Dublin sammiti: Azərbaycanın Avropa siyasi dialoqunda artan rolu

Son illərdə ölkəmizlə bağlı izlənilən proseslər onu deməyə əsas verir ki, Azərbaycan artıq regional aktor olmaq çərçivəsindən kənara çıxıb. Qürurverici haldır ki, bu gün respublikamız dünyada orta güc dövləti kimi qəbul olunur. Ölkəmiz özünün geniş imkanlarını təqdim etməklə və qətiyyətli siyasi iradə ortaya qoymaqla regional və qlobal əhəmiyyətli məsələlərin həllində, dünyada həmrəylik və anlaşma mühitinin formalaşmasında mühüm rol oynayır.

Belə fəal diplomatik gedişlər, məqsədyönlü şəkildə aparılan çoxvektorlu xarici siyasət kursu respublikamıza beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Diqqətçəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, respublikamızın Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurulmasına davamlı töhfələr verməsi, müxtəlif qütbləri daim bir araya gətirməyə çalışması və buna nail olması Azərbaycana həm geniş İslam coğrafiyasında, həm də Avropa İttifaqı (Aİ) məkanında böyük hörmət qazandırıb. Son vaxtlarda Prezident İlham Əliyevin bu iki fərqli qütbə aid siyasi və iqtisadi platformalara fəxri qonaq qismində dəvətlər alması bunun əyani təsdiqidir.

Bu baxımdan dövlətimizin başçısının  Avropa Siyasi Birliyinin (ASB) sammitlərində ardıcıl olaraq iştirak etməsi də diqqət çəkir. Azərbaycan Avropa İttifaqının üzvü olmasa da, ASB çərçivəsində aparılan müzakirələrə qatılır ki, bu da ölkəmizin qlobal səviyyədə nüfuzunun və rolunun artmasının əyani təsdiqidir. Son olaraq Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin bu günlərdə İrlandiyanın paytaxtı Dublində keçirilən  9-cu sammitinə qatılıb.

Qeyri-rəsmi hökumətlərarası dialoq platforması

Əsası 2022-ci ilin oktyabrında Praqada qoyulan Avropa Siyasi Birliyi Aİ-yə üzv olan və olmayan ölkələri ümumi siyasi və strateji məsələlər ətrafında birləşdirən qeyri-rəsmi hökumətlərarası dialoq platformasıdır. Onun əsas məqsədi siyasi məsləhətləşmələri genişləndirmək, ortaq çağırışlara münasibətdə əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyinə, sabitliyinə və rifahına töhfə verməkdir.

Sirr deyil ki, rəsmi platformalarda müzakirələr müəyyən çərçivələr nəzərə alınmaqla keçirilir və qəbul olunan qərarların icrası da məcburi sayılır. ASB belə çərçivələrdən və məhdudiyyətlərdən kənar bir platformadır. Qurumun mahiyyətini müəyyən edən başlıca xüsusiyyət onun qeyri-rəsmi və məşvərətçi xarakter daşımasıdır. Bu çərçivədə qurulan dialoq masalarının üstünlüyü ondadır ki, liderlər regionun gələcəyini necə görmək, ittifaq daxilində və ondan kənarda əməkdaşlığı necə inkişaf etdirməklə bağlı baxışlarını sərbəst şəkildə ortaya qoyurlar. Təbii ki, bu baxışlar ümumi məqsədə xidmət edir. Onların gələcək birgə fəaliyyətlərdə nəzərə alınması və yaxud rəsmi siyasətin hansısa bir istiqamətinə çevrilməsi ehtimalı da böyükdür. Bu formatın səmərəliliyi yeni qərar qəbuletmə strukturu yaratmaqdan daha çox, mövcud beynəlxalq mexanizmlər arasında siyasi dialoqu və qarşılıqlı anlaşmanı gücləndirmək imkanları ilə bağlıdır.

Azərbaycanın dövlət başçısının bu platformada keçirilən müzakirələrə ardıcıl olaraq dəvətlər alması bir tərəfdən Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri, digər tərəfdən isə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə olması ilə bağlıdır. Respublikamız Aİ-nin üzvü olmasa da, ikitərəfli siyasi dialoq, həmçinin iqtisadi tərəfdaşlıq güclü dinamikaya malikdir. Prezident İlham Əliyev Aİ rəsmiləri ilə Bakıda, Brüsseldə və digər paytaxtlarda müntəzəm görüşlər keçirir və qarşılıqlı əməkdaşlıqla bağlı aktual müzakirələr aparır. İndiki gərgin geosiyasi və geoiqtisadi vəziyyətdə belə Azərbaycanın ədalətli enerji siyasətinə sadiq qalması Avropa məkanında yüksək dəyərləndirilir. Ölkəmizin Avropa üçün önəmi böyükdür. Belə ki, respublikamız həm etibarlı enerji tərəfdaşıdır, həm də müasir və şaxələndirilmiş nəql marşrutlarına malikdir. Qoca qitə zamanında Azərbaycan rəhbərliyinin qətiyyətli siyasi iradəsi əsasında qurulan bu nəql infrastrukturu ilə eyni zamanda Mərkəzi Asiyanın resurslarına çıxış imkanı qazanıb. Beləliklə, Azərbaycan vasitəsilə Avropanın yeni enerji xəritəsi formalaşmaqdadır. Respublikamız həmçinin son dərəcə əlverişli coğrafi mövqeyi ilə Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Azərbaycan son illərdə qurduğu müasir nəqliyyat-logistika şəbəkəsi ilə - bura dəniz limanları, güclü donanma, avtomobil və dəmir yolları, hava nəqliyyatı və s. daxildir - Avropaya geniş bağlantı imkanları təqdim edir. 

Digər bir önəmli cəhət isə ondan ibarətdir ki, Azərbaycan indiyədək Aİ-də təmsil olunan 10 dövlətlə strateji tərəfdaşlıq münasibətləri qurub. Bu münasibətlər ikitərəfli platformalar vasitəsilə uğurla inkişaf etdirilir və tərəflər bundan böyük fayda götürürlər.

Praqadan Dublinədək keçilən yol

Avropa Siyasi Birliyi çərçivəsində ilk dialoq  masası 2022-ci ilin 6 oktyabr tarixində Çexiyanın Praqa şəhərində qurulub. Bu, qoca qitənin zəngin ənənələrə malik siyasət tarixində bir başlanğıc idi. Həmin müzakirələrin Azərbaycan üçün xüsusi önəmi ondan ibarətdir ki, məhz bu masada respublikamızın keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi öz təsdiqini tapdı. Prezident İlham Əliyevin düzgün hesablanmış diplomatik gedişləri sayəsində Ermənistan ölkəmizin ərazi bütövlüyünü (1991-ci ildə qəbul edilmiş Alma-Ata bəyannaməsinə istinadla) tanıdı və Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul etdi. Bu, bütövlükdə Cənubi Qafqaz üçün ciddi təhdidlər yaradan otuz illik münaqişənin tarixində bir dönüş nöqtəsi, ermənilərin “miatsum” xülyalarının suya düşüb əriməsi demək  idi. Bizim üçün mühüm əhəmiyyət daşıyan ərazi bütövlüyü məsələsi Avropanın aparıcı dövlətlərinin və siyasi institutlarının rəhbərlərinin iştirakı ilə müzakirə edildi. Dördtərəfli görüşün sonunda qəbul edilən bəyannamədə ərazi bütövlüyü məsələsi bir daha təsdiqləndi. Bu, 44 günlük müharibənin nəticələrinə əsasən yaranan yeni reallıqların Avropa platformasında da qəbul edilməsi demək idi. Halbuki həmin tarixədək bəzi  Avropa paytaxtlarında və institutlarında Azərbaycanın ərazi bütövlüyü məsələsi, müharibənin nəticələri heç bir hüquqi əsas olmadan mübahisələndirilirdi və ölkəmiz ədalətsiz şəkildə qınaq obyektinə çevrilirdi. Praqa sammiti belə ədalətsiz və selektiv yanaşmalara birdəfəlik son qoydu.

