Nardar
“Azərbaycan Ordusu tərəfindən Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsini zəruri edən bir çox səbəblər oldu. Faktiki olaraq, separatçılar erməni sakinlərin Azərbaycana reinteqrasiyasına imkan vermirdilər, təxribatlar törədirdilər. Eləcə də Xankəndinin özündə təxribatlar oldu, süni “humanitar fəlakət” şouları yaradıldı. Faktiki olaraq, ölkəmizin ərazisində Ermənistan silahlı qüvvələrinin 10 min nəfərə yaxın hərbçisi var idi. Bütün bunlar dözülməz bir hal idi. Nəhayət, dövlətimiz antiterror tədbirləri haqqında qərar verdi. Belə bir vəziyyətdə bütün cəmiyyətimiz vahid mövqedən çıxış etməlidir”. Bu fikirləri isə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev yeniazerbaycan.com-a deyib.
Partiya sədri qeyd edib ki, bu məsələ ilə bağlı ölkənin siyasi partiyaları vahid mövqedən çıxış edərək dəstək bəyanatı imzalayıblar: “Ancaq AXCP, Müsavat və ReAl partiyaları istisna təşkil edir. Bu da onunla bağlıdır ki, anti-Azərbaycan qüvvələr ölkəmizdə onların maraqlarına uyğun fəaliyyət göstərən siyasi qüvvələrlə əməkdaşlığa üstünlük verirlər. Yeri gələndə, onları istiqamətləndirirlər, onlardan istifadə edirlər. Konkret indiki halda siyasi partiyaların birgə əməkdaşlığına imza atmamaq Azərbaycanın kürəyinə vurulan xəncərdir. Bu, 3 siyasi partiyanın xəyanəti kimi qiymətləndirilməlidir. Onların bu əməlləri qətiyyətlə pislənilməlidir”.
Elşad Musayevin fikrincə, Azərbaycan cəmiyyəti bilməlidir ki, ölkənin milli qüvvələri kimdir, demokratik qüvvələri kimdir, Azərbaycanın çörəyini yeyib, suyunu içən və dar gündə Azərbaycana arxa çevirən qüvvələr kimlərdir: “Hesab edirəm ki, AXCP, Müsavat və ReAl partiyalarının tutduğu mövqe xəyanətdən başqa bir şey deyil və biz bu mövqeyi qətiyyətlə pisləyirik”.