Riyaziyyatdan əvvəl, fizikadan sonra, kimyanın içində hissetmə gücünə malikdir.
Axı Nəsimi də deyirdi: “Zərrə mənəm...”
Bir halda ki, sözə Əzəl, Əbədi və sair adlar qoşuruq, həm də onun vasitəsilə bu qədər suala cavab axtarıb tapmağa can atırıq, hələ də tapa bilmədiyimiz həqiqətləri məhz sözlə vəsf edirik, deməli, sözün də tərkibində aşkar edə bilmədiyimiz sirlər var...
Necə ki, bu günlərdə Avropa Atom Araşdırmaları Təşkilatının məlumatına görə, qırx ildən də çox bir müddətdən sonra dünya alimləri birlikdə Böyük Adron Kollayderində alt kvark və antikvarkdan ibarət olan “Bd” hissəciyinin bir cüt muon və antimuona çevrilməsini qeydə alıblar. Bunu sadə dildə izah etsək, belə alınar: daha bir zərrəcik tutmuşuq, o, bizdən gizlənmək istəsə də, sirrini açmışıq. O zərrəcik atomdan yüz milyard dəfə kiçik olan, ölçüləri “zeptometr” termini ilə ifadə edilən mikroskopik aləmi təsvir edir. Yəni tam kəşf edilməmiş, lakin tamamilə yeni elementar hissəciklərin və təbiət qüvvəsinin gizləndiyi ultrakiçik miqyasların qapısını döymüşük. Bizi oraya buraxacaqlarmı? Söz yox, gəlib bu yerlərə çatmışıqsa, qapını açacaqlar, amma ondan sonra elə bu nadinc, “xətakar” zərrəciklər bəlkə də bizə daha yeni qırx qapı göstərəcəklər ki, onları da açmağa çalışacağıq. Beləcə, biz zərrəciyə, zərrəcik isə bizə çevrilincə yol gedəcəyik. O mənada ki, biz də zərrəciyik, amma onun sürətinə və aləminə qoşulma anımız hələ çox uzaqdadır, həm də qaçılmazdır.
Onu da xüsusi qeyd etməliyik ki, bu işi başa çatdırmaq üçün Böyük Adron Kollayderində xüsusi mühit yaradılıb, milyardlarla vəsait xərclənib. Necə deyərlər, alimlər qırx il ərzində usanmadan kvark ovuna çıxıblar. Lakin o zərrəciklərin daha kiçik zərrəciklərə bölünməsini (çevrilməsini) tutmaq (qeydə almaq) üçün yeni dedektorlar, robot (maşın) və Sİ (Süni İntellekt) lazım olub.
Nəsimi “Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam” deyərkən, görəsən, hansı məkan və hansı zaman içrə idi? Axı kollayderdəki Sİ kvarkı ovlamaq üçün həm də alimlərə mane olan fon səs-küyünü süzgəcdən keçirib onun öz səsini aşkar edə bilmişdi.
Bəlkə, o da özünə elə-belə Nəsimi deməmişdi? Bəlkə, susarkən, məhz o səni eşitmişdi?
Məqsəd Nur