“2020-ci il Azərbaycan üçün uğurlu oldu. Xüsusilə də, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə tarixi nailiyyətimizdir. Qürurverici haldır ki, 2020-ci il Azərbaycanın tarixinə Zəfər ili kimi yazıldı”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev söyləyib.
Partiya sədrinin sözlərinə görə, bu möhtəşəm qələbə tarixi əhəmiyyət daşıyır: “İndi əsas hədəfimiz azad edilmiş ərazilərə böyük qayıdışı təmin etmək üçün genişmiqyaslı yenidənqurma və bərpa işləri aparmaqdır. Sözsüz ki, Azərbaycan Prezidentinin qətiyyəti və əzmi sayəsində 2021-ci il doğma Qarabağımızda quruculuq ili olacaq”.
Ölkəmizdə həyata keçirilən siyasi islahatlara da toxunan M.Ağayev deyib ki, 2020-ci ildə siyasi sahədə də böyük canlanma olub: “Siyasi partiyalarla dialoqun genişləndirilməsi, bu işdə yeni yaradılan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin səmərəli fəaliyyəti birlik və həmrəyliyin güclənməsində mühüm amil kimi çıxış etdi”.
Q.RAMAZANOV