Son zamanlar artmaqda olan boşanmalar zamanı problemli məsələlərdən biri də uşaqların hansı valideyninin yanında qalması məsələsidir. Hüquqşünas Vüqar Tumasov bu barədə "Yeni Azərbaycan"-a açıqlamasında deyib:
"Boşanma zamanı əksər hallarda uşaq ana ilə qalır. 7 yaşından artıq uşaqların fikri soruşulur, amma 10 yaşından sonra uşaqların fikri nəzərə alınır. Əgər ana narkomaniyadan, alkoqolizmdən əziyyət çəkirsə, psixi xəstəliyə yoluxmuşsa, ağır xəstəliyi varsa uşaq bu hallarda anadan alınır və ataya verilir" - deyə V.Tumasov deyib.
O, eyni zamanda bildirib ki, ana uşaqlara qarşı psixi və fiziki zor tətbiq edərsə birmənalı olaraq uşaq anadan alınır və burada psixoloji ekspertlərin və İcra hakimiyyətinin, qəyyum rəyi nəzərə alınır: "Aliment borcu verilmədikdə şəxsin məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi sayılır və bununla bağlı qanunvericilikdə o, inzibati məsuliyyət daşıyır. İlk olaraq İnzibati Xətalar məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyət nəzərdə tutulur. Alimentin ödənilməsi mümkün olmazsa, artıq aliment ödəməyən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başladılır və o, həmin maddənin sanksiyası nəzərdə tutulmuş cəza ilə cəzalandırılır.
Əgər şəxs Azərbaycan Respublikasının vətəndaşı olub, xarici ölkədə yaşayırsa, onun barəsində axtarış elan olunur və məcburi Azərbaycana gətirilməsi təmin olunur".
Hüquqşünas son olaraq onu da qeyd edib ki, valideynlərin birinin imkanının, mənzilin, maddi çətinliyinin olub olmaması, heç biri uşağın alınması üçün əsas deyil.
Havar Şəfiyeva