Kəlbəcər rayonu yeni inkişaf dövrü yaşayır

Kəlbəcər rayonu yeni inkişaf dövrü yaşayır

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşmüşdü. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyətabidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. 27 sentyabr 2020-ci il tarixdən başlayan müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu 44 gün ərzində 30 illik həsrətə son qoydu, torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Nəhayət Ermənistan reallığı qəbul etdi və noyabrın 10-da “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Bu bəyannaməyə əsasən Kəlbəcər, Laçın və Ağdam bir güllə də atılmadan Azərbaycana təhvil verildi. İmzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Bu gün artıq işgaldan azad edilmiş bütün ərazilərimizdə yenidən qurma bərpa işləri gedir. İllərdir erməni əsarətində qalıb, erməni vandalizminə məruz qalmış torpaqlarımız artıq yenidən dirçəlir və tezliklə həmin ərazilərdə həyat yenidən davam edəcək.

Kəlbəcərin azad olunması bu böyük Zəfər salnaməsinin mühüm səhifələrindən biridir. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, burada aparılan bərpa və quruculuq işləri bölgənin gələcək inkişafına xüsusi diqqət yetirildiyini göstərir.Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, elektrik enerjisi və digər kommunal təminat sistemlərinin qurulması, sosial obyektlərin inşası bölgənin iqtisadi və sosial potensialının inkişafına xidmət edir.Eyni zamanda, tarixi və mədəni irsin qorunması, təbii sərvətlərin səmərəli istifadəsi Kəlbəcərin gələcək inkişafında mühüm əhəmiyyət daşıyır.Kəlbəcərin azadlığı həm də milli yaddaşımızın, tarixi kimliyimizin və mənəvi dəyərlərimizin bərpasıdır.

Kəlbəcərin tikinti potensialı genişdir və bura çoxsaylı investisiyaları cəlb edir. Köç prosesinin mərhələli şəkildə aparılması insanların yurdlarına qayıdış sevincini təmin edir. Regionun turizm imkanları daha da artırılır. 25 Noyabr Kəlbəcərin azadlığa qovuşduğu gün kimi xalqımızın yaddaşına həkk olunub. Bu gün bölgənin yenidən inkişafının rəmzidir.