiqamətləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur. Mineral suların müalicəvi xüsusiyyətləri, dağ iqlimi, zəngin təbiət və əlverişli landşaft Kəlbəcərdə sağlamlıq və ekoturizmin inkişafı üçün geniş imkanlar açır. Bu potensialın düzgün qiymətləndirilməsi və müasir xidmət infrastrukturu ilə uzlaşdırılması gələcəkdə rayonun iqtisadiyyatında turizm sektorunun aparıcı istiqamətlərdən birinə çevrilməsinə şərait yaradacaq.

Bütün bu layihələrin əhəmiyyəti yalnız tikilən binaların, yolların, elektrik stansiyalarının və istehsal müəssisələrinin sayı ilə ölçülmür. Əsas məqsəd Kəlbəcərdə insanların yaşaması, işləməsi, təhsil alması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və gələcək planlarını doğma yurdda qurması üçün davamlı iqtisadi və sosial mühit yaratmaqdır. Bu baxımdan məşğulluğun artırılması, yerli sahibkarlığın təşviqi, kənd təsərrüfatının, arıçılığın, turizmin və emal sənayesinin inkişafı quruculuq siyasətinin ayrılmaz hissəsidir. Dövlətin yaratdığı infrastruktur və imkanlar gələcəkdə yerli iqtisadi təşəbbüslərin genişlənməsi üçün də əlverişli zəmin formalaşdırır.

Kəlbəcərin dirçəlişi həm də Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi yeni inkişaf strategiyasının mühüm təzahürüdür. Bu strategiyanın əsas xüsusiyyəti dağıdılmış yaşayış məntəqələrini əvvəlki vəziyyətinə qaytarmaqla kifayətlənməmək, onları müasir texnologiyalar, ekoloji yanaşma, dayanıqlı iqtisadiyyat və innovativ idarəetmə prinsipləri əsasında yenidən qurmaqdır. Kəlbəcər nümunəsində bu yanaşma şəhərsalma, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və sosial infrastruktur sahələrində həyata keçirilən layihələrdə aydın görünür.

25 noyabr – Kəlbəcər şəhəri günü bu baxımdan həm tarixi Zəfərin təntənəsi, həm də gələcəyə istiqamətlənmiş quruculuq əzminin ifadəsidir. Vaxtilə işğalın ağır nəticələrinə məruz qalmış bu diyar bu gün yenidən dirçəlir, küçələri, yaşayış məhəllələri, istehsal müəssisələri və sosial obyektləri ilə yeni inkişaf mərhələsinə qədəm qoyur. Kəlbəcərə qayıdan hər bir ailə, istifadəyə verilən hər bir obyekt, salınan hər bir yol və yaradılan hər bir iş yeri tarixi qayıdışın real nəticələrini nümayiş etdirir.

Bu gün Kəlbəcər yalnız azad edilmiş bir rayon deyil, həm də Azərbaycanın güclü dövlət iradəsinin, milli birliyinin və gələcəyə hesablanmış inkişaf siyasətinin canlı nümunəsidir. Onun dirçəlişi tarixi ədalətin bərpası ilə müasir inkişafın vəhdətini nümayiş etdirir. Əminliklə demək olar ki, dövlətin ardıcıl siyasəti, həyata keçirilən genişmiqyaslı layihələr və doğma torpaqlara qayıdan insanların qurub-yaratmaq əzmi sayəsində Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən mühüm sosial-iqtisadi və turizm mərkəzlərindən birinə çevriləcək. Kəlbəcərin yenidən canlanan həyatı isə bu gün Böyük Qayıdışın uğurunu və Azərbaycanın quruculuq potensialını bütün aydınlığı ilə əks etdirir.

 

Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, dosent, ƏPT sədri