Prezident İlham Əliyevin Praqadakı diplomatik zəfəri bununla bitmir. Xatırlayaq ki, o dövrdə  Aİ-nin müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi məsələsi gündəmə gətirilmişdi. Dövlətimizin başçısı müzakirələrdə qətiyyətli siyasi iradə ortaya qoymaqla buna qarşı çıxdı və missiya sadəcə Ermənistan ərazisinə yerləşdirildi. İndiyədək də bu missiyanın nə işlə məşğul olduğu bəlli deyil. 

ASB-nin 2023-cü ildə Moldovada keçirilən ikinci sammitində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması məsələləri müzakirə edildi. Eyni ilin oktyabr ayında Qranadada keçirilən sammitdə Prezident İlham Əliyevin iştirak etməməsi Azərbaycanın mövqeyinin açıq şəkildə ifadəsi idi. Praqa sammitində qəbul olunan bəyannaməyə baxmayaraq,  Fransa hələ də Ermənistana tərəfkeşlik edirdi. Eyni zamanda, qardaş Türkiyə sammitə dəvət almamışdı. Məhz bu kimi adekvat olmayan davranışlar da Azərbaycanın öz mövqeyini açıq şəkildə ortaya qoymasına və tədbirə qatılmamaq qərarı verməsinə əsas oldu. Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edən bir dövlətdir. Ölkəmiz hər zaman müstəqillik və suverenlik prisiplərindən çıxış edir. Hansısa vədlərlə və təzyiq cəhdləri ilə Azərbaycanı öz prinsiplərindən döndərmək əsla mümkün deyil.

2024-cü ildə İngiltərədə keçirilən sammitdə artıq Azərbaycanla Avropa arasında iqtisadi və enerji müzakirələri ön plana çıxdı. Dünyada baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi, beynəlxalq marşrutlardakı ləngimələr və əngəllər Avropanı enerji mənbələrini şaxələndirməyə vadar edirdi. Belə bir dövrdə Azərbaycan Avropanın kəskin ehtiyaclarını qarşılamağa töhfə vermək imkanlarına malik olan azsaylı ölkələrdən biri idi.

2025-ci ildə Tiranada keçirilən sammitdə Aİ rəhbərliyi 2026-cı ilin may ayında sammitin Ermənistanda keçirilməsi təklifi ilə bağlı Prezident İlham Əliyevin fikrini öyrəndi və  dövlətimizin başçısı bu təklifi dəstəklədi. Bununla da  Azərbaycanın 2028-ci ildə ASB sammitinə ev sahibliyi edəcəyi ilə bağlı qarşılıqlı razılaşmanın əsası qoyuldu.

2026-cı il mayın 4-də İrəvanda keçirilən səkkizinci sammitdə Prezident İlham Əliyev videobağlantı formatında çıxış edərək Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesinin təfərrüatlarını açıqladı. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə iki ölkə arasında yekun sülh sazişinin paraflanmasından sonra regiona real sülh gəlib. Artıq şərti sərhədlərdə atəş səsləri eşidilmir. Azərbaycan sülhə sadiqliyinə əlavə dəstək olaraq öz ərazisindən Ermənistana üçüncü dövlətlərin yüklərinin daşınmasına imkan yaradıb, eyni zamanda bu ölkəyə strateji əhəmiyyətli enerji məhsullarının ixracına başlayıb. Bütün bunlar Azərbaycanın niyyətini ifadə edir. Müharibə başa çatandan sonra sülh təşəbbüsü ilə çıxış edən tərəf məhz qalib Azərbaycan olub, sonrakı mərhələdə proses yenə də Prezident İlham Əliyevin davamlı səyləri ilə məntiqi sonluğa doğru irəliləyib.

Çox doğru olaraq ASB-nin 2026-cı ilin 12 noyabr tarixində İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən sayca 9-cu sammiti Azərbaycan - Avropa münasibətlərində keyfiyyətcə yeni bir mərhələyə keçid kimi dəyərləndirilir. Bu dəfə “Güclü, təhlükəsiz və əlaqəli Avropa” devizi sammitin mövzusu seçilib. Gündəlikdə qitənin təhlükəsizlik problemləri, iqtisadi rəqabətqabiliyyətliliyi, innovasiya, enerji və nəqliyyat bağlantıları yer alıb. Bu platformanın əsas üstünlüyü Aİ üzvləri ilə yanaşı, digər Avropa ölkələrini də əhatə etməsidir. Azərbaycan bu platformaya qoşulmaqla öz həqiqətlərini beynəlxalq birliyin diqqətinə çatdırmaq üçün yeni imkanlar qazanır. Dublin sammitinin ölkəmiz üçün önəmi həm də ondan ibarətdir ki, tədbirdə Azərbaycanın 2028-ci ildə ASB-nin növbəti sammitinə ev sahibliyi edəcəyi bir daha təsdiqlənib.

Eyni zamanda, bu platforma çərçivəsində  Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan Dublin sammiti də istisnalıq təşkil etməyib. Avropa liderləri Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəklərini növbəti dəfə təsdiqləyib, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşdən sonra əldə olunmuş əhəmiyyətli irəliləyişi qeyd edib, iki ölkə xalqlarının və bütün regionun maraqları naminə münasibətlərin normallaşdırılması istiqamətində səyləri davam etdirməyə çağırıblar.

Azərbaycan yenə də diqqət mərkəzində olub

Əvvəlki tədbirlərdə olduğu kimi, Dublin sammitində də Azərbaycan diqqət mərkəzində olub. Bunu Prezident İlham Əliyevin qarşı tərəflərin istəyi ilə ayrı-ayrı dövlətlərin yüksəksəviyyəli rəsmiləri ilə çoxsaylı görüşlərə qatılması bir daha təsdiqləyir. Dövlətimizin başçısı noyabrın 12-də Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. Görüşdə Prezident İlham Əliyev münasibətlərimizin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini deyib və əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.

Dövlət başçıları ikitərəfli müzakirələrə əsaslanaraq, strateji tərəfdaşlığımızın dərinləşdirilməsinə, əsas enerji və bağlantı layihələrinin irəlilədilməsinə, həmçinin ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar. Liderlər bir-birini qarşılıqlı səfərlərə dəvət ediblər.

Görüşdə Azərbaycanın Rumıniya üçün və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğu vurğulanıb. Enerji sahəsində mövcud əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib. Xəzər dənizini və Qara dənizi birləşdirən əməkdaşlığımızın inkişafı üçün böyük potensialın mövcudluğu qeyd edilib.

Dublində Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. Əvvəlcə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə olunub. .

Söhbət zamanı bu Bəyannamənin qəbul edilməsinin əlaqələrimizin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət etdiyi vurğulanıb.  Hətta bu sənədin qəbulundan əvvəl də Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bir daha qeyd edilib.

Prezident İlham Əliyevin Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşündə söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulanıb, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edilib.

Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Avropa İttifaqı Şurasının Prezidenti ilə görüş

Dublin sammiti çərçivəsində həmçinin Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü olub.

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, ölkəmizə səfərini xatırlayıb. O, Azərbaycan-Avropa İttifaqı dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət edib.

Prezident İlham Əliyev ölkəmizin etibarlı tərəfdaş kimi Avropanın enerji təchizatı və enerji təhlükəsizliyində oynadığı rola toxunaraq vurğulayıb ki, Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir.

Ölkəmizlə Avropa İttifaqı arasında qaz təchizatı sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi baxımından uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracı üçün əldə olunmuş razılaşma vurğulanıb.

Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı bildirilib.

Orta Dəhlizin əhəmiyyəti qeyd edilib, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dəyirmi masada verilən mesajlar

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” (“Building a competitive Europe - innovation, connectivity and affordable energy”) mövzusunda dəyirmi masada iştirak edib.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını deyib. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin roluna toxunan dövlətimizin başçısı bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd edib. Bildirib ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırıb. Dövlətimizin başçısı bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini deyib. Prezident İlham Əliyev qaz təchizatını artırmağı planlaşdırdığımızı bildirib, bu xüsusda yeni yataqların kəşf edildiyini vurğulayıb.

Dövlətimizin başçısı deyib ki, bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəməri tamamilə doludur. Prezident İlham Əliyev onu genişləndirməyin vacibliyinə toxunub, Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı bildirib.

Prezident İlham Əliyev Azərbaycanın emal müəssisələrinin ümumi istehsal həcminin 30 milyon ton olduğunu diqqətə çatdırıb.

Dialoq körpüsü - Dublindən Bakıya

Azərbaycanın regional və qlobal miqyasda artan rolu həmçinin ölkəmizin xoş niyyətdən çıxış etməklə nüfuzlu beynəlxalq təşkilatların ayrı-ayrı mühüm tədbirlərinə məmnuniyyətlə ev sahibliyi etməsi ilə şərtlənir. Son vaxtlarda respublikamız dünyada dialoq məkanı kimi çıxış edir və qlobal əhəmiyyətli məsələlərin müzakirələri məhz ölkəmizdə aparılır. Paytaxtımızda böyük uğurla baş tutan COP29-un unudulmaz irsi hazırda qlobal iqlim gündəliyinin əsasını təşkil edir. Cari ilin may ayında Bakının ev sahibliyi ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunda iştirakçılar Azərbaycanın müasir şəhərsalma təcrübəsi ilə tanış oldular. Respublikamız xüsusilə də işğal zamanı tamamilə dağıdılmış ərazilərin bərpasında böyük uğurlar qazanıb. Bu, dünya üçün də bir nümunədir.

Bu yaxınlarda - 2026-cı il oktyabrın 15-də Bakı daha bir mötəbər tədbirə -  Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına ev sahibliyi edib. Sammitdə üzv dövlətlərin dəstəyi ilə Azərbaycanın təşkilata sədrliyinin 2028-ci ilədək uzadılması ölkəmizin Asiya məkanında dialoq və etimad quruculuğuna verdiyi töhfənin göstəricisidir. Bu sədrliyin əhəmiyyəti yalnız siyasi təmsilçiliklə məhdudlaşmır. Nəqliyyat bağlantıları, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq, təhlükəsizlik və davamlı inkişaf kimi istiqamətlər Azərbaycanın Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

İslam dünyası ilə münasibətlərdə də qarşıdakı dövr mühüm hadisələrlə əlamətdar olacaq. Belə ki, 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının keçirilməsi və Azərbaycanın təşkilata sədrliyi ölkəmizə üzv dövlətlər arasında siyasi koordinasiyanın, iqtisadi və humanitar əməkdaşlığın inkişafına töhfə vermək imkanı yaradacaq. Bu, Azərbaycanın İslam dünyasındakı mövqeyinin və beynəlxalq təşəbbüslərdə iştirakının daha da genişlənməsi baxımından əhəmiyyətlidir.

Artıq Azərbaycanla Mərkəzi Asiya regionu vahid siyasi və iqtisadi məkan kimi çıxış edir. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət Görüşündə Azərbaycanın platformaya tamhüquqlu iştirakçı statusunda qoşulması barədə qərar qəbul edilib. 2026-cı il oktyabrın 8-də Türkmənbaşıda keçirilən səkkizinci görüşdə isə ölkəmizin 2027-ci ildə platformaya ilk dəfə sədrlik edəcəyi açıqlanıb. Bu qərarlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Eyni zamanda, Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin 12-ci Zirvə toplantısına ev sahibliyi edəcək.  ASB-nin Zirvə toplantısının Bakıda keçirilməsinin razılaşdırılması ölkəmizin Avropa siyasi dialoqunda artan iştirakının mühüm göstəricisidir.

Mübariz ABDULLAYEV