Azərbaycan–Vyetnam humanitar əməkdaşlığının yeni mərhələsi

Azərbaycan–Vyetnam humanitar əməkdaşlığının yeni mərhələsi

Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı nüfuz, müxtəlif dövlətlərlə qurduğu dostluq və tərəfdaşlıq əlaqələri yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Ölkəmizin xarici siyasətində humanitar əməkdaşlıq, mədəniyyətlərarası dialoq, təhsil və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi də mühüm yer tutur. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin dərin köklərə malik olduğunu və bu əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdiyini bir daha nümayiş etdirir.

Cənab Prezidentin vurğuladığı kimi, humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən mühüm körpü rolunu oynayır. Bu körpünün təməlində qarşılıqlı hörmət, səmimiyyət, etimad və ortaq dəyərlərə münasibət dayanır. Azərbaycan ilə Vyetnam arasında münasibətlərin təxminən 70 illik tarixə malik olması da bu dostluğun təsadüfi deyil, zamanın sınaqlarından keçmiş əlaqələr üzərində qurulduğunu göstərir. 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya səfəri ilə möhkəmlənən dostluq, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ilə yeni məzmun qazanıb. Həmin tarixi təmaslar iki xalq arasında qarşılıqlı rəğbətin və əməkdaşlıq ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Bu gün həmin ənənələrin davam etdirilməsi Azərbaycanın humanitar siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Heydər Əliyev Fondunun Vyetnamla humanitar əlaqələrin genişləndirilməsindəki fəaliyyəti xüsusi diqqətə layiqdir. Fondun həyata keçirdiyi layihələr təhsil, xeyriyyəçilik və sosial dəstək kimi müxtəlif sahələri əhatə edir. Vyetnamın Ha Giang vilayətində ibtidai məktəbin inşasına göstərilən dəstək bu əməkdaşlığın real nəticələrindən biridir. Çünki təhsilə qoyulan sərmayə yalnız bugünkü ehtiyacları qarşılamaqla kifayətlənmir, eyni zamanda gələcək nəsillər üçün yeni imkanlar yaradır. Bu cür təşəbbüslər Azərbaycan xalqının humanist dəyərlərini, digər xalqlara hörmətini və beynəlxalq həmrəyliyə verdiyi önəmi nümayiş etdirir.

2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitar münasibətlərin inkişafında əhəmiyyətli hadisə olub. Səfər çərçivəsində Vyetnamın rəsmi şəxsləri, yaradıcı ictimaiyyətin nümayəndələri və Azərbaycanda ali təhsil almış vyetnamlı məzunlarla görüşlərin keçirilməsi əlaqələrin yalnız rəsmi səviyyədə deyil, insanlar arasında da möhkəmləndirilməsinə xidmət edib. Hanoi Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi isə təhsil sahəsində əməkdaşlığın konkret nümunəsi kimi diqqət çəkir.

Azərbaycan və Vyetnam arasında elmi və təhsil əlaqələrinin inkişafı da geniş perspektivlər vəd edir. Hər iki ölkənin aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədlərinin imzalanması, tələbə və müəllim mübadiləsi imkanlarının genişləndirilməsi, gənclərin beynəlxalq təhsil proqramlarına cəlb olunması gələcək münasibətlər üçün möhkəm zəmin yaradır. Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün yaradılmış təhsil qrantları proqramında vyetnamlı gənclərin də iştirak imkanlarının olması Azərbaycanın təhsil diplomatiyasına verdiyi önəmin göstəricisidir. Belə imkanlar gənclər arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə yanaşı, gələcəkdə iki ölkə arasında yeni əməkdaşlıq təşəbbüslərinin yaranmasına da şərait yaradır.

Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi