Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanın hər bir bölgəsinin tariximizdə özünəməxsus yeri, xalqımızın yaddaşında silinməz izləri var. Kəlbəcər isə öz təbiəti, zəngin tarixi, milli-mədəni irsi və strateji əhəmiyyəti ilə ölkəmizin ən dəyərli guşələrindən biridir. Kiçik Qafqazın qoynunda yerləşən bu qədim yurdumuz əsrlər boyu Azərbaycan xalqının yaşayış məskəni, zəngin mədəniyyətimizin və milli kimliyimizin ayrılmaz parçası olub. Lakin 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi minlərlə insanın həyatında ağır faciəyə çevrildi. Dinc sakinlər doğma torpaqlarından didərgin salındı, yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni abidələrimizə qarşı vandalizm törədildi. Uzun illər ərzində kəlbəcərlilər öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadılar. Bu ədalətsizliyin aradan qaldırılması Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi.
2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixində yeni bir səhifə açdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək düşməni məğlubiyyətə uğratdı. Ermənistanın kapitulyasiyasını qəbul etməsi və 10 noyabr tarixli üçtərəfli Bəyanat Kəlbəcərin Azərbaycana qaytarılmasına hüquqi-siyasi zəmin yaratdı. Nəticədə 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edildi və Azərbaycan bayrağının bu torpaqlarda yenidən dalğalanması təmin olundu. Bu tarixi hadisə yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də illərlə yurd həsrəti çəkən insanların mənəvi qələbəsi kimi böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli diplomatiyası və Azərbaycan Ordusunun gücü bir daha təsdiqlədi ki, dövlətimizin milli maraqları heç bir halda güzəşt mövzusu ola bilməz. Məhz bu tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edildi.
Bu gün Kəlbəcər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Dövlətimizin başçısının diqqət və qayğısı ilə şəhərin müasir Baş Planı əsasında yaşayış binaları, sosial obyektlər, yollar və digər infrastruktur layihələri həyata keçirilir. Kəlbəcərin zəngin təbii sərvətlərindən, turizm imkanlarından və iqtisadi potensialından səmərəli istifadə olunması qarşıya qoyulan əsas məqsədlərdəndir. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanılması isə bu torpaqda həyatın yenidən canlanmasının ən mühüm göstəricisidir. Artıq Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, insanların yaşadığı, qurub-yaratdığı, gələcəyə ümidlə baxdığı doğma yurda çevrilir. Əminliklə demək olar ki, Kəlbəcərin dirçəlişi Azərbaycanın gücünün, siyasi iradəsinin və milli birliyinin növbəti təntənəsidir. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında əbədi olaraq Zəfərin, qürurun və doğma torpaqlara qayıdışın rəmzi kimi yaşayacaq.