Qarabağın qapısı kimi tanınan Ağdam şəhəri zəngin tarixi, özünəməxsus mədəni irsi və qədim dövlətçilik ənənələri ilə Azərbaycanın ən mühüm mədəniyyət və iqtisadi mərkəzlərindən biri olmuşdur. XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən ağ daşdan tikilmiş imarətin adı ilə bağlı olaraq "Ağdam" adlandırılan bu qədim diyar əsrlər boyu muğam sənətinin, aşıq yaradıcılığının, ədəbiyyatın və incəsənətin beşiyi kimi şöhrət qazanmışdır. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları və zəhmətkeş insanları sayəsində Ağdam həm də Qarabağ bölgəsinin mühüm kənd təsərrüfatı, sənaye və ticarət qovşağına çevrilmiş, yetişdirdiyi görkəmli elm xadimləri, sənətkarları və ziyalıları ilə ölkəmizin ictimai-mədəni həyatına misilsiz töhfələr vermişdir.
Lakin XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz nəticəsində əsrlər boyu zəngin tarixi-mədəni irs formalaşdırmış bu qədim diyar ağır faciələrlə üzləşdi. Bir neçə il ərzində qəhrəmancasına müdafiə olunan, minlərlə şəhid verən Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Bu işğal təkcə bir şəhərin deyil, bütövlükdə böyük bir mədəniyyət mərkəzinin məhvinə yönəlmiş vandalizm aktı idi. Yüz minlərlə dinc sakin öz doğma yurd-yuvasından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məhkum edildi, şəhərin əsrlərin yadigarı olan tarixi-memarlıq abidələri, nadir eksponatlarla zəngin muzeyləri, qədim məscidləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, bütövlükdə bütün infrastrukturu amansızlıqla talan edilərək yerlə-yeksan olundu. Bir vaxtlar bölgənin ən abad və canlı şəhərlərindən biri olan Ağdam işğal dövründə xarabalığa çevrilərək dünya miqyasında "Qafqazın Xirosiması" kimi tanındı.
Məhz həmin ağır və taleyüklü dövrdə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Ağdamın və bütün Qarabağın taleyini öz siyasətinin əsas prioritetinə çevirdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində cəbhədə atəşkəsə nail olundu, ölkədə ictimai-siyasi sabitlik bərpa edildi və doğma yurdlarından didərgin düşmüş ağdamlıların sosial müdafiəsinin gücləndirilməsi, onlar üçün yeni qəsəbələrin salınması istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev keçirdiyi bütün beynəlxalq görüşlərdə, mötəbər tribunalarda Ermənistanın işğalçılıq siyasətini, Ağdamda törədilən dağıntıları və insanlıq əleyhinə cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün möhkəm diplomatik zəmin formalaşdırdı. Ulu Öndərin Ağdam sakinləri ilə görüşləri, onlara göstərdiyi xüsusi diqqət və qayğı insanların sabaha olan inamını qoruyub saxladı, doğma torpaqlara qayıdış əzmini daim canlı tutdu.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu qətiyyətlə və uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının əsrlik həsrətinə son qoyaraq tarixi Qələbə ilə başa çatdı. Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıq, sarsılmaz iradə və strateji üstünlük nəticəsində düşmən kapitulyasiya aktını – 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Həmin Bəyanatın müddəalarına əsasən, 2020-ci il noyabrın 20-də bir güllə belə atılmadan, əlavə itki və şəhid verilmədən Ağdam rayonu işğaldan azad edildi. Ağdamın azad olunması dövlətimizin həm döyüş meydanında, həm də diplomatik masada qazandığı möhtəşəm zəfərin, Prezident İlham Əliyevin dəmir iradəsinin və uzaqgörən siyasətinin parlaq təntənəsinə çevrildi.
İşğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər edərək şəhərdə dövlət bayrağımızı ucaltdılar və mövcud dağıntıları yerindəcə nəzərdən keçirdilər. Məhz bu tarixi zəfərin və azadlıq salnaməsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" mühüm Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunmağa başlandı. Bu əlamətdar gün təkcə bir şəhərin işğaldan azad olunması tarixi deyil, həm də xalqımızın milli qürurunun, əyilməz ruhunun və doğma torpaqlara əbədi qayıdışının rəmzidir.
Bu gün Prezident İlham Əliyevin birbaşa nəzarəti, diqqəti və rəhbərliyi altında Ağdamda misli görünməmiş bərpa və quruculuq işləri həyata keçirilir. Təsdiq edilmiş Baş plana uyğun olaraq, Ağdam tamamilə yenidən, müasir şəhərsalma standartlarına və "ağıllı şəhər" konsepsiyasına əsaslanaraq qurulur. Şəhərdə geniş yol-nəqliyyat infrastrukturu yaradılır, yeni yaşayış massivləri, məktəblər, xəstəxanalar, sənaye parkları inşa edilir, eyni zamanda Pənahəli xanın sarayı, Cümə məscidi, İmarət kompleksi və digər tarixi-dini abidələrimiz bərpa olunaraq öz əvvəlki əzəmətinə qaytarılır. Böyük Qayıdış proqramı çərçivəsində artıq ağdamlıların doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin edilir və bir vaxtlar xarabalığa çevrilmiş Ağdam bu gün yenidən dirçələrək Qarabağın ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilir.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı