Avropada iqtisadi vəziyyət pisləşir, əhalinin sosial durumu ağırlaşır

Avropada iqtisadi vəziyyət pisləşir, əhalinin sosial durumu ağırlaşır

Avropada iqtisadi vəziyyətin getdikcə pisləşməsi əhalinin sosial durumuna da mənfi təsir göstərir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə bağlı təhlükəsizlik narahatlıqları Avropa dövlətlərini müdafiə xərclərini artırmağa, bunun müqabilində isə sosial sahəyə ayrılan vəsaitləri azaltmağa vadar edir. Bu isə əhali arasında narazılığın artmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, Almaniya, Fransa, İtaliya, İspaniya və Belçikada kütləvi etiraz aksiyaları davam edir. Bu ölkələrdə əməkhaqları artırılsa da, əhali həmin artımdan yetərincə faydalana bilmir. Belə ki, inflyasiyanın yüksəlməsi və istehlak mallarının bahalaşması əməkhaqqı artımının təsirini azaldır. Cari ilin son rübündə əməkhaqlarının 3,3 faiz artırılmasına baxmayaraq, inflyasiyanın 4 faizə yüksəlməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir.

Fransanın “Les Echos” nəşrinin yazdığına görə, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artması yanacağın qiymətinin kəskin bahalaşmasına, bu isə öz növbəsində digər istehlak mallarının qiymətlərinin yüksəlməsinə səbəb olub.

Nəşr qeyd edir ki, bəzi dövlətlər yaranmış vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən tədbirlər görsələr də, bu addımlar gözlənilən nəticəni vermir. Məsələn, Almaniyada yanacaq idxalı ilə məşğul olan şirkətlərə vergi güzəştləri tətbiq edilib. Lakin nəşrin qənaətinə görə, əsas problem yanacağın idxalına tətbiq edilən vergilərlə deyil, neft və qazın hasilatı və nəqli sahəsində yaranan çətinliklərlə bağlıdır. Bu problemlər qlobal xarakter daşıdığından, ayrı-ayrı şirkətlərin onları aradan qaldırmaq imkanları məhduddur.

Nəşr Avropa ölkələrinin iqtisadi vəziyyətinin yaxın perspektivdə yaxşılaşmasını çətin hesab edir. Bildirilir ki, Almaniya, Fransa və bir sıra digər dövlətlər xarici borcların ödənilməsi üçün büdcədən daha çox vəsait ayırmalı olacaqlar. Bu səbəbdən 2027-ci ildə də Avropa iqtisadiyyatında nəzərəçarpacaq yaxşılaşmanın baş verəcəyini proqnozlaşdırmaq çətindir.

“Les Echos” yazır ki, süni intellekt texnologiyalarının tətbiqi əmək bazarında iş yerlərinin azalması riskini artırır. Eyni zamanda, əhalinin yaşlanması səhiyyə sisteminə ayrılan vəsaitlərin artırılmasını zəruri edir. Belə ki, yaşlı əhalinin tibbi xidmətlərə tələbatı daha yüksək olduğundan, səhiyyə xərcləri də artır.

Fransalı iqtisadçı ekspert Sebastyan Bertelonun sözlərinə görə, beynəlxalq vəziyyətin gərginləşməsi təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirilməsini və maliyyə vəsaiti ayrılmasını tələb edir. Bu isə Avropa dövlətlərinin əhalinin, xüsusilə ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına əlavə dəstək göstərmək imkanlarını məhdudlaşdıra bilər.