Azərbaycan xalqının müasir tarixində bu gün - 25 Noyabr tarixi xüsusi əhəmiyyəti olan bir gündür.Məhz bu gün Kəlbəcər erməni işğalından azad edilib. Bu tarix xalqımızın uzun illər davam edən torpaq həsrətinin sona çatmasını, tarixi ədalətin bərpasını, milli birliyin və dövlətimizin gücünün təntənəsini özündə əks etdirir. Kəlbəcərin azadlığı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin və Azərbaycan Ordusunun qəhrəmanlığının mühüm nəticələrindən biridir.
Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik diyarlarından biridir. Uca dağları, sıx meşələri, şəfalı mineral suları, zəngin təbii sərvətləri və tarixi abidələri ilə seçilən bu torpaq xalqımızın milli-mənəvi yaddaşında xüsusi yer tutur. Lakin, 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi minlərlə insanın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu. Uzun illər ərzində kəlbəcərlilər öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasi iradəsi və Müzəffər Ali Baş Komandan kimi həyata keçirdiyi rəhbərlik nəticəsində Azərbaycan Ordusu tarixi Qələbə qazandı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı.
Həmin gün Prezident cənab İlham Əliyev Azərbaycan xalqına müraciət edərək belə bildirdi: “Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.” Dövlət başçısının bu sözləri illərlə doğma yurdunun həsrəti ilə yaşayan kəlbəcərlilərin sevincini, bütövlükdə xalqımızın qürurunu ifadə edirdi.
Möhtərəm Prezident cənab İlham Əliyevin Kəlbəcərin azad olunmasından sonra rayona səfəri də tarixi hadisə kimi yadda qaldı. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və çıxışında bu torpaqlarda Azərbaycan xalqının əbədi yaşayacağını vurğuladı. Bu səfər Kəlbəcərin gələcək inkişafı və yenidən qurulması istiqamətində mühüm mərhələnin başlanğıcı oldu.
31 iyul 2023-cü ildə Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir. Bu qərar tarixi hadisənin əbədiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərin Vətən tarixindən məlumatlandırılması baxımından böyük əhəmiyyət daşıyır.
Kəlbəcərin yenidən qurulması təkcə dağıdılmış binaların bərpası deyil, həm də insanların doğma ocaqlarına qayıtması, ailələrin yenidən öz yurdlarında məskunlaşması, milli-mədəni irsimizin qorunması deməkdir. Bu proses Azərbaycanın gələcək inkişafına, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə xalqımız Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığını bildirir. Bu əlamətdar gün bir daha sübut edir ki, milli birlik, dövlətçilik ənənələrinə sədaqət və Vətən sevgisi xalqımızın ən böyük mənəvi sərvətlərindəndir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini