Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !
Sənsən Azadlıq eşqim, sənsən Hürr,-
deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !
DƏN DAŞI
Gedəsən dünyanın axırınacan,
bir misra xətrinə ölüb gedəsən.
Qaçıb adamından naxırınacan
izini, tozunu silib gedəsən...
Səhərin zərində üzən lək kimi,
düzəsən sətrinə gül adlarını.
Tikana sancılan kəpənək kimi
meh döyə şeirinin qanadlarını.
Yemşan çiçəyində iynə gəzəsən,
tel-tel ləçəklənə arı köynəyi.
Buludlar içindən ayı süzəsən
yarpaqlar içindən sarıköynəyi...
Alasan könlünü şehli nərgizin,
bənövşə ovlaya hər kolda səni.
Coşa yamacların yovşan dənizi
yuyub dalğa-dalğa durulda səni.
... Üyütmə bu dərdi,
dən daşı çəkməz,
dərdini quzu tək qırpıb gedəsən.
Bu mizan-tərəzi mən daşı çəkməz
özünü daşlara çırpıb gedəsən...
Gedəsən, hər şeyi yarımçıq qoyub,
bir təbiət ola,
bir də bu ürək.
Dünyanın sonuna alaçıq qoyub
İşini qurasan qarışqalar tək...
QUM ZƏMİSİ
Bu gün kitabımın birini satdım,
Bir kilo ət aldım balalarıma.
Bu gün də başımı şeirlə qatdım
Qafiyə tapmadım bəlalarıma ...
Seyr edib Qubanı Qız bənövşədən
Çırpdım ürəyimi qəm zəmisinə.
Çırpıldı kirayə çadırdan Vətən,-
Kirayə evimin zirzəmisinə.
Söz inad şumunda şişir dən kimi,
Dərddi misra-misra düzdüyüm mənim.
Yağış yaşıllığı çürüdən kimi
Çürüdür ömrümü düzlüyüm mənim.
Sığışmaz hər simə mən ötdüyüm səs,
Səs səsdən keçirər,
sim simdən məni.
Şahların şahı da ayıra bilməz
Gözəllər gözəli dərdimdən məni.
Doyub alın yazım alın tərimdən,
Qarası ağıyla qoşa tökülür.
Asmışam Vətəni kirpiklərimdən
Gözümdən Xocalı, Şuşa tökülür...
Hər giley oxunmaz üzümdən indi,
Yaşınmaz yaz ömrün qızıl günləri.
Boylanır şehlənən gözümdən indi
Kədərin Füzuli qızılgülləri!..
Bu gün kitabımın birini satdım,
Bir kilo ət aldım balalarıma.
Bu gün də başımı şeirlə qatdım
Qafiyə tapmadım bəlalarıma ...
MƏN KƏNDDƏN ÇIXANDA
GECƏ YARIYDI
Mən kənddən çıxanda gecə yarıydı,
Söyüdlər yol üstdə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Sinəmdən süzülüb sellənirdilər.
Enib dərələrin, düzlərin üstə
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.
Mehlə sığallanıb nazilən otlar
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar
Torpaqdan yapışıb dikəlirdilər.
Qönçələr çəmənə pıçıltı salıb
Yuxulu-yuxulu çiçəkləyirdi.
Yumru evlərini çiyninə alıb
İlbizlər izimlə iməkləyirdi.
Gedirdim, gecənin haysız-haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız
Hələ yuxusundan oyanmamışdı...
Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı -
Uyuyub qalmışdı güllərin üstə ...
ANAMA
Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanası, anam.
Sənsən gülşənimin qəm bənövşəsi
Sənsən göz yaşımın sonası, anam.
Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası, anam...
Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevməyən kim varsa canı sağ olsun
Məni sevənlərin anası, anam...
QURUDUB GÖNDƏRMƏ
BƏNÖVŞƏLƏR?
Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.
Çatmadım bu il də yaza bilirəm,
Darıxa bilirəm, susa bilirəm,
Özüm quruyanda dözə bilirəm
Qurudub göndərmə bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla
Qurudub göndərmə bənövşələri.
GECƏLƏR DAĞLARA
BAXA BİLMİRƏM
Bu qışın qarını duman əritdi,
Əritdi, özü də yaman əritdi...
Bu qış da ürəyim güman əritdi,
Gecələr dağlara baxa bilmirəm...
Üstümə qayalar, dağlar sürüşür,
Dağları bağlayan tağlar sürüşür,
Bulaqlar sürüşür, -
ağlar sürüşür,
Gecələr dağlara baxa bilmirəm...
Bu Araz, bu da ki, Samur dağları,
Bürüyüb yamyaşıl mamır dağları,
Dağ çəkir sinəmə çadır dağları,
Gecələr dağlara baxa bilmirəm.
Üzülür ağrıdan Ağrının canı,
Gözümdən tökülür Murovun qanı,
Şuşanın dağları kəsir aranı,
Gecələr dağlara baxa bilmirəm.
Qaldırın üstümə uçan dağları,
Uçunur Kəlbəcər, Laçın dağları,
O mənfur buxovdan açın dağları,
Gecələr dağlara baxa bilmirəm.
Bir mehəm, Mehrinin mehrinə acam,
Dərbəndin dumanı dağılar haçan,
Şahəm Şah düzündən Şah dağınacan...
Gecələr dağlara baxa bilmirəm.
Dağdan da ağırdır daş tənhalığı,
Ürək tənhalığı, baş tənhalığı.
Asılıb zirvədən qış tənhalığı
Gecələr dağlara baxa bilmirəm...
Yaz qarı bir daşın donqarı üstə,
İzim yox bu yazın son qarı üstə,
Dərd yağır dərdimin yonqarı üstə,
Gecələr dağlara baxa bilmirəm...
DÜNYA KÖKDƏN DÜŞÜB
Dünya kökdən düşüb, Zakir əfəndi,
Dünyanın simləri yerində deyil.
Kim kimi kökləyir,
kim kimi qırır,-
Kimin də kimləri yerində deyil...
Yuyulmaz Qəzzada hərbin əlləri,
ABŞ-ın lilləri, Qərbin lilləri...
Batıb Suriyada haqqın zilləri
İraqda bəmləri yerində deyil...
Kimdi saya salan türk çabasını,
Səriblər üstünə fars libasını,
Pozdular ərəbin əlifbasını,
“Mim”ləri, “Cim”ləri yerində deyil...
Hər körpə qəbrində can havası var,
Qisas havası var,
qan havası var,
Qiyamət adında son havası var,-
Sonun iqlimləri yerində deyil.
Şərt kəsmir bu şumlar,
bu yabalıqlar,
Oynadır ümmanı xırda balıqlar,
Yer-yerdən böyüyür xarabalıqlar
Göyün təlimləri yerində deyil...
Dünya kökdən düşüb, Zakir əfəndi,
Dünyanın simləri yerində deyil.
QAYTARIN YERİNƏ DAR AĞACINI
Qaytarın yerinə dar ağacını,
Çadır ağacından bezmişəm daha,
Abır ağacından bezmişəm daha,
Səbir ağacından bezmişəm daha...
Yaşı çoxdan ötüb bu çadırların,
Dirəyə söykənən daşı ağarıb.
Yaşı çoxdan ötüb bu abırların
Ayaqda, ətəkdə başı ağarıb.
Yaşdı bu torpağın çadır bələyi,
Ahıl yaşındadı çadırlar indi.
Ovutmur ruhumu abır küləyi
Boşuna ulayır abırlar indi...
Içində gizləyir qoca sirrləri,
Cavan gizləməkdən bezib çadırlar.
Döyüşdən, savaşdan kənar yerləri
Utana-utana gəzib çadırlar.
Silahlar çadırda gecələyirlər,
Günahlar çadırda gecələyirlər,
Sabahlar çadırda gecələyirlər,
Səbir ağasından bezmişəm daha...
Yolumda çadırla ölüb bu dünya,
Üzümə çadırla gülüb bu dünya,
Qədrimi çadırla bilib bu dünya
Qədir ağacından bezmişəm daha...
Üstümdə çadırla əsib bu dünya,
Yazımı çadırla yazıb bu dünya,
Qəbrimi çadırla qazıb bu dünya
Qəbir ağacından bezmişəm daha...
Səngər yox bu boyda səhmin içində,
Zəfər yox bu boyda zəhmin içində,
Fərəh yox bu boyda fəhmin içində,
Kəsər yox bu boyda rəhmin içində
Xətir ağacından bezmişəm daha...
Qaytarın yerinə dar ağacını,
Çadır ağacından bezmişəm daha...
Qaytarın yerinə dar ağacını
Abır ağacından bezmişəm daha...
İftira yuvası, yalan yuvası,
Əsarət yuvası, talan yuvası,
Bu ağ sarayların, boz sarayların,
Qotur ağacından bezmişəm daha...
Əyri harayların, düz harayların
Çopur ağacından bezmişəm daha...
... Dilimdə bir cahad şeiri oynayır,
Köksümdə bir güllə yeri oynayır,
Abır ağacından bezmişəm daha...
Səbir ağasından bezmişəm daha...
Çadır ağacından bezmişəm daha...
Qaytarın yerinə dar ağacını...
Ramiz Qusarçaylı