Azad Kəlbəcər: milli birlik və həmrəyliyin tarixi nəticəsi

Azad Kəlbəcər: milli birlik və həmrəyliyin tarixi nəticəsi

 

Elşən Alıyev

YAP Daşkəsən rayon təşkilatının sədr müavini

25 noyabr – Kəlbəcər şəhəri günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi Zəfərin təcəssümüdür. Bu əlamətdar tarix qədim yurdumuzun işğaldan azad olunmasını, uzun illər doğma torpaq həsrəti ilə yaşayan kəlbəcərlilərin Vətənə qayıdış arzusunun gerçəkləşməsini ifadə edir.

Kəlbəcər Azərbaycanın zəngin tarixi-mədəni irsi, əlverişli strateji mövqeyi və misilsiz təbii sərvətləri ilə seçilən məkanlarımızdandır. Ərazidə aşkar edilmiş qədim yaşayış məskənləri, qayaüstü təsvirlər, mağaralar və tarixi abidələr bu diyarın minilliklərə söykənən keçmişindən xəbər verir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər həm də meşələri, mineral su mənbələri və turizm imkanları ilə mühüm iqtisadi potensiala malikdir.

1930-cu ildə inzibati rayon statusu almış Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü, minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu. Rayonun tarixi-mədəni abidələri, sosial infrastrukturu və iqtisadi sərvətləri dağıdıldı, talan edildi. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılması tələb olunsa da, Ermənistan bu tələbi yerinə yetirmədi.

Azərbaycan dövləti isə ərazi bütövlüyünün bərpası məqsədindən heç vaxt geri çəkilmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və iqtisadi inkişaf strategiyası tarixi Qələbənin əsasını formalaşdırdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlar Kəlbəcərin azad olunması üçün də mühüm hərbi-strateji zəmin yaratdı.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər Azərbaycana qaytarıldı. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Kəlbəcərin azad edilməsi Azərbaycanın hərbi qüdrətinin, siyasi iradəsinin və diplomatik məharətinin mühüm nəticəsi oldu. Rayonun azadlığı uğrunda döyüşlərdə iştirak etmiş 9455 hərbi qulluqçunun “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi dövlətimizin qəhrəmanlara verdiyi yüksək qiymətin ifadəsidir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 25-i Kəlbəcər şəhəri günü elan edildi.

Hazırda Kəlbəcər genişmiqyaslı bərpa və quruculuq mərhələsini yaşayır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, ərazinin təxminən 290 hektara, əhalinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir yaşayış binalarının, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, mədəniyyət və sosial obyektlərin inşası şəhərin gələcək inkişafının əsas istiqamətlərindəndir. Yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması da xüsusi diqqət mərkəzindədir.

Bölgənin inkişafında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi mühüm əhəmiyyət daşıyır. Uzunluğu 82 kilometr olan yol üzərində beş tunelin inşası nəzərdə tutulub. Onlardan 11,7 kilometrlik Murovdağ tuneli mürəkkəb dağlıq ərazidə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından mühüm mühəndislik layihəsidir. Bu yol Kəlbəcərin turizm, iqtisadiyyat və nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərdə məskunlaşma prosesi də davam edir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də rayona səfəri çərçivəsində köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etməsi bu istiqamətdə mühüm hadisə oldu. Rayonda 162 ailənin, ümumilikdə 681 nəfərin məskunlaşması doğma yurda qayıdışın ardıcıl xarakter aldığının göstəricisidir.

Kəlbəcərin zəngin mineral su ehtiyatları, xüsusilə İstisu, dağ turizmi, kənd təsərrüfatı və heyvandarlıq sahələri bölgənin gələcək iqtisadi inkişafı üçün geniş imkanlar yaradır. Bu potensialın reallaşdırılması yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və əhalinin rifahının yüksəlməsinə xidmət edəcək.

25 noyabr – Kəlbəcər şəhəri günü xalqımızın birliyinin, qəhrəmanlığının və dövlətimizin gücünün rəmzidir. Bu gün qədim diyarımız işğalın ağır izlərini geridə qoyaraq yenidən qurulur, sakinlərini doğma ocaqlarına qovuşdurur. Kəlbəcərin dirçəlişi Azərbaycanın qalib dövlət kimi yeni inkişaf mərhələsinin və tarixi Zəfərinin davamıdır